Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:20
Türkiyənin keçmiş prezidenti Kenan Evrenin məhkəməsi başlanıb.

94 yaşlı general 1980-ci ildəki hərbi çevrilişə görə məhkəməyə verilib.
Çevrilişə rəhbərlik etmiş Kenan Evren o vaxt baş qərargah rəisi idi.

Onunla məhkəməyə çıxarılan ikinci general - 87 yaşlı Tahsin Şahinkaya isə o vax hərbi hava qüvvələrinin komandanı idi.


Solda - Kenan Evren, sağda - Tahsin Sahinkaya

Solda - Kenan Evren, sağda - Tahsin Sahinkaya

Bu iki general xəstə olduqlarına görə məhkəmə iclasına gələ bilməyiblər.
Kenan Evrenin bu yaxınlarda bağırsağında cərrahiyyə əməliyyatı olunub. Üstəlik o, qolunu da sındırıb.

Prokurorluq bildirib ki, məhkəmədə hər iki general video ilə ifadə verə bilərdilər.

Məhkəməyə az sayda medianı buraxıblar. Məhkəmə zalında olan TRT dövlət televiziyası xəbər verir ki, məhkəməyə gələnlər isə o qədər çox olub ki, bəzi vəkillər tamaşaçı yerində oturmağa məcbur olub.
Bunu görən hakim qərar verib ki, məhkəmə iclasına daha böyük otaq verilsin.

1980-Cİ İL ÇEVRİLİŞİ


1980-ci il sentyabrın 12-də Türkiyədə adamlar səhər yuxudan durub gördülər ki, tanıdıqları bütün siyasətçilər həbs ounublar, onların bir çoxuna siyasətlə məşğul olmaq ömürlük qadağan olundu.
Siyasətlə məşğul olmaq qadağan olunanlardan biri məsələn, Süleyman Dəmirəl idi.

O vaxt 50 adam edam olundu, yarım milyon adam həbs olundu.


1980-ci ildə çevrilişdən sonra işgəncə verilənlərin portretləri Ankara məhkəməsinin qabağnda

1980-ci ildə çevrilişdən sonra işgəncə verilənlərin portretləri Ankara məhkəməsinin qabağnda



Bu günki məhkəmənin qabağına toplaşanlar “Gün gəldi. Onlardan hesab istənilir” kimi şüarlar qışqırırdılar.

Məhkəmənin qabağına ağsaçlı hərbçilərin kiçik bir qrupu da gəlmişdi.
Bunlar 1980-ci ildə hərbi çevriliş etməkdən imtina edən zabitlərdir.
O vaxt onların sayı 1020 idi. Onların hamısı ordudan qovuldu.

Onlardan biri – keçmiş leytenant Rahmi Yildirim deyir: “Bu, simvolik hadisədir. Bu iki generalı məhkəməyə çəkmək azdır. Ordunun 1020 zabitinin ordudan qovulması əmrini şəxsən Kenan Evren imzalayıb”.

Hakim islamçı AK partiyanın sözçüsü Hüseyn Çelik “Radikal” qəzetinə deyib ki, “hakimiyyət 1980-ci il çevrilişinin liderlərinin adlarını məktəblərdən, küçələrdən, stadionlardan silir, ancaq bu adlar bütün ictimai qurumların adlarından silinməlidir”.
O əlavə edir ki, “bu adamların adları ürəklərdən silinib”.

EVRENİN CAVABI

Kənan Evrenin ona qarşı ittihamlara müxtəlif vaxtlarda cavab verib.

Evren hərbi çevrilişə görə üzr istəməyib və istəmək fikrində deyil.

O deyir ki, hərbi çevrilişdən sonra 50 adamın ölməsi arqumentini irəli sürürlər, ancaq hərbi çevrilişin son qoyduğu xaos illərində təkcə küçələrdə solçularla sağçıların toqquşmalarında 5000 adam ölmüşdü.

Türkiyədə generallara indiyə kimi Osmanlı dövrünün titulu ilə “paşa” deyirlər.
Paşalar özlərini Atatürkün qurduğu dünyəvi dövlətin qoruyucusu hesab edirlər.

Onlar 3 dəfə Türkiyədə hərbi çevriliş ediblər – 1960, 1971 və 1980-ci illərdə.

Reuters yazır ki, ancaq hər bir hərbi çevrilişdən sonra Türkiyədə demokratiya təftiş olunmuş formada bərpa olunurdu.
1980-ci ildəki hərbi çevrilişdən sonra qəbul olunan konstitusiya isə bir çoxlarının fikrincə, demokratik inkişafa gətirdi.

PAŞALAR VƏ İSLAMÇILAR

1980-ci ildəki hərbi çevrilişin məqsədi təkcə ölkədəki qarışıqlığa son qoymaq deyildi.
1979-cu ildə İranda islam inqilabı olmuşdu.
Türkiyədə generallar narahat idilər ki, eyni hadisələr Türkiyədə də ola bilər.

Maraqlıdır ki, 1980-ci ilin hərbi çevrişi ilə başlanan bu sonuncu paşalar dövrünə məhz islamçı AK partiya son qoyur.

1983-1989-cu illərdə prezident olan Evreni indiyə kimi məhkəməyə cəlb etmək mümkün olmurdu, çünki onun keçmiş prezident kimi toxunulmazlığı vardı. Ancaq baş nazir Erdoganın hakim AK partiyası konstitusiyaya dəyişiklik edib, bu toxunulmazlığı götürdü.

Erdogan məhkəmədən bir gün qabaq deyib ki, o məhkəmənin gedişini diqqətlə izləyəcək.
Onun sözlərinə görə, “Türkiyədə hərbi çevrilişlərdən ən çox zərər çəkən xalqın qanuni təmsilçisi olan hökumətlər olub”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG