Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:11

Mircəfər Bağırov kabinetində hansı tanınmış yazıçını söydü?


Mir Cəfər Bağırov
Mir Cəfər Bağırov
"Oxu zalı"nda sovet dövrünə aid arxiv materiallarını və xatirələri heç bir şərh vermədən çap edirik. Məqsəd həmin dövrdə mövcud olmuş ab-havanı oxuculara çatdırmaqdır.


MƏMMƏD CƏFƏR CƏFƏROVUN “XATİRƏLƏR” MEMUARINDAN


“Yuxarıların yazıçılardan yersiz, səbəbsiz narazılığı davam edirdi.

Gözlənilmədən belə bir narazılıq da baş verdi: yazıçı və ədəbiyyatşünas Mikayıl Rəfili redaksiyaya iki şeir gətirdi və çap olunmasını xahiş etdi.

O, mənim müəllimlərimdən biri idi. Hörmətlə qarşıladım. ”Göy maşın”, ”Gurla okeandan” sərlövhəli şeirləri oxuyandan sonra müəllimimə dedim ki, bu şeirləri bu şəkildə çap etməyinizi məsləhət görmürəm. İkinci şeirdəki misralara da onun diqqətini cəlb etdim:

Ey Vaşinqton, gurla okeandan,
Birləşsin Çin, Hindistan.


Dedim, siz Amerikanın ilk prezidentini nəzərdə tutursunuz, tarixdən xəbəri olmayan adam elə bilər, Vaşinqton şəhərini deyirsiniz. Şeirləri bir də ona görə çap etmək istəmirdim ki, o illərdə haqsız olaraq M. Rəfiliyə hücum edənlər, onun guya on il qabaq (məktəbli uşaq ikən) Müsavata “göy bayraq” adlı şeir həsr etdiyini sübut etməyə çalışanlar var idi.

Halbuki, Rəfilinin hələ 50 yaşı tamam olmamışdı. Bildim ki, bu şeirlər çap olunsa, yenə onun əleyhdarları öz istədikləri kimi yozub fəallaşacaqlar.

Müəllimim məni başa düşmədi. Bərk əsəbiləşib şeirləri götürmədən durub sədrin kabinetinə keçdi. 15 dəqiqədən sonra məni çağırdılar. Şeirləri götürüb getdim.

Sədr Süleyman Rəhimov kabinetdə yox idi. Yazıçılardan bir neçəsi, o cümlədən Süleyman Rüstəm də əyləşib söhbət edirdilər. Aydın oldu ki, Rəfili məndən şikayət edib, çıxıb getmişdir. Şeirləri alıb oxudular. Çox mübahisədən sonra bu fikrə gəldilər: bir halda ki, müəllif israr edir, şeirlər çap olunsun. Şeirlər getdi mətbəəyə.

Qəzet nəşr olunan günün səhəri Süleyman Rəhimov çox durğun halda mənim yanıma gəlib: məni və səni Bağırovun yanına çağırıblar. Qəzetdə nə gedibsə, Bağırovu bərk əsəbiləşdirib - dedi.

Mən: -Rəfilinin şeirlərinə görə ola bilər - deyib, ona ətraflı izahat verdim. O: - Yaxşı, dur gedək, əgər elədirsə, çox böyük bir həngamə qalxacaq...

Qəbul otağında bir xeyli gözlədik. Nəhayət içəri çağırdılar. Mərkəzi Komitənin bütün katibləri, Xüsusi İdarənin rəisi və bir neçə tanımadığım başqası səssiz-səmirsiz əyləşmişdilər. Süleyman Rəhimov aşağı başda oturdu, mən oturmadım.

Bağırov masanın gözünü çəkib ”Ədəbiyyat qəzeti”ni çıxardı. Uzaqdan da olsa, mən Rəfilinin şeirlərinin altından qırmızı karandaşla xətlər çəkildiyini gördüm. Bağırov qəzəbli halda üzünü oturanlara tərəf tutub başladı:

- Rəfilinin Musavata yazdığı, musavatçıları təriflədiyi və Amerikanı dünyanı tutmağa çağırdığı köhnə şeirlərini çap ediblər...

(Sükut, heç kəsdən səs çıxmadı)

Sonra o, üzünü Süleyman Rəhimova tərəfə tutdu:

- Kimdir bu qəzetin redaktoru?!

Mən: - Mənəm, yoldaş Bağırov, - deyib, cavab verdim.

-Kim səni bu redaktorluğa təyin edib?

Məmməd Cəfər
Məmməd Cəfər
Mən Qəzənfər Məmmədova baxıb:

-Yoldaş Qəzənfər Məmmədov, - dedim.

-Ondan qabaq harada işləyirdin?

-Qubada ikiillik müəllimlər institutunda.

-Bu şeirlərin Rəfilinin köhnə şeirləri olduğunu bilirdin?

-Yox, yoldaş Bağırov, o mənə dedi ki, təzə yazdığı şeirlərdir.

-Şeirlər sənin razılığın ilə çap olunub, yoxsa səni məcbur edən olub?

-Heç kəs məni məcbur etməyib, yoldaş Bağırov, təqsir mənimdir.

O, oturanlara nəzər salıb: - Öyrədiblər, özünü qabağa ver, bizi xilas elə, sonra biz də səni xilas edərik - dedi. Sonra üzünü mənə tutdu:

- Elədir?

Mən:

-Yoldaş Bağırov, nə səhv eləmişəmsə, bir redaktor kimi mənim səhvimdir.

Bağırov bu səfər düşdü Süleyman Rəhimovun üstünə, nə düşdü, çox ağır sözlər dedi. O cümlədən:

-Səndən adam olmadı... Bu cavan bilmirdi, sən ki Rəfilini tanıyırdın, onun müsavatçı olduğunu bilirsən, özün cəhənnəm, bu uşağı niyə bədbəxt eləyirsən?

Heç unutmaram, bu yerdə Süleyman Rəhimov mənim haqqımda danışdı, təriflədi, müharibə illərində qəzetin redaktoru olduğumu, yaxşı işlədiyimi və sair nəzərə çatdırdı. Qəzənfər Məmmədov da Qubada ikiillik institutun təşkilində “özümü göstərdiyimi” söylədi...

Bağırov əlini rədd etmə işarəsi ilə, Süleymana:

- dur get! dur get! - dedi.

- Süleyman qabaqda, mən də onun arxasınca kabinetdən çıxdıq. Mən Rəhimovun üzünə baxdım və mənə çox qəribə göründü ki, elə bil o, Bağırovun ağır sözlərini eşitməmişdi.

Kabinetdə qızarıb-bozarsa da, bayırda özünü çox yaxşı hiss edirdi, yaxşı qurtardıq deyib, gülürdü. Mən isə belə hesab edirdim ki, yaxşı qurtarmamışıq, həngamənin dalı, davamı ola bilər. Bu fikrimi ona bildirib dedim ki, elə burdan idarəyə gedən kimi sən mənim əmrimi verib redaktorluqdan çıxart. Onsuz da redaktorluq, jurnalistlik mənim əsas işim, əsas sənətim deyil, altı il ittifaqın işinə kömək etmişəm, bəsdir. O, təəcüb və həyəcanla:

Süleyman Rəhimov
Süleyman Rəhimov
- Nə danışırsan? - dedi. Mən özbaşına səni işdən azad edə bilərəm? Bağırov mənim atamı yandırar. Birdə, sən onun söyüşünə-filanına baxma, bu gün belə deyir, sabah fikrini dəyişə bilər. Heç nə olmamış kimi işinə davam et!

Beləliklə, təxminən bir ilə yaxın qəzeti redaktə etməli oldum.

Ancaq Bağırovun Rəhimova dediyi “Özün cəhənnəm, bu uşağı niyə bədbəxt edirsən?” sözləri məni tərk etmir, çox düşündürürdü.

Öz-özümə sual verib cavab axtarırdım: Bağırov respublikanın ağasıdır, külli-ixtiyar sahibidir, o, istədiyi adamı lap əl ilə öldürə də bilər, ölümdən xilas da edə bilər. İstədiyi adamı alçalda da bilər, ucalda da bilər.

Əgər o məni günahkar hesab etmirsə, “uşağın bədbəxt olmasını istəmirsə” sadəcə məni “səhvlərimə” görə bağışlaya bilər.

Bəs o hansı qüvvədir ki, məni də Süleymanı da onun iradəsi, razılığı olmadan, bədbəxt edə bilər?!

Deməli, ondan çox güclü elə bir qüvvə var ki, respublika ağasının ona güclü çatmır . O qüvvənin qulağına haradansa söz gəlib çatır ki, “Ədəbiyyat qəzeti”nin redaktoru Məmməd Cəfər adlı 38 yaşlı bir “uşaq” müəllimi Mikayıl Rəfilinin “müsavatçı” şeirlərini çap etmişdir.

Bu da “uşağın bədbəxt edilməsi” üçün kifayətdir. Bədbəxtlik də nə ola bilər, şübhəsiz ki, həbs ya sürgün. Görəsən, bu hansı qüvvədir ki, Bağırov onun qarşısında acizdir?!”

Məmməd Cəfər Cəfərovun
“Xatirələr” memuarından

“Ədəbiyyat qəzeti”,
3 sentyabr, 2010

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG