Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:12
İmişlidən Vaqif Murtuzayev AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, 9 ildir yarım sot şəxsi torpağında tikinti apara bilmir. Deyir, torpağa və tikintiyə görə sənədləri qaydasında olsa da, İmişli rayon İcra Hakimiyyətinin işçiləri hər dəfə yarıya çatdırdığı tikilini sökürlər.

«MƏN TİKİRƏM, İCRA HAKİMİYYƏTİNİN İŞÇİLƏRİ SÖKÜR».

Vaqif Murtuzayev: «O yer mənə ticarət obyekti tikmək üçün satılıb. Mən də orda mağaza tikmək istəyirəm. Torpaq sahəsini birdəfəlik pul ödəyib rayon torpaq şöbəsinin, rayon bələdiyyəsinin qanuni sənədləri ilə almışam, ilbəil vergisini ödəyirəm. 2003-cü ildən tikinti apara bilmirəm. Mən tikirəm, icra hakimiyyətinin işçiləri gəlib sökür. Səbəbini də belə izah edirlər ki, guya mənim tikmək istədiyim mağaza orada yaşayan qonşunun evinə gedən yolu kəsir».

Vaqif Murtuzayev görəndə ki, aldığı torpaqda heç cür tikinti apara bilməyəcək, İmişli rayon İcra Hakimiyyətini məhkəməyə verib. İcra hakimiyyətinin nümayəndəsi Xudaverdi Aslanov yalnız hazırlıq iclasında iştirak edib və iddianın təmin olunmamasını xahiş edib. Xahişini belə əsaslandırıb ki, Vaqif Murtuzayevin tikmək istədiyi mağaza həmin ərazidə yaşayan Əli Aslanovun evinin qarşısı olduğuna görə orada tikinti aparmaq olmaz. Məhkəmə baxışında isə nümayəndə məhkəməyə gəlməyib, məktub göndərib ki, Vaqif Murtuzayevin iddiası əsasında qurulan bu məhkəmədə iştirak edə bilmir. Bir daha iddianın təmin olunmamasını xahiş edib. Məhkəmə isə işi araşdırarkən sahibkarın iddiasını əsaslı sayıb. Qətnamə çıxarıb ki, tikinti ərazidə yaşayanlara maneçilik törətmir və məhkəmə tikintiyə icazə verilməsini öhdəlik kimi İmişli rayon İcra Hakimiyyətinin üzərinə qoyub.

MƏHKƏMƏ QAPILARINDA QALAN SAHİBKAR

İmişli rayon İcra Hakimiyyətindən məhkəmə qətnaməsinin niyə icra olunmaması ilə maraqlandıq. Ancaq sualımıza bir cümlə ilə cavab aldıq ki, məhkəmə çəkişmələri hələ bitməyib və İmişli rayon İcra Hakimiyyəti Şirvan İnzibati İqtisad Məhkəməsinin qətnaməsindən Şirvan apellyasiya məhkəməsinə şikayət verib.

Ancaq Vaqif Murtuzayevin məhkəmə çəkişmələri təkcə İcra Hakimiyyəti ilə deyil. Tikintinin həyətinə girişi məhdudlaşdırdığını iddia edən Əli Aslanov da Vaqif Murtuzayevi məhkəməyə verib.

Əli Aslanov deyir ki, Vaqif Murtuzayevin tikmək istədiyi mağaza onun evinə gedən yolun üstündədir və evinin qarşısını kəsir. İkincisi isə, o, mağaza tikintisi üçün ayrılmış ərazidən gələcəkdə həyətinə yol çəkmək fikrindədir.

Əli Aslanov məhkəmədə iddia qaldırıb ki, Vaqif Murtuzayevə verilmiş torpaq ərazisi geri alınsın. Ancaq məhkəmə onun iddiasını təmin etməyib. Əli Aslanov da qətnamədən apellyasiya şikayəti verib. Bir sözlə, Vaqif Murtuzayev udduğu iki məhkəmə işinə görə iki apellyasiya şikayəti ilə üz-üzə qalıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG