Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:35

Vaqif İbrahimoğlu. Orkestr, açıq-aşkar, həmvətənimizi ələ salırdı


Vaqif İbrahimoğlu, 2009

Vaqif İbrahimoğlu, 2009

Vaqif İbrahimoğlu


DƏDƏM QORQUD EŞQİNƏ...

Sovet teatr rejissorunun Türkiyə gündəliyi

əvvəli

Bu gün, yəni 10.01.1985-ci ildə - səhər orkestrin məşqi oldu. Bütün nömrələri oxuyub-rəqs etməyi qərara almışdıq.

Birinci nömrə (üvertura) məni bir az çaşdırdı: ölgün və süst təsir bağışlayırdı. Əskərin ariyası bir qədər yaxşı olsa da, Süleymanın səhnəyə çıxmasından, pardon... cahanın mahnısından sonra problemlər başladı: maestro az qala əmr şəklində tələb etdi ki, Cahan oxuyarkən yerindən tərpənməsin.

Eyni şey, amma daha kəskin şəkildə Süleymandan da tələb olundu. Hamı kükrədi, çünki maestro fərqli templər verir, bəzi taktları gözardı edirdi.

O, Süleymanın çıxışına 4 takt verməkdən qətiyyətlə boyun qaçırdı və mahnını ayaq üstə ifa etməsini istədi. Etirazlar başladı, nə başladı!.. Kəriman pıçıltıyla bunun yalnız bu məşqdə belə olacağını dedi.

Final rəqsi yenə çərən-pərənə, sayıqlamalra yol açdı: maestro açıqca narazı qaldı ki, həddindən çox hərəkət var. Konsertmeyster narazı qaldı ki, maestro orkestri çaşdırır – piano yerində forteni verir, axı partiturada leqatodur, prestodur, ancaq o...


Bu gündəlik ilk dəfə çap olunur. Düz 28 il öncə Vaqif İbrahimoğlu Türkiyəyə--Ankara Opera və Balet Teatrında Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu. Üç ay Ankarada qalan Vaqif bəy nə yaxşı ki, orada keçirdiyi günləri gündəliyində əbədiləşdirmişdi. Sovetlər dönəmində “Gündəlik” təbii ki, çap oluna bilməzdi. Odur ki, Vaqif bəy 1989-cu ildə əlyazma şəklində cildləyib hazırladığı “kitab”ı dostu Zeynal Məmmədliyə verir və şərt kəsir: “Bu gündəliyi ancaq mən öləndən sonra Azərbaycan türkcəsinə çevirib çap edərsən...”

Əziz oxucu! 28 il öncə Ankarada bəlli səbəblərdən rusca yazılan gündəliyi AzadlıqRadiosu “İz” proqramının prodüseri Zeynal Məmmədli dilimizə çevrib. “Gündəliy”in növbəti hissəsi qarşınızdadır. Bu “İz”i qaçırmayın.

Orkestr, açıq-aşkar, həmvətənimizi ələ salırdı. Əhəd, boğula-boğula, maestroya nəsə anlatmağa çalışırdı, amma o, hövsələsizcəsinə əlini yelləyir və beləcə, Əhədin əzablarını artırırdı.

Gülçöhrənin ariyası qaydasında idi; Kəriman bərkdən-boşdan çıxmış musiqiçidir, amma Əskərlə dueti, az-çox, yaxşı ifa etsə də ikinci ariyada maestro özünü biabır etdi: melodram başlarkən (opkestrin pianosu çalır, mətn səslənir), o, hirsləndi:

- Bu mətn haradan çıxdı? Kim yazıb bunu?

- Üzeyir bəy!!!

Küskün, amma xorla verilən bu cavabı azı 5 adam səsləndirdi (düzünü deyim ki, mən də içlərində olmaqla) və maestro daha dinmədi.

“Nədən belə qəmlisən?” dueti də pis deyildi. Beləcə,məşq sona yetdi. Fasiləyə çıxarkən, maestro möhtəşəm bir işarəylə bizi yanına çağırdı. Kərimanı güclə razı saldım. Maestro bizi danlamağa başladı. Mən həmişəki kimi, başımla təsdiqləsəm də, Kəriman dözməyərək – Provalara gelmeniz gerekirdi! – dedi. Maestro hirsləndi və əllərini yelləyə-yelləyə çıxıb-getdi.

Fasilə cəmi 1 saat sürəcəyindən yuxarıda yemək yeyib (indiyədək ağzım yanır, dodaqlarım da yenə çat bağlayıb), ikinci məşqi başlatdım.

(Unutmuşdum: Dünən 2-ci məşqin fasiləsində bir suyu sakitləşmiş Mefistofeli xatırldan yapışıqlı və möhtəşəm bir kişini yanıma gətirdilər. Tanışdıranda elə anlaşılmaz söylədilər ki, kimliyini anlamadım. Türkcə çox boş şeylərdən təzəcə dolu-dolu danışmağa başlamışdım ki, onun yanındakılar sözümü kəsərək, hərifin Moskvadan gəldiyini – “Otello”nun rejissoru olduğunu diqqətimə yetirdilər. Sonra məlum oldu ki, Novosibirskdən gəlmiş opera rejissorudur, burada “Otello”nu səhnəyə qoyacaq. Başladım ona tərcüməçilik etməyə. O, bütün tamaşanı fırlanan səhnədə, özü də işıq effektlərindən yararlanaraq, qurmaq istəyir. Vaxtı ötmüş 20-ci illər səviyyəsi deyilmi? Dediyinə görə, onu dekabrın 29-dan bəri süründürürlər).

... İkinci məşq boyunca, demək olar, səhnədən düşmədim, oyunçuların əllərindən tutub apardım, pauzaları hesabladım. Üçüncü pərdəni işləyib, ara vermədən, dördüncünü başlatdım və oraya xor artırdım: qızlar otaq-otaq qaçışır və finalda əllərində şam rəqs edirlər. Asya-Süleyman münasibətlərini bir az qabardandan və reaksiyaları dəqiqləşdirəndən sonra səhnə bir az canlandı.

Sabah səhər mənim məşqimdir, ardından orkestrin “prova”sıdır. Aman Allah... Məşqdən sonra “Dolar Beyğiri”ndə məni heyran qoyan aktyor yanaşıb danışmaq istədi, ancaq hamı Hüsaməddinin yanına -- müşavirəyə çağrıldığından söhbəti sonraya saxladıq.

Orada elə də çox sürməyən müzakirədən sonra qərara alındı ki, tamaşa 26.01.1985-ci ildə təhfil verilməlidir. Mən qımışdım. Hüsü də atmacaladı ki, bəs hər şey sən (yəni -- mən) istəyən kimi gedir. Əllərimi yelləyərək baş məşqin (onlarda daxili və ictimai baxışın yerinə “prova-ceneral” və “son prova-ceneral” keçirilir), texniki “prova”ların (quraşdırmaların) və s.-in cədvəlini tutdum. Yenə maestronun üstünə düşdülər. Mən yarıhənək-yarıgerçək onun tərəfini saxladım. Baho, onu he-eç sevmirlərmiş...

... Bayaqkı aktyor məni hamamın girişində gözləyirmiş. Onunla kantinə gedib söhbətləşərkən, aksesuarçı (rekvezitor) yanaşıb aşağıda mənə çay dəmlədiyini söylədi. Aşağıya düşəndə, Əhədin də orada oturduğunu gördük.

O ki var danışdıq: sən demə, burada məni tanıyırlarmış – Bakıda olub mənimlə söhbət edən (yadımda deyil!) bir türk qızı onlara mənim haqqımda söz açıbmış.

Onlar mənə laboratorçu, eksperimentçi və az qala, yeni məktəb qurucusu sifətiylə Zeynal Məmmədli

Zeynal Məmmədli

baxırdılar. Demə, uzun müddət, ta iki gün öncəyədək, yəni nə təhərsə mənim kim olduğumu dəqiqləşdirənədək mənim məhz mən olduğumu bilməyiblər. Gizlətmirəm – xoşbəxtlikdən az qaldım şalvarıma işəyəm: bu dünyada hər şey heç də boşdan yaranmayıbmış!..

Söhbətimiz canlandı: məlum oldu ki, bu cavan oğlanı da eyni şey maraqlandırır, yəni o da... teatr yaratmaq istəyir, amma-ancaq-lakin... ilişib orta əsrlərdə qalıb. Ona öz nəzəriyyəmdən söz açanda, elə cuşə gəldi ki, atlanıb-tullanmağa başladı. Ardından onu birilliyə öz laboratoriyama götürməyimi xahiş etdi.

Söhbətin bu yerində ürəyimdən yenə şalvarımı islatmaq keçdi... “Niyə”sini açıqlamağa lüzum görmürəm. Cavan oğlan dedi ki, o da, onunla həmfikir dostları da mənimlə işləmək istəyirlər. O dəqiqə qayıtdım ki, təşkil edin, mənim vaxtım martın 19-dəkdir. Oğlan söz verdi və mənim dilim açıldı, nə açıldı...

Otelə Əhədlə qayıtdım.O, maestro məsələsini çox ürəyinə salıb. Həm də ona görə ki, onun da işini puça çıxarır. Qorxur ki, iş uzanar və içindən yeni qəmbərqulular çıxar. Onu sakitləşdirdim və dedim ki, mən maestrodan öncə vətənə qayıdacağam...

Rəcəb zəng etdi: kapitalist oğlu kapitalist maşın alıb. İndi TV-də “Qanlı Nigar” getsə də, baxmadım: birincisi, yaşantılarımı-təsəvvürlərimi dəyişdirmək qorxusu yaranar – ona görə. İkincisi, təcili qaynar bir duş almalı və dərman atmalıyam. Yenə qəbzə olmuşam. Yenə yuxu görürəm – qorxulu yuxular...

11 yanvar, cümə. 1985-ci il

Bugünkü məşq də olğun-dolğun keçdi. Niyəsini deyirəm... Səhər saat 10-dan 12-dək qısaldılmış məşq oldu, çünki 13.00-da orkestr “prova”sı nəzərdə tutulmuşdu.

Dünən axşam soyuqdəyməmin “hücuma keçdiyini” görüb, qaynar duşda çimdim, dərmanlarımı atdım. Yəqin yetərli olmadı, səhər yenə xəstəhal oyanmışdım. Az yatıb, uzun müddət yuxulaya bilməsəm də, saat 7-də qalxdım.

Səhər məşqini tezcə başladım: birinci pərdə xeyli babat keçdi. İkinci bölümdə eyvanlı pilləkanı quraşdırdılar, amma vaxt çox tez ötdüyündən, işlərini düz-əməlli bitirə bilmədilər. Fasilə də, beləcə, tez başa çatdı – bir az maestro ilə söhbətləşdim. O, xeyli böyüklük göstərib mənim “açar gedişimlə” razılaşdı. Onu dostca və sayqılı münasibətimə inandırdım. Əhəd sanki iynə üstündə oturmuşdu...

Orkestrin məşqi abırlı başladı, ancaq ardından maskalar açıldı. Maestro eyni zamanda Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu

Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu

orkestri də təmizlədiyindən solistlərin etirazıyla üzləşdi.

Qısası, cəmi 2 pərdəni, 3-cü pərdədə Gülçöhrənin ariyasını məşq etdik və “prova”nın bitiminə 25 dəqiqə qalanda maestro orkestri buraxdı.

Paxırlar planlaşdırılmış şəkildə açılmağa başladı. “Arkadaşlar” həmən etirazlarını bildirdilər, amma orkestr üzvləri maestronu dəstəklədilər – dedilər ki, yarımsaatlıq fasiləyə də çıxmayıblar.

“Arkadaşlar” yenə ildırım sürətilə fonoqram altında Asyanın mahnı və rəqsini, Telli ilə Vəlinin deyişməsini oxuyub-oynamağa başladılar.

Düz saat 17.00-da məşq başa çatdı; bütün bunlar “Davranış Jurnalı”nda əksini tapdı. Gözləyirəm ki, sabah ardı gələcək.

Otelə yollanıb dincəlməyə hazırlaşırdım ki, maestro Baqratuni (yan) təşrif buyurdu və pula həris musiqiçilərin sözlüyündən yararlanaraq, məni həyat haqqında sual yağmuruna tutdu.

Qərəz, dincəlməyə macal tapmadım, Rəcəblə görüşə bilmədim, amma əvəzində saat 19.30-da Bülənd, Rüştü Asyalı, “Devlet Tiyatroları Müdürlüğü”nün əməkdaşı dramaturq Minə, Mədəniyyət Nazirliyinin işçisi adını unutduğum bir başqası ilə birlikdə Rüştünün arabasına minib “Altundağ Tiyatrosu”nda “Kanlı Nigar”a baxmağa yollandıq.

Bunadək mənə həmin pyesi, foto və proqramları bağışlamışdılar.

ardı var

Günün bütün mövzuları

XS
SM
MD
LG