Keçid linkləri

Təcili xəbərlər

Niyə «buralarda» hər şey «oralardakı» kimi deyil?


Hüseynbala Səlimov, müstəqil analitik


Macar prezidenti ilə baş vermiş olay mənim son aylarda prezidentlərlə bağlı eşitdiyim ikinci hadisədir. Əvvəlcə Almaniya prezidenti haqda söhbət oldu.

Rüşvət ittihamına tab gətirməyən almaniyalı prezident sonda istefa vermək məcburiyyətində qaldı. Mən həmişə Qərbdə baş verən bu cür hadisələrə bir özəl maraqla yanaşıram. Bəziləri bunu hətta Qərbi ideallaşdırmaq cəhdi tək yozur. Amma belə deyil, məsələnin kökü daha dərindir. Biz bir çox hallarda vurğunu düzgün qoymuruq. Orada baş verən bu tip hadisələr siyasətçilərin daha yüksək mənəvi göstəricilərə malik olmasının, yoxsa ki, bu Qərb siyasi modeli adlanan sistemin üstünlüklərinin nəticəsidir? Bəzən bu suala cavab verərkən biz hətta səmimiyyət sərhədlərini də keçirik, çünki bu, bizim üçün daha əlverişlidir. Bu halda biz yaxamızı ümumi məsuliyyətdən qurtarırıq və bizə elə gəlir ki, hamımız az qala qanadsız mələklərik, hakimiyyətdə olanlar isə qəlblərini Mefistofelə satmış doktor Faustlardır. Üstəlik, bir paradoks da yaşayırıq. Belə ki, Şərq mənəvi məsələlərə, əxlaqa həmişə daha çox önəm verir, amma bəs nədən Şərqin siyasi modellərində bu cür mənəvi aktlara az təsadüf edirik, əksər hallarda isə heç təsadüf etmirik? Nədir, bunun səbəbi?
Şərq dünyagörüşünün və mədəniyyətinin zəifliyi, yoxsa başqa bir səbəb?

İNSTİTUTSİONAL ETİMADSIZLIQ NƏDİR?

Yox, mən sizi bu dəfə politoloji terminlərlə yormayacam. Sadəcə, bir detalı qeyd edəcəm. Demokratiya təlimlərində bir termin var. Adı bir qədər qəribə səslənir, amma bu, problem deyil, alışarıq, alışqanlıq bizim üçün problem deyil. Qərəz, bunun adı institutsional etimadsızlıqdır. Mənası çox sadədir və hamının biri – birinə nəzarətini nəzərdə tutur. Yaşlı insanlar yaddaşlarını bir qədər qurdalasalar bəlkə bunun sovet analoqunu da xatırlayarlar – sovetlər vaxtında xalq nəzarəti komitələri vardı. İndi mən bu iki modelin müqayisəli təhlilinə varmayacam. Bu terminin adını ona görə çəkdim ki, bir qədər əvvəl qoyulmuş suallara cavab verim. Bilirsiniz, Qərbdə də, Şərqdə də insanlar o qədər fərqlənmir. Plagiat macar prezidenti və yaxud rüşvət almış almaniyalı prezident elə bir çox ölkələrin siyasətçilərinə bənzəyirlər. Əgər cəmiyyətin o insanlara təzyiqi olmasaydı macar prezidenti plagiatla məşğul olduğunu və o birisi – almaniyalı prezident isə rüşvət aldığını gizlədəcəkdi və hər ikisi öz vəzifəsində qalacaqdı. Amma fədakar insanlar var. Elə cəmiyyəti də agah və xəbərdar edən onlardır. Onların səyi nəticəsində siyasi gizlinlər faş olur. Bir gün məlum olur ki, cəmiyyəti birləşdirməli olan və dövlətin simvolu sayılan insanlar plagiatla məşğul olub və yaxud da rüşvət alıb. Onların tərəfdarları elə bizimkilər kimi əvvəlcə bu ittihamları rədd etməyə, belə ittihamlarla çıxış edən insanları müxtəlif vasitələrlə susdurmağa çalışırlar. Amma görəndə ki, bu, onlara ziyan gətirir və partiyanın növbəti seçkilərdə şanslarını azaldır, o saat siyasəti dəyişirlər, başlayırlar yalançıdan və rüşvətxordan öz yaxalarını qurtarmağa. Prosesin əvvəli bizdə olduğu kimi gedir: inkar dolu bəyanatlar və hədələr... Sadəcə, sonluq fərqlənir, çünki bütün cəmiyyəti susdurmaq və tövbə etdirmək mümkün deyil. Başqa ölkələrdə də buna bənzər aktlar olur, amma onlar ya cəmiyyət üçün gizli qaldığından, ya da onun tərəfindən ciddi dəstək almadığından real nəticə ilə bitmir. Bilirsiniz, avtoritar sistemlərdə o hadisələr ayrı – ayrı insanların, necə deyərlər, cəmiyyətdə hələ də mövcud «mənəviyyat adaları»nın öhdəsinə buraxılır. Mən belə quruluşlarda fədakar insanlara, məhbəs həyatı yaşayan mübarizlərə verilən bir ad haqqında çox düşünmüşəm – bu, «vicdan məhbusu» statusudur. Diqqət edin, demokratik və normal ölkələrdə bu statuslu insanlara rast gəlməzsiniz, çünki insanların vicdan azadlığı var, heç kim öz vicdanının səsilə hərəkət etdiyi üçün təqibə məruz qalmır. Amma digər ölkələrdə...

KHRUSHCHEV NİYƏ AKADEMİK OLMADI?

Hətta sovetlərin vaxtında belə öz vicdanını eşidən və onun diqtəsilə hərəkət edən insanlar vardı, amma onlar azlıq təşkil edirdi, həm də ümumi cəmiyyətin və ölkənin fonunda qərib bir ada təsiri bağışlayırdılar. Təsəvvür edin, sovetlər vaxtında N. Khrushchev akademik seçilə bilmədi və A. Sakharovu akademiyadan xaric etmək mümkün olmadı. Bütün bunlar haqqında insanlar uzun müddət keçəndən sonra xəbər tutdular, hətta bir çoxları hələ indiyədək bilmədi ki, o fədakarlıqları kimlər edib, o insanlar nə ilə risk edib. Amma bütün bunlar bir neçə insanın aktivinə yazılmalı hadisələrdir, çünki belə quruluşlarda, ölkədə cəmiyyətin sanksiyası yoxdur. Sonda bütün suallara cəmiyyət nöqtə qoyub öz iradəsini təsdiq etməlidir. Elə ona görə də yazının əvvəlindəki suallara da bir daha qayıtmaq lazımdır. Avtoritar ölkələrdə belə hadisələr ona görə baş vermir ki, burada fədakar və vicdanlı insanlar yoxdur, sadəcə belə insanları müdafiə edən, ona dayaq olan cəmiyyət yoxdur. Ona görə də onlar etiraz və individual qiyam (A.Camus) etdiklərinə görə ya məhbəsə yollanırlar, ya da ki ölkəni tərk etməli olurlar. Plagiatlar və rüşvətxorlarsa öz yerlərində qalırlar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG