Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:23
Viza kartlarını buraxan Visa korporasiyası Global Payment şirkətinin xidmətindən imtina etdi.
Buna səbəb Global Paymentin kompüterinin yarılması və milyondan çox kredit karta, o cümlədən Visa kartlarına ziyan dəyməsidir.

Bununla belə, Global Payment şirkətinin rəhbəri Paul Garsia deyib ki, vəziyyət tam nəzarətdədir, ancaq araşdırma davam edir.

Şirkətin məlumatına görə, kompüterlərinin yarılmasının ən çoxu 1 milyon 500 min kredit karta təsiri ola bilər.
Bunlar MasterCard, Visa, American Express və Discover kartlarıdır. Onların hamısının Şimali Amerikada verildiyi güman olunur.

ABŞ-ın Məxfi Xidmət adlı hökumət orqanı rəsmən elan edib ki, kredit kartların Atlanta şəhərində yerləşən ödəmə prosessoruna "icazəsiz giriş" olub.
Məxfi Xidmət bunu “böyük kiber müdaxilə” adlandırır.

"GLOBAL PAYMENT"İ NİYƏ YARIRLAR?

Global Payment nə ilə məşğuldur?
Alıcı mal alanda kredit və ya debet kartını verir, mağazada satıcı isə bu kartı xüsusi cihaza qoyur.
Kartın nömrəsi, sahibinin adı bu göstəriciləri analiz edən şirkətə göndərilir.
Ödəmə prosessoru adlanan belə şirkətlərdən biri məhz Global Paymentdir.
Global Payment mağazadan kartın göstəricilərini alandan sonra - MasterCarda və ya Visaya qoşulur.
Göstəriciləri yoxlayandan sonra isə həmin kartı verən banka qoşulur və ödəməyə icazə alır.

Dünyadakı ödəmələr bazarında Global Payment ən böyük oyunçu olmasa da hər halda onun bu bazarda 3,5 faiz payı var. 800 min ticarət obyekti onun xidmətindən istifadə edir.

Global Paymentin kompüterlərini yaranların məqsədi məhz kredit kartların və sahiblərinin göstəricilərini oğurlamaq idi.

Son vaxtlar bu göstəricilər maliyyə fırıldaçqıları üçün ən yağlı tikəyə çevrilib.

KEÇƏN İL "CİTİBANK"I, SONY"Nİ YARDILAR

Keçən ilin iyununda Citibankın kompüter şəbəkəsi yarıldı və hakerlər 200 mindən 360 minə kimi kart sahibinin göstəricilərinə çıxa bildilər.

Hücuma təkcə banklar məruz qalmır.

Ən çox hücuma məruz qalanlardan biri Sony korporasiyasıdır.
Keçən il Sony-nin PlayStation şəbəkəsini yarmaqla hakerlər bu şəbəkədə 77 milyon fərdi hesaba çıxış əldə etmişdilər.

Keçən il Google-a böyük haker hücumu oldu. Məqsəd istifadəçilərin Gmail hesablarına çıxmaq idi.

Kartların və sahiblərinin göstəriciləri oğurlanandan sonra bunlardan qanunsuz ödəmələr üçün istifadə olunur.

ABŞ-ın Ticarət Riski Şurasının məlumatına görə, Sony-nin PlayStation şəbəkəsi yarılandan sonra saxta ödəmələr xeyli artdı.

İLDƏ 8 MİLYON KART SAHİBİ ZİYAN ÇƏKİR

Global Payment müştərilərini sakitləşdirməyə çalışır ki, onun kompüterlərini yaranlar yalnız kartların göstəricilərini oğurlaya bilərdilər, kartların sahiblərinin adlarına, ünvanlarına və Sosial Təhlükəsizlik nömrələrinə çıxa bilməyiblər.

Amerikada bankların kompüterlərinin yarılması hər il orta hesabla 8 milyon amerikalıya ziyan vurur.

Hazırda Amerikanın 46 ştatında qüvvədə olan qanunla şirkət öz kompüterinin yarıldığını bilən kimi müştərilərinə xəbər verməlidir ki, onların şəxsi göstəricilərinə təhlükə ola bilər.

EKSPERTİN MƏSLƏHƏTİ

Bill Guard adlı təhlükəsizlik şirkətinin rəhbəri Yaron Samid deyir ki, kart göstəricilərini oğurlayan hakerlər bu göstəricilərdən birbaşa özləri istifadə etmirlər.
Onlar bu göstəriciləri qara bazarda başqalarına satırlar. Satanda kartın fəaliyyətdə olduğunu və ya bu yolla pul götürməyin mümkünlüyünü göstərmək üçün xırda miqdarda ödəmə edirlər.

Onun məsləhəti budur ki, kredit kartı olanlar kartda ən kiçik transaksiyalara, ödəmələrə də fikir verməlidirlər.
Onun sözlərinə görə, böyük oğurluq belə xırda ödəmələrdən sonra olur.
Ona görə, icazəsiz ödəmə görən kimi banka deyin, sizin kartınızı bağlasın.

Bundan başqa, sizə bank adından e-mail gəlsə, sizdən kart informasiyası və ya şəxsi informasiya istənilsə, cavab verməyin. Buna "balıq tutma" deyilir - fırıldaqçı tilovu atır, kiminsə düşəcəyini gözləyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG