Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:09
Şeirləri "Ədəbi Azadlıq-2012" Milli Müsabiqənin 20-liyinə keçmiş Leyla Nənədən yeni şeirlər.

Leyla 1989-cu ildə Bakıda anadan olub.

2009-cu ildə Türkiyədə Türk Dili və Ədəbiyyatı fakültəsinə (əyani) , eyni zamanda qiyabi olaraq Beynəlxalq əlaqələr fakültəsinə qəbul olunub.

Təhsili hələ də davam edir. 2011-ci ildən ədəbi saytlarda, o cümlədən "Oxu zalı"nda çap olunmaqdadır.



Leyla Nənə


1.

Bir şəkil çəkəcəm.
şəkildə;
sağ tərəfdə qırmızı taxta radio olacaq
bir fransız mahnısı eşidiləcək içindən.
Bir az arxasında radionun
mavi şərfi olacaq,
qəzet almağa
gedən sevgilimin.
şərfin altından atam göndərdiyi məktub zərfi
görünəcək,
həsrət qoxulu.
Sol tərəfində şəklin
qarşısına iki kitab düşmüş
kitab rəfi olacaq.
Və bir masa olacaq şəklin tam ortasında
üstündə şəklə sığdıra bilmədiklərim,
və mənim heç cür çəkə bilmədiyim,
onun isə arada çəkdiyi siqaretlərinin
məzarlığı olan külqabısı.
və şəklin görünməyən tərəfində
qapıdan sevgilim gələcək içəri
dalğalı saçlarının üstünə düşdüyü əllərində
iki qəzet.

2.

Adlıq halında düşün məni,
tək, tənha, yalnız və zərif.
sonra yiyəlik halında.
məsələn, məsələn ha:
kitabın,
içindəki söyüş kimi, qisas kimi, xəyanət kimi
sonra yönlük halında;
kitaba
olan sevgi kimi, nifrət kimi, söz kimi.
sonra yerlik halında;
kitabda
olan həyat kimi, sevinc kimi, xəyal kimi
sonra təsirlik halında;
kitabı
alan qız kimi, sevgili və yaşlı kimi.
sonra çıxışlıq halında;
kitabdan
öyrənilən bilgi kimi, hiss kimi , şəhər kimi
düşün məni.
və sonra heç bir kitaba
kədərimin sığmayacağını anlayıb
tək burax məni,
adlıq halında,
yalın burax,
və get,
bütün hallarda uzaq qal məndən,
bir ovuc hüzur kimi məsələn

3.

Pencəyimizin cibi kimi
kohnə, ciriq ve üzsüz idi
dunəndən qalmis umidlər
gənc olanda.
Indi yadıma düşdü,
yaşlanmısanmış,
aynadakı dən düşmüş saçlarım,
ümidsiz ümidlərim,
əllərimə düşən qırışlar deyir.
Necə xəbərçidirlər,
necə sevinclidirlər
yaşlanmışam deyə.
Yaxşı xəbərim var sənə,
ruhum,
daha yaşlanmayacağıq,
ölürəm
azadlığın mübarək.

4.

Deyirlər sənətkar,
digər adı ilə yaradıcı adamlar
çox üzgün olanda yaradırlar ən gözəl
əsərlərini.
Bir də deyirlər ki,
Tanrının yaratdığı ən ali varlıq
insandır.
Hə, qınamayın bir-birinizi
Tanrı üzgün olanda yaradıb bizi
Xəmirimiz hüznlə yoğrulub,
bəlkə hıçqırığını üfləyib ilk xəmirə
xəmrimiz hüznlə dolub,
Üzgün bir Tanrının əsəriyik hamımız
Alın yazımızsa, sentimental məktubdur sadəcə
Tanrının kədərli olanda,
bəlkə də intiqamcı,
bəlkə də qısqanc və ya ümidsiz vaxtında yazdığı
məktubdur alın yazımız,
ona görə narazıyıq hamımız.
Pozanı bizdə olmayan qələmdən çıxıb
yazımız,
kədərimiz,y aşamımız və biz,
gəmi də qurtara bilmədi insanları
hə, hə Nuhu deyirəm,
Tanrının sentimental məktubunu silə bilməz dənizlər.
Və Tanrıni bağışlayın,
səhvini anlayıb,
Cənnəti yaratdı,
qazana bilsəniz qazanın
Tanrını qınamayın
kədərlidir Tanrı,
bizim kimi,
həm də ümidsizdir Cənnəti dolar deyə,
ona görə Cəhənnəmi də yaratdı.
Gedəcək yerimiz olsun deyə,
çöldə qalmayaq deyə
Qınamayın Tanrını,
kədərlidir.
Alın yazımız Tanrının sentimental məktubu,
özümüz isə kədərli Tanrının ali varlıqlarıymışıq,
sürgün ruhlarımızla irəli-geri addımlarla
dayanacaqdakı qocanın pencəyinin içindən
asılan saat kimi asılmışıq həyatdan
hüznlü ruhumuzla.

5.

Hər adamın yanında
xərçəng xəstəliyinə tutulma
ehtimalına görə
deyib güldürən, xəstəliyini unutduran
biri lazımdır.
Qəzetdə gördüm indi,
gözəlliyininin heyranı olduğum,
gecənin ulduzları kimi
yanaqlarında duran çillərinə
vurulduğum qadın
xərçəng olub,
hər işi əng olub
yavaş-yavaş.
amma yanında bu günləri üçün
sevdikləri var,
sağalır o,
sevinirəm.
Sən düşdün yadıma
bax, mən varam
yanında ,
necə güldürüm səni,
necə aparım dərdini
neçə parçaya bölüm
qəmini- kədərini
içindəki xərçəngi?
atım böyük dalğaya
udub aparsın onu,
boğulsun, ölüb getsin
öldürməsin kimsəni.
Ölmə, sən.
Bax, saçların yenə uzanıb
artıq keçəl deyilsən,
nə olsun döşün yoxdur,
axı sevirəm səni
Ölmə sən məndən əvvəl,
həmişə görüm səni,
danla məni,
saçımı yığmayanda,
otağı toplamayıb,
yeməyi yeməyəndə
bircə ölmə sən,
sağal
həkim desin ki , mənə
qanı təmizdir artıq,
xərçəng yığıb veş-vüşünü
çıxıb gedib içindən,
küsüb, dönməz geriyə
mən də sevinim belə.
bax, saçın da var artıq
saçın uzansın, dərdin kiçilsin
xərçəngin də məhv olsun.
Bircə ölüb getmə sən
danla məni, lap istəsən söy məni
həmişə görüm səni

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG