Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:04
Sovet dövründən qalmış bank əmanətlərinin qaytarılması ilə bağlı Azərbaycan Maliyyə Nazirliyinin nəzdində yaradılmış Xüsusi Komissiyanın fəaliyyət qaydaları açıqlanıb.

Nazirlər Kabinetindən «APA-ECONOMICS»ə verilən məlumata görə, qaydalarda Xüsusi Komissiyaya müraciət edilməsi və mübahisələrə baxılması, ümumi nəzarət və komissiyanın fəaliyyəti ilə bağlı məsələlər əksini tapıb.

Qərarda bildirilir ki, Xüsusi Komissiya üzvlərinin azı 2/3-si iclasda iştirak etdikdə, Komissiya qərar qəbul etmək hüququna malik olur.

Xüsusi Komissiyanın iclaslarında bankın nümayəndələri səsvermə hüququna malik olmadan iştirak edirlər.

Komissiya daxil olmuş müraciətləri ən gec 10 iş günü ərzində araşdırır. Xüsusi araşdırma tələb olunan suallar yarandıqda Komissiya müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb edir, müvafiq dövlət orqanlarına sorğu verir və təqdim olunmuş sənədləri rəy (ekspertiza rəyi) verilməsi üçün aidiyyəti dövlət orqanlarına göndərir.

Müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək, aidiyyəti dövlət orqanlarından rəy (ekspertiza rəyi) almaq, əlavə sənədlər tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda, araşdırmanın müddəti daha 10 gün uzadılır.

Həmçinin, Komissiyanın qəbul etdiyi qərarlar barədə əmanətçiyə və Banka 3 iş günündən gec olmayaraq yazılı məlumat verilir. Xüsusi Komissiyanın birdəfəlik ödəmənin verilməsinə dair qəbul etdiyi qərarlar Bank üçün məcburidir.
Əmanətçi Komissiyanın qərarından qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər.

Qaydanın ümumi nəzarət bölməsinə gəldikdə isə burada qeyd olunub ki, Komissiya birdəfəlik ödəmələrin verilməsi işinə ümumi nəzarətin həyata keçirilməsi üçün bu işin təşkili vəziyyəti ilə yerində tanış olmaq, banka və ya onun filiallarına gedərək müşahidələr aparmaq, əmanətçilərin rəyinin öyrənilməsi üçün sorğular keçirmək və bu işlərlə bağlı müvafiq tapşırıqlar vermək hüququna malikdir.

Bank isə hər növbəti ayın 5-dən gec olmayaraq, birdəfəlik ödəmənin verilməsi vəziyyəti barədə məlumatı Xüsusi Komissiyaya təqdim edir. Bu məlumatda əmanətçilərin adları və ödənilmiş məbləğlər filiallar üzrə xronoloji ardıcıllıqla verilir.
Xüsusi Komissiya isə bu məlumatları ümumiləşdirərək, hər növbəti ayın 10-dək Maliyyə Nazirliyinə təqdim edir.

Komissiya fəaliyyətini başa çatdırdıqdan sonra onun fəaliyyəti ilə bağlı sərəncamda olan sənədlər qanunvericiliklə müəyyən olunmuş qaydada Maliyyə Nazirliyinə təhvil verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG