Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:41
Münsiflər bu şeirləri "Ədəbi Azadlıq-2012" müsabiqəsinə qatılmış 149 müəllifin əsəri arasından seçib fərqləndirib, amma 20-liyə düşmək üçün balı kifayət etməyib.


Coşqun Cəfər

(Gürcüstan)


Qiyamət gecəsi

Havaların başına hava gəlib, İlahi,
Qorxudan ağacların əlləri tir-tir əsir.
Şaxta əlinə buzdan xəncər alıb, İlahi,
Qara gözlü gecənin damarlarını kəsir...

Soyuq qış,
Dünyanın ən dəliqanlı yerində,
Qafqazın çox sevilən,
Qədim bir şəhərində

Bahar ürəkli bir qız,
Kimin üçünsə darıxıb
Üşüyür, üşüyür...
Pəncərədən çölə baxıb,
Düşünür, düşünür...
Düşünür yalqız, yalqız...

Ah, kaş bu gecə o qızın,
Düşüncəsi olaydım, İlahi!
Hava olub pəncərəsindən,
Otağına dolaydım, İlahi...

Düşüncəsi olub yoldan,
Çəkəydim gözlərini...
Hava olub bir ovuc gülüş
Tökəydim gözlərinə...

Barmaqlarım toxunaydı,
Barmağına üzük kimi.
Sığallayaydım saçını,
Həzin əsən külək kimi.

Dodaqlarım quş tək uçub,
Qonaydı dodaqlarına.
Dən dənləyən sərçə kimi,
Öpəydim dodaqlarını...

...Bu gecənin nə axırı,
Nə də ki, sonu olaydı.
Bu gecənin sabahsı gün,
Qiyamət günü olaydı...


Qısqanclıq

Qoru üzünü,
Soyuğun odlu öpüşlərindən qoru.
Qısqanıram yanaqlarını havaya;
Küləyə,
Yağışa,
Qara...
Hər şeyə,
Hər kəsə...

Qoy gözlərindən oxuyum məni sevdiyini,
“Sevirəm” sözünü də gətirmə dilinə.
Qısqanıram dodaqlarını
dodaqlarından qopan hər kəliməyə,
Dodaqlarından öpən hər sözə...
Qoru dodaqlarını,
Səni yalnız mən öpə bilərəm.
...Qoru özünü...

Günün bütün mövzuları

XS
SM
MD
LG