Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:56

Məhbus Münzəvi. Bəhanə


Münsiflər bu şeirləri "Ədəbi Azadlıq-2012" müsabiqəsinə qatılmış 149 müəllifin əsəri arasından seçib fərqləndirib, amma 20-liyə düşmək üçün balı kifayət etməyib.


Məhbus Münzəvi


Döngə


Mən bir də heç vaxt gözlərimi qırpmayacam
Ki görüm xəyanəti, yalanı
ki görüm gedəni, qalanı...
Bu döngələr...ah, bu döngələr...
neçə dostu aparmış!
bu döngələr neçə qadınla yatmış!
neçə göz yaşı gözümdən axmış bu döngələrə...
daş döşəmə kimlərəsə isti yataq,
kimlərəsə ayaq altı...
hər gün intihar etməkdən bezmiş Günəş
yenə dirilir!
Saat altı...
...və mən altı dostumla qarşılayıram günəşi otağımda:
qələm, kağız və dörd divar...
bircə onlar dönmədilər addımladığım yoldan...
Hər addımım bir həyat
Hər addımım bir sevgi
Hər addımımda bir itki
GEDƏNLƏR GETDİ...
ama o döngələrdən mənim yoluma da dönənlər oldu, Can
Hüzün döndü...
Hüsran döndü...
ümidlər döndü üzü gözü qan içində...
bircə gedənlər dönmədi, əfəndilər, bircə gedənlər...


Bəhanə

Zorakılığa məruz qalan
qadınlarçün etiraz
Afrikada acların sevgiyə duyduğu ehtiyac
Müharibələr, və hər müharibə sonrası məğlubdur Nika
minaya düşən əsgərin
bədənindən uzaqdakı ayağında
buz kimi baxışlarında
Nazim Hikmətin "Qızcığaz"ı
insanı əzən amerikan burjuası
aşiqlərin yatağı
yataqda şəhvət duyğusu
və bir həşərat dolusu Kafkanın otağı
ya da zibil qutusu
bu qədər çirkinliyin arasında
səni sevmək gözəllikdir

döyüşdən gələcək olan qapı zənginin səsini sədaqətlə gözləyən qadın
arxasındakı bütün sirlərlə 40-cı qapı
və Nikanı təsəlli edir Afina
barmağımı tutmağa calışır körpə yerləşməsə də ovcuna
təbəssüm, məsumiyyət, azadlıq hissləri qoynunda
və Nazim Hikmətin görmək istədiyi “gözəl günlər”
və daha nələr, nələr...
Bunca gözəllik arasında
Səni sevməmək çirkinlikdir

sevgi bəhanədir başdan-ayağa
Mən hər gün səni sevmək üçün bir bəhanə tapacağam.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG