Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:07
Münsiflər bu şeirləri "Ədəbi Azadlıq-2012" müsabiqəsinə qatılmış 149 müəllifin əsəri arasından seçib fərqləndirib, amma 20-liyə düşmək üçün balı kifayət etməyib.


Əli Şirin Şükürlü

təsadüf

hər şey o qədər təsadüfən oldu ki:
mən bu şəhərə gəldim;
sən bu şəhərdə yaşayırdın.
o küçədən keçəsi oldum;
eviniz o küçədə yerləşirdi.
o evin qarşısında dayandım -
sən o evdən çıxırdın.

bunlar hamısı təsadüfən oldu:
mən bu şəhərə gəldim,
o küçədən keçdim,
bu şəhərdə o küçədəki o evin
qarşısında dayandım -
sən çıxdın.
bütün bunlar o qədər təsadüfən oldu ki.

təsadüfən mən
başqa şəhərə gedə bilərdim,
o şəhərdə hansısa küçədən keçərkən
hansısa evdən biri çıxardı və
onunla rastlaşardım.

təsadüfən başqa biri
sizin şəhərə gələr,
sizin küçədən keçərkən
sən evdən çıxardın və...

bunlar hamısı təsadüfən ola bilərdi.

amma sən
bu şəhərdə, o küçədə, o evdə
təsadüfən yaşamırdın.

bu şəhərə
tale gətirib məni?

13.01.2012


sevgi məktubları

yenə də darıxıram,
bir az da dalğınam
hər zaman olduğu kimi.

dəniz qırağındakı
səkilərin üstündə
“sevgi məktubları”,
məhəbbət romanlarından
maraqlı görünür mənə:
S üstəgəl M bərabərdir
oxlanmış ürək – hər birisi
bir sevginin
sentimental mənzərəsi,

mən həsrətdən ölürəm.

sonra
xəyanət sözünü oxuyuram
səkilərin üstündə,
sonrasa axtarıram
öz adımı, toplama işarəsini,
bir qızın demədiyi sözləri,
açmadığı ürəyinin rəsmini,

mən kədərdən ölürəm.

yenə də darıxıram
hər zaman olduğu kimi,
bir az da dalğınam.
səkilərin üstünə
sevgi məktubları yazmaq
keçir könlümdən,
ünvan axtarıram...

və həsrətdən ölürəm
və kədərdən ölürəm.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG