Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:57
-
İFA EDİR ZAUR ƏMİRASLANOV...

Bəlkə də çoxlarınız Zaur Əmiraslanovu «Bakı Payızı 2001» müsabiqəsindən tanıyırsız. O, həmin müsabiqədə birinci yerə layiq görülüb. Vokalçı Zaur Əmiraslanov deyir ki, onunla eyni dövrdə və sonradan sənətə gələnlər tezliklə məşhurlaşa, tanına bildi. Dünyanın 17 ölkəsində Azərbaycan və xarici klassiklərin musiqilərini ifa edən Zaur Azərbaycanda hələ də kifayət qədər tanınmadığını deyir. Bunu isə müxtəlif səbəblərlə izah edir. Deyir ki, əvvəla insanların klassikaya elə də marağı yoxdur:

«Əfsuslar olsun... Bahalı maşın sürmürsənsə, şou-bizneslə sıx əlaqən yoxdursa, sən bugünkü gündə tələbatda deyilsən. Mənim adım gələndə hətta efirdən sənət dərsi keçən bəzi insanlar deyirlər ki, «o, darıxdırıcıdır, o, klassika oxuyur». Başa düşmürəm, klassika darıxdırıcıdırsa, bəs hansı musiqi yaxşıdır? Mən sənətə heç vaxt qazanc mənbəyi kimi baxmamışam, başımı aşağı salıb sənətimlə məşğulam. Ona görə də bəlkə mənim sürdüyüm maşın bir çox sənət aləmində olanların maşınından 5 dəfə ucuzdur, evimin sahəsi azdır».

«MƏŞQLƏRƏ MƏN GETDİM, ROLU BAŞQASI İFA ETDİ»

Zaur Əmiraslanova Konservatoriyada məşhur opera müğənnisi Xuraman Qasımova dərs keçib, qırmızı diplomla magistr dərəcəsi alıb. İtaliyada iki ay vokal təcrübəsi keçib. O, bu il martın 10-da əməkdar artist fəxri adına layiq görülüb. Amma təəssüflə bildirir ki, bu ada namizədliyini Mədəniyyət və Turizm Nazirliyi təqdim etməyib. Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunub. Niyə Daxili İşlər Nazirliyi?! Zaur Əmiraslanov bu nazirliyin Daxili Qoşunların orkestrində dirijor köməkçisidir.

Fidan Hacıyeva

Fidan Hacıyeva

«KLASSİK MUSİQİNİN ÖZÜNƏMƏXSUS AUDİTORİYASI VAR»

Azərbaycan səhnəsinin Karmeni – Opera və Balet Teatrının solisti Fidan Hacıyeva isə əksinə düşünür ki, klassik musiqiyə kifayət qədər maraq var, hər tamaşada teatrda boş yer qalmır. Fidan Hacıyeva klassik musiqini digər janrlarla müqayisə edərək deyir ki, bu, normaldır:

«Dünyanın heç bir yerində klassika ilə pop-musiqi heç vaxt bir səviyyədə olmayıb. Pop-musiqisini sevənlər daha çox olub. Amma klassik musiqi daha ağır janrdır. Onu düşünmək, daha dərindən başa düşmək lazımdır. Amma pop-musiqisi daha çox əyləncə musiqisidir. Onu həm gənclər, həm orta nəsil, həm də yaşlılar sevir. Amma klassikanın daha məhdud və özünəməxsus auditoriyası var».

Klassik musiqi insanın daxili aləminin qidalandırılmasında, kainatın gözəlliklərinin hiss edilməsində əvəzsiz vasitədir. Alimlər sübut ediblər ki, klassik musiqi bir çox xəstəliklərin, xüsusilə əsəb xəstəliyinin müalicəsinə müsbət təsir göstərir.

«MƏHƏBBƏT ƏFSANƏSİ...»

Arif Məlikovun 1961-ci ildə yazdığı «Məhəbbət əfsanəsi» baleti dünyanın 60-dan çox teatrında səhnəyə qoyulub. Martın 23-də Sankt-Peterburqun Marinski Teatrında bu tamaşanın səhnələşdirilməsindən 51 il ötdü. 60-cı illərin əvvəlində «Məhəbbət əfsanəsi» baleti Azərbaycanda da səhnəyə qoyulub. Amma uzun illərdir Azərbaycan tamaşaçısı bu baletə baxmaqdan məhrumdur. Arif Məlikov «Məhəbbət əfsanəsi»ndən sonra 1969-cu ildə «İki nəfər», 1982-ci ildə «İki ürək» dastanı, 1999-cu ildə isə «Yusif və Züleyxa» baletlərini yazıb. Bu baletlər də bir dəfə də olsun Azərbaycan səhnəsinə qoyulmayıb. Arif Məlikov AzadlıqRadiosunda danışır:

Arif Məlikov

Arif Məlikov

«Onilliklər keçir. Amma yazdığım baletlərin birinin də iyi yoxdur o teatrda. O teatrın (Azərbaycan Dövlət Akademik Opera və Balet teatrını nəzərdə tutur - N.F.) heç mümkünatı da yoxdur ciddi səviyyəli tamaşa qoymağa... «Məhəbbət əfsanəsi» layiqli əsər deyilsə, niyə dünyanın 60 teatrında səhnələşdirilib? Dünyanın bir nömrəli teatrında – Böyük Teatrda, Marinski Teatrında, Praqada, Helsinkidə, Bolqarıstanda, Türkiyədə... Sovetlərin bütün teatrlarında oynanılıb. Bu yaxınlarda Qazaxıstanda, Ukraynada yenidən qoyduq. Azərbaycanda da qoyublar 1962-ci ildə. Tamaşanı saxlaya bilməyiblər».

AYA 7 TAMAŞA...

Arif Məlikov «Məhəbbət əfsanəsi»nin yaranma tarixindən danışır. O, bu baleti yazanda cəmi 26 yaşı varmış. Deyir ki, konservatoriyanı bitirəndə gec-tez balet yazacağını bilirmiş. «Məhəbbət əfsanəsi»ni yazıb bitirdikdən sonra onu aparıb Leninqrada, Marinski teatrına. Əsər dinlənilib və qəbul edilib. Bir neçə müddətdən sonra isə səhnələşdirilib. 1962-ci ildə isə Azərbaycanda da balet tamaşaya qoyulub.

Arif Məlikov o vaxtın teatrı ilə indiki teatrın fərqini izah edir:

«O vaxtlar az adam istisna olmaqla hamı bilirdi ki, Opera və Balet Teatrı bazar ertəsi işləmir. Amma həftənin qalan günləri - hətta bazar günləri iki tamaşa səhnəyə qoyulurdu. Təsəvvür edin, həftəyə 7 tamaşa oynanılırdı. Amma indi heç bir aya 7 tamaşa oynanılmır».

MUSİQİ HƏYATI MÖVCUD OLMAĞA BAŞLAYIB

Elmir Mirzəyev

Elmir Mirzəyev

Bəstəkar Elmir Mirzəyev isə deyir ki, 5 il öncə heç hansı musiqinin yaxşı və pis olduğunu müzakirə etmək imkanı belə yox idi. Çünki Azərbaycanda musiqi həyatının özü mövcud deyildi:

«Qarabağ müharibəsinin, SSRİ-nin dağılmasının ən böyük zərbəsi mədəniyyət sahəsinə dəydi. Mədəniyyət sahəsi ən gec inkişafa başlayan sahə olub. Amma ən azı 5 il öncə ilə müqayisədə indi vəziyyət yaxşılaşıb. Azərbaycanda musiqi həyatı mövcud olmağa başlayır. Yadımdadır, 6-7 il əvvəl tələbələrimə deyirdim ki, gərək əvvəl musiqi həyatının özü mövcud olsun. Ona görə də hansı əsərin pis və ya yaxşı olduğunu müzakirə etmək mümkün deyil. Amma artıq musiqi həyatının özü var».

MOTSART TAMAŞAYA QOYULURSA...

Elmir Mirzəyev deyir ki, Opera və Balet Teatrında Motsartın əsərinin tamaşaya qoyulmasına hazırlaşmaları müsbət haldır. Onun fikrincə, ilk dəfədir ki, Azərbaycan teatrı Motsartın yaradıcılığına müraciət edir və belə bir mürəkkəb tamaşanı hazırlayır. Elmir Mirzəyev necə alınacağından asılı olmayaraq, bu tamaşaya hazırlaşmanı müsbət qiymətləndirir.

Aprel ayında Opera və Balet Teatrında Motsartın «Hamı belə edir» və Dmitri Şostakoviçin «Xanım və xuliqan» tamaşalarının premyerası olacaq.

Apreldə teatrın repertuarında «Arşın mal alan», «Aşıq Qərib», «Aleko», «Qu gölü», «Aida», «Xanım və xuliqan», «Toska», «Leyli və Məcnun» tamaşaları var.

Şərhləri göstər

XS
SM
MD
LG