Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:07
«Xəyal» televiziyasının icraçı direktoru Vüqar Qonaqov vəkili Elçin Sadıqovdan imtina edib.

Elçin Sadıqov AzadlıqRadiosuna belə deyib:

- Onu məndən imtina etməyə vadar ediblər.

- Necə məcbur olunub? İşgəncə veriblər? Psixoloji təzyiq olub?

- Hiss olunurdu ki, o, çox qorxurdu. Getdik Cinayətkarlıqla Mütəşəkkil Mübarizə İdarəsinə. Dedilər ki, səni görmək istəyir. Müstəntiq Orxan Dəmirli və dövlət tərəfdən təyin olunan vəkil Şöhrət Allahmanov artıq orda idilər. Onlar məndən qabaq gəlmişdilər. Dedilər ki, Vüqar Qonaqov məndən imtina edir. Özüylə söhbət etdim. Hiss olunurdu ki, məndən imtina etməyə məcbur edilib. Deyirdi ki, mən onu başa düşməyə çalışım. Və faktiki məndən məcburən imtina edir. Bu hadisə birbaşa prokurorluğun təsiri ilə baş verib. Hesab edirəm ki, şəxsin hüququ pozulub.

Vəkil Elçin Sadıqov bunun səbəbini də izah edir:

«Sadəcə istəyirlər ki, dövlət tərəfindən təyin olunan vəkillərdən başqa vəkil prosesə girməsin. Bunu məqsədli şəkildə edirlər ki, həm təqsirləndirilənlər normal müdafiədən məhrum olunsunlar, həm də istintaqın qanunsuzluqları ictimailəşdirilməsin».

VƏKİL DƏ, PROKURORLUQ DA TƏKZİB EDİR

Respublika Prokurorluğu

Respublika Prokurorluğu

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyilənləri təkzib etdi.

Vüqar Qonaqovun dövlət tərəfindən təyin edilən vəkili Şöhrət Allahmanov isə baş verənlərdən xəbərsiz olduğunu söylədi:

- Səbəbini deyə bilmərəm. Onun öz hüququdur, məndən də imtina edə bilər. Tutulan gündən yanında olmuşam. Şikayəti, narazılığı olmayıb. Ailəsinə məlumat vermişəm.

- Vüqar Qonaqov ona qarşı sürülən ittihamları qəbul edirmi?

- İstintaq sirrini yaya bilmərəm.

- Özünü günahkar sayır, ya yox?

- İstintaq sirri olduğuna görə deyə bilmərəm.

- Elçin Sadıqov deyir ki, onu vəkildən imtinaya məcbur ediblər.

- Mənim xəbərim yoxdur. Mən türmədəydim. Mənə sonra dedilər ki, imtina edib... Heç kim ona təsir, təzyiq etməyib, döymək-söymək olmayıb. Hər dəfə soruşuram bunu. Bir də bu rezonanslı işdir deyə, kim ona çırtma vura bilər? Sabah üstü açılar...

Bu, vəkil Şöhrət Allahmanovun dedikləridir. O, Vüqar Qonaqovun özünü təqsirli bilib-bilməməsi haqda sualı cavablandırmadı. Vüqar Qonaqov

Vüqar Qonaqov

Amma onun sabiq vəkili Elçin Sadıqov Vüqar Qonaqovun özünü günahkar saymadığını, ittihamları qəbul etmədiyini bildirir.

İCRA BAŞÇISININ ÇIXIŞI NECƏ MONTAJ OLUNUB

Vüqar Qonaqov «Xəyal» müstəqil teleradio şirkətinin icraçı direktorudur. O və televiziyanın baş redaktoru Zaur Quliyev, Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Quba ərazi şöbəsinin məsləhətçisi Zakir Məmmədov, Quba şəhər bələdiyyəsinin sədri Elxan Əliyev Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilərək həbs ediliblər.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ötən il noyabrın 22-də Quba rayon İcra Hakimiyyətində keçirilən müşavirədə «Xəyal» TV videoçəkiliş aparıb. Quba şəhər bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri Elxan Əliyev «Xəyal» TV-nin icraçı direktoru Vüqar Qonaqovdan xahiş edib ki, icra başçısının çıxışının qısa variantını hazırlasın. Prokurorluğun bildirməsinə görə, bunun əvəzində Vüqar Qonaqova 140 manat ödənib.

Açıqlamada deyilir ki, Vüqar Qonaqovun tapşırığı ilə şirkətin baş redaktoru Zaur Quliyev və montajçı İslam Aslanov icra başçısının söylədiklərini ardıcıllığı pozaraq montaj edib. Qubada «Xəyal» televiziyası

Qubada «Xəyal» televiziyası

Videomaterial 2011-ci il dekabrın 18-də Elxan Əliyevə verilib.

ZAKİR MƏMMƏDOV DA ÖZÜNÜ GÜNAHKAR SAYMIR

Zakir Məmmədov özünü təqsirli bilmir. Onun vəkili Səfər Hüseynov AzadlıqRadiosuna belə deyib.

Rəsmi məlumatda deyilir ki, Zakir Məmmədovun mənzilinə keçirilmiş baxış zamanı «destruktiv məzmunlu çağırış vərəqələri, Siyəzən rayonu ərazisində gizlətdiyi 3 ədəd disk, «Xəyal» müstəqil teleradio şirkətinə məxsus prosessor və digər dəlillər maddi sübut kimi götürülüb».

Vəkil isə Zakir Məmmədovun bu deyilənləri təkzib etdiyini bildirir:

«Onun üstündən 3 disk çıxıb. Yolda tutublar, işdən gələndə. Guya yayırmış diskləri. Amma o da deyir ki, yaymaq üçün götürməmişəm. Yalnız başçıdan şikayətim vardı. Başçının əməllərini demişdim ki, köçürün. Bir də öz yazdıqlarım vardı, onları bir yerə yığıb prezidentə təqdim edəcəkdim».

Səfər Hüseynov «Xəyal» TV-nin baş redaktoru Zaur Quliyevin də vəkilidir. Onun da ittihamları rədd etdiyini bildirir.

Bu il martın 1-də Qubada etiraz aksiyaları keçirilib. Quba sakinləri icra başçısının öz çıxışında qubalıları təhqir etdiyini bildiriblər. Aksiyaya səbəb də elə həmin çıxışın videosunun yayılması olub. Ertəsi gün icra başçısı Rauf Həbibov işdən çıxarılıb.

Şərhləri göstər

XS
SM
MD
LG