Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:26
Münsiflər bu şeirləri "Ədəbi Azadlıq-2012" müsabiqəsinə qatılmış 149 müəllifin əsəri arasından seçib fərqləndirib, amma 20-liyə düşmək üçün balı kifayət etməyib.


Elnaz Eyvazlı


***

Bir sən vardın,
əlləri göydən üzülmüş.
Bir mən vardım,
Dizlərinə dolanmış qollarına
Bəlalı başını söykəyib
Ümidsiz-ümidsiz mürgüləyən…
Bir biz vardıq
Bir-birindən xəbərsiz,
Eyni gecələrdə yalquzaq kimi
Ayrı-ayrı ulayan…
Yalan,
yanlış sevdaların əlindən
yorğun,
tövbəli…
Ancaq oğrun-oğrun sevmək, sevilmək
Ümidilə hər səhərə üz tutan
Sən və mən –
xəbərsiz bir-birindən.
Leyləklərmi dimdiyində gətirdi,
mələklərmi qanadında?!
Yadında?
Necə sevdik?
Qorxa-qorxa,
divardan tuta-tuta yeriyən körpə kimi
bir-birmizdən tutub
sevdik bir-birimizi.
İtirdik, səni və məni…
O gündən tapdıq bizi…


***


Əlin yatmaz heç nəyə,

nə yatmağa, nə durmağa həvəsin olar.

Hər şey cırnadar səni,

bilmərsən nədir səbəbi,

gərgin, dözülməz və əsəbi,

xəstə olarsan, dostum, xəstə.

Haran ağrıyır,

niyə ağrıyır,

izah edə bilməzsən heç kimə.

Yaxınların narahat olub

"həkimə get,"- deyər.

Anlamazlar ki səni,

nə deyəsən həkimə?!

İçində qıc olarsan,

ürəyin yumağa dönər.

Ancaq gözlərin

bir cüt ümid işığına baxanda anlarsan:

"Necə bilməmişəm mən axmaq,

Darıxmaq imiş bu, səndən ötrü darıxmaq”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG