Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:36

Qala - Qədim kəndin tarixi problemləri


Qala kəndi
Qala kəndi
Abşeronun qədim yaşayış yerlərindən olan Qala kəndinə ayaq basandan tarixiliyi kəndin hər məhəlləsində hiss edirsən. Kənddə məscidlər, hamamlar, ovdanlar, yaşayış və yardımçı tikililər də daxil olmaqla 200-dən artıq tarixi-memarlıq abidəsi var. Yəqin elə buna görədir ki, kənd 1988-ci ildən qoruq elan olunub.

QALANIN ƏBƏDİ AVTOBUS PROBLEMİ

Ancaq nə bu qoruq kəndə işləyən avtobus var, nə də qədim torpağı canlandıran su. Bakının 35 kilometrliyində yerləşən kəndin sakinləri qonşu Türkan və Zirə kəndlərinin avtobuslarından istifadə edir. Kəndin kənarındakı yolda avtobusdan düşür, kəndin içinə qədər olan məsafəni pay-piyada gedirlər.

«Bizim şəhərə işləyən avtobusumuz yoxdur. Bir müddət vardı, sonra yığışdırdılar. O da heç kəndin içində dayanmırdı, dördyolda dayanırdı» deyən kənd sakini Vaqif Abdullayev ağır yükü ilə kənd yolunu tutur.

XIV əsrdə tikilmiş Qala divarlarının olduğu hissə kəndin tarixi mərkəzi sayılır. Bu ərazidə təmir işləri aparılıb. Kəndin bu hissəsində işıq, qaz var, asfalt yol salınıb. İrad Şirinov bu məhəllədə yaşayır:

MUZEYİN XEYRİ

«Əvvəllər burada belə şərait yox idi. Muzeyin bizə o xeyri var ki, təmizlikdir. Qaz da gəlir, işıqlarımız da yaxşıdır».

Mətanət Əliyeva isə başqa məhəllə sakinidir. O, deyir ki, digər məhəllələrdə problemlər əvvəllər olduğu kimidir:

«Biz məktəb tərəfdə oluruq. Bizim məhəllədə qaz yoxdur, odunun ümidinə qalmışıq. Gözdənuzaq, könüldən iraq yerdəyik. Nə bir gəlib soruşan, nə də bir baxan var».

SUSUZLUQ VƏ İŞSİZLİK

Kənd sakini Qismət Qədimov və ulağı
Kənd sakini Qismət Qədimov və ulağı
Suyun olmaması, işsizlik isə kənd sakinlərinin ümumi problemidir:

- Çox çətinlik çəkirik. Suyu 30-20 manata alırıq, heç bir ay istifadə edə bilmirik.

- Qabaq torpaqda nəsə əkib-becərirdik, indi isə su yoxdur deyə, heç nə edə bilmirik.

- Suyu alırıq, tarixən bu kəndin suyu olmayıb. Hərdən eşidirik, nəsə vədlər verirlər.

- Bu kəndin ən böyük problemlərindən biri də işsizlikdir. Nə qadına iş var, nə kişiyə.

ALTERNATİV NƏQLİYYAT VASİTƏLƏRİ

Qala kəndində əvvəllər olduğu kimi, indi də heyvandarlıqla məşğul olurlar. Kənddə at, ulaq da görmək olar. Kənd sakini Qismət Qədimovun ulağı var. Deyir ki, ulaq ona çox işdə kömək edir:

«Mənə çox köməyi dəyir. Odun, yük gətirirəm. İnək, qoyun saxlayırıq, onlar üçün bununla ot daşıyıram».

17 yaşlı Əkbərin isə atı var. Deyəsən, yad adam atın xoşuna gəlməmişdi. Yerində vurnuxur, kişnəyirdi. Əkbər isə deyir ki, «Şaftalı» adı verdiyi bu at çox sakitdir:

17 yaşlı Əkbər və atı
17 yaşlı Əkbər və atı
«Ata baxmaq elə çətin deyil, həvəsin olsa, baxmaq asandır. Rəngi şaftalı rəngdə olduğu üçün adını da Şaftalı qoymuşam. Həm də yaxşı nəqliyyat vasitəsidir».

DÖVLƏT PROQRAMI PROBLEMLƏRİ HƏLL EDƏCƏK?

Kənd sakinlərinin problemləri ilə əlaqədar bələdiyyə sədri və icra nümayəndəsi ilə danışa bilmədik. Onların Xəzər rayon İcra Hakimiyyətində iclasda olduqlarını bildirdilər. Bələdiyyədə şöbə müdiri işləyən Əkbər Məmmədov isə deyir ki, 3 ay əvvələ qədər qəsəbə icra nümayəndəsi işləyib, kəndin bütün problemləri ona tanışdır:

«Kəndə su çəkilməsi dövlət proqramında da var. Bu ilin axırı - gələn ilin əvvəli bütün su problemi həll olunacaq. Susuz olan daha çox yeni massivlərdir. Qaz, işıq isə əladır, hərdən qaz zəif olsa da, normalaşır. Bütün xətlərin dəyişdirilməsi planlaşdırılır. Avtobusa gələndə, 4-5 marşrut işləyir, yolun kənarından keçir. Vacib deyil ki, kəndin içindən keçsin. Ancaq bu da planda var».

Qalalılar isə bu planların həyata keçiriləcəyi günü səbirsizliklə gözləyirlər.
XS
SM
MD
LG