Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:48
Avstraliyadan olan cütlük - John Kan və Rachel Evans ötən il Kanadaya, Vankuverə gedəndə heç səyahət sığortası şərtlərinə baxmamışdılar da. Ancaq bu onlara çox baha başa gəlib - düz 1 milyon dollara.

Məsələ bundadır ki, səfərə gedəndə Rachel hamilə olsa da, hələ vaxtının tamamına düz 14 həftə qaldığından səyahət sığortası müqaviləsində doğuşla bağlı şərtlərə fikir verməyib. Ancaq Vankuverdən Sidneyə qayıdanda, hava limanında qəfil sancıları başlayıb. Xəstəxanaya çatdırılan Rachel burada 26 həftəlik körpəsini – qızı Piperi dünyaya gətirib.

Ancaq Piper çox kiçik və zəif olub. Özü nəfəs ala bilmədiyindən onlar düz 3 ay xəstəxanada qalmalı olublar. Körpəni də xüsusi aparatda saxlayıblar.

Sonunda həkimlər ana və qızını xəstəxanadan buraxmaq qərarı verəndə hesabı da atasına təqdim ediblər. Xəstəxana xərcləri hər gün üçün təxminən 9 min ABŞ dollarından hesablanmaqla, 1 milyon dollara yaxın olub.

Öncə John Kan buna elə də fikir verməyib, hesabı sığorta şirkətinin ödəyəcəyini düşünüb. Ancaq belə olmayacağını biləndə xəstəxana ilə danışıqlar aparıblar və razılığa gəliblər ki, ayda 300 dollar olmaqla John bu pulu ödəyəcək. Yəni onun xəstəxanaya borcunun ödənməsi haradasa 278 il çəkəcək.

İndi Rachel Evans və John Kan borclu ölməmək üçün pul yığma kampaniyası aparırlar. Eyni zamanda ümid edirlər ki, Avstraliya hökuməti də onların borcu qaytarmaq üçün göstərdiyi cəhdi və xoş niyyəti nəzərə alacaq və yardımını əsirgəməyəcək.

Ancaq Rachel həm də deyir ki, “xərci çox olsa da, dünyaya gələn sağlam körpəyə çox şükür edirlər. Bunun dəyəri pulla ölçülə bilməz”.

Bu arada Avstraliya hökuməti əvvəlcə məsələnin səbəbini araşdırıb. Məlum olub ki, Avstraliyanın ancaq 11 ölkə ilə tibbi sığorta öhdəliklərinin tanınması müqaviləsi var. Yəni, istənilən ölkə vətəndaşı harasa səfərə gedəndə sığorta müqaviləsinin detallarını incələsə yaxşı olar.

Rachel bunu etmədiyinə görə heç kimi ittiham etmir. Deyir ki, “bu kiminsə məsuliyyətsizliyi yox, bizim öz səhvimiz olub. Ancaq bu çox astronomik rəqəmdir və bunu ödəmək üçün istənilən yardım yerində olardı”.

Borcun ödənməsinə gəlincə, hökumət söz vermir. Səhiyyə və Yaşlanma nazirliyindən sadəcə deyiblər ki, onlar bunun mümkün olub-olmadığını diqqətlə araşdıracaqlar.
XS
SM
MD
LG