Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:05

Xaçmazda sahibkar ailəsinin faciəsində icra başçısı da günahlandırılır


Xaçmazda «Arzu» Ticarət Mərkəzinin sahibləri -- direktor Gülnarə Həbibova və onun qardaşı Fuad Həbibov
Xaçmazda «Arzu» Ticarət Mərkəzinin sahibləri -- direktor Gülnarə Həbibova və onun qardaşı Fuad Həbibov
2010-cu ildə qətlə yetirildiyi iddia edilən xaçmazlı işadamı Nəcibə Babayevanın qızı Təranə Həbibova bu il martın 28-də beşinci mərtəbədən özünü ataraq intihar edib. İntihara səbəb anası ilə bağlı istintaqın düzgün aparılmaması, cinayətin ört-basdır edilməsi göstərilir.

Bunu AzadlıqRadiosuna Nəcibə Babayevanın oğlu Fuad Həbibov bildirib. Fuad Həbibov hesab edir ki, bütün bunlar Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin anasına məxsus «Arzu» Ticarət Mərkəzini mənimsəmək üçün onun ailəsi ilə çəkişmələrin nəticəsidir:

«ANAM ÖLDÜRÜLƏNDƏN SONRA BACIM DEPRESSİYAYA DÜŞMÜŞDÜ»

«Anam öldürüləndən sonra bacım son 1-2 ayda depressiyaya düşmüşdü. Anamın qatilinin və qətlin sifarişçisinin bilərəkdən tapılmamasına, icra başçısı Şəmsəddin Xanbabayevin rəhbərlik etdiyi bir qrupun sahibi olduğumuz «Arzu» Ticarət Mərkəzini əlimizdən almasına dözə bilməyib özünü atdı. Biz ona ümid verirdik ki, bu işin üstü açılacaq, haqq-ədalət yerini tapacaq. Amma heç bir şey olmadı. Səhər o biri bacım yatmış olarkən pəncərədən özünü atıb».

Fuad Həbibov deyir ki, rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin adı keçdiyi üçün hüquq-mühafizə orqanları bu məsələni ört-basdır etməyə çalışırlar.

PREZİDENTİN XAÇMAZA SƏFƏRİNDƏN SONRA HƏBİBOVLAR AİLƏSİNDƏ YARANAN ÜMİD

Amma deməsinə görə, prezident Xaçmazda olarkən digər bacısı Gülnarə evin üstündən qışqıraraq ona müraciət edib. Bundan sonra rayon prokuroru istefaya göndərilib. Fuad Həbibov deyir ki, bu hadisə işin üstünün açılacağına ümid yaratsa da, sonradan heç nə dəyişməyib.

Şəmsəddin Xanbabayev

O, Baş prokuror və Daxili İşlər nazirinin onları qəbul etdiyini də bildirir. Amma vəziyyət yenə də dəyişməyib. Fuad Həbibovun fikrincə, ortada olan nəticə odur ki, ailəyə məxsus «Arzu» Ticarət Mərkəzini əllərindən almaq üçün artıq bütün məhkəmə instansiyaları keçilib. İndi Ali Məhkəmə də qarşı tərəfin xeyrinə qərarı qüvvədə saxlasa, artıq ticarət mərkəzi ailənin əlindən çıxacaq. Fuad Həbibov əmindir ki, elə belə də olacaq. O, bunu onların arxasında heç kimin dayanmaması ilə izah edir.

«Arzu» Ticarət Mərkəzinin sahibi Nəcimə Babayeva 2010-cu il sentyabrın 15-də evində boğazı kəsilərək ölmüş halda tapılıb. Onun qızı - 49 yaşlı Təranə Həbibova Qubada yaşayırmış. Qonşularında hüzr yeri düşdüyü üçün Xaçmaza bacısı Gülnarə Həbibovanın evinə gəlib və səhər saatlarında beşinci mərtəbədə yerləşən mənzilin pəncərəsindən özünü atıb.

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev isə bu işdə adının hallandırılmasını əsassız sayır. Deyir ki, bir nəfər nəyisə iddia edə bilər. Ancaq Xaçmazın 165 min əhalisi var və heç kim bu deyiləni təsdiqləməz:

«AMALIM MÖHTƏRƏM PREZİDENTİMİZƏ XİDMƏT ETMƏKDİR»

«İntiharla bağlı araşdırma gedir. Daxili İşlər Nazirliyindən və Baş Prokurorluqdan gəlib, iş aparırlar. Mənim bazarla nə işim? Belə şeylər məndən çox uzaqdır. Mənim amalım möhtərəm prezidentimizə xidmət etməkdir. Bu istiqamətdə də Xaçmazda əlimdən gələni edirəm».

Baş Prokurorluq da bu ailənin iddialarını əsassız sayır.

Baş Prokurorluq
Baş Prokurorluq
PROKURORLUĞUN MÖVQEYİ...

Bu qurumun mətbuat xidmətindən verilən məlumata görə, cinayət işi üzrə ibtidai araşdırma Baş prokurorun şəxsi nəzarətinə götürülməklə Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində davam etdirilir.

Məlumatda qeyd edilir ki, Nəcimə Babayevanın yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Xaçmaz rayon Prokurorluğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açıb.

İş üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə tapşırılıb. Cinayət işi üzrə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilib, 250-dən artıq şahid dindirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən o da bildirilir ki, Nəcimə Babayevanın övladları istintaqın gedişi ilə bağlı mütəmadi olaraq qəbul edilib məlumatlandırılıblar.

Məlumata görə, Baş Prokurorluğun, eləcə də Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri Nəcimə Babayevanın qızı Təranə Həbibovanın intihar etməsi faktı ilə əlaqədar dərhal Xaçmaz rayonuna ezam olunublar.

Artıq martın 28-də bu ölüm işinə görə də Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluğun məlumatına görə, hələlik intiharın səbəbi istintaqa məlum deyil.
XS
SM
MD
LG