Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:07

Toxunulmaz nazir işgəncə tərəfdarı olduğunu etiraf edib


Asgat Safarov, solda

Asgat Safarov, solda

-

QƏTLLƏR DAYANDI, AMMA İŞGƏNCƏ BAŞLADI?

Tatarıstanın Daxili İşlər naziri Asgat Safarov bu günə kimi ölkənin toxunulmaz adamlarından idi. Zarafat deyil, 50 yaşlı naziri vəzifəyə təyin edəndən sonra Kazan mafiyasından, günün günorta çağı baş verən cinayətlərdən, adam oğurluqları və qətllərdən əsər-əlamət qalmamışdı.

1980-ci ildən milis strukturlarında yüksələ-yüksələ Muxtar Respublıika rəhbəri Mintimer Shaimiyevin gözünə girən Safarov 1998-ci ildə Daxili İşlər naziri təyin edildi. Sonra da Kazandakı cinayətkarlıqla mübarizəsiylə məşhurlaşdı.

Ancaq Yabloko partiyasının Kazan şöbəsinin sədri Ruslan Zinatullin deyir ki, əslində onun mafiyanın kökünü kəsməsi söz-söhbəti daha çox kosmetik dəyişiklik idi:

“O vaxt günün günorta çağı adam öldürən qatilləri tutdular. Onlar həbsə atılandan sonra yerlərinə başqaları peyda oldu, hakimiyyətin nəzarətində olanlar. İndi hansısa reydlər və səs-küylü qətllər yoxdur, ancaq cinayətkarlıq elə eyni səviyyədədir”.

Rusiya prezidenti Dmitry Medvedev 2 il əvvəl Tatarıstan prezident Shaimiyevin yerinə Rustam Minnikhanovu təyin edəndə Daxili İşlər nazirinin də mövqeyi bir qədər zəiflədi. Bu ay Kazanda 52 yaşlı bir şəxsin polis məntəqəsində döyülməsi, şampan şüşəsi ilə zorlanmasından sonra xəstəxanada ölməsinin ardınca nazirin kreslosu əməlli başlı laxlayıb.

ARTIQ NAZİRƏ QAPINI GÖSTƏRİBLƏR

Ötən həftə prezident Minnikhanov onu rəsmən Nazirlər Kabinetindən də çıxardıb. Düzdür, bu qərarı güc strukturlarının Moskvanın tabeçiliyinə verilməsi isə əsaslandırıblar. Amma Martın 27-də Moskvadan gələn başqa açıqlama Asgat Safarovun təhlükədə olduğunu göstərir. Rusiyanın Baş müstəntiqi bildirib ki, 2010-cu ildən bu yana Tatarıstanda polisdə işgəncə şikayətlərinin hamısını bir-bir araşdıracaqlar. Bundan ötrü Moskvadan Kazana xüsusi istintaq komitəsi göndərilib.

Araşdırmağa isə çox şey var. Çünki martda zorlanıb ölən Nazarovdan başqa yanvar ayında da Tatarıstanda oxşar hadisə baş vermişdi. 15 yaşlı gənc polis məntəqəsində ölmüşdü. Bundan sonra Kazan polis idarəsinin rəisi işdən çıxarılmışdı.

Kazan İnsan Haqları Komitəsinin sədri Bulat Mukhamedzhanov deyir ki, əslində işgəncəylə bağlı son iki ildə heç nə dəyişməyib. Hər şey 10 il əvvəl də belə idi:

“Biz 10 ildir polisdə və güc strukturlarında işgəncə şikayətlərini araşdırır. Və təcrübəmizə əsasən deyə bilərəm ki, işgəncə praktikası necə vardısa elə də qalıb. Heç nə dəyişməyib.”

Üstəlik, yanvar ayında Daxili İşlər nazirinin yazdığı “ Kazan fenomeninin sonu – Tatarıstanın mütəşəkkil cinayətkar qruplarının məhvi” adlı kitabında da işgəncə tərəfdarı olduğunu etiraf edir.

KİTABINDA İŞGƏNCƏNİ ƏSASLANDIRIR

Safarov yazır ki, “Orta əsrlərdəki qəddarlığın çox məntiqi izahı var. Çünki sən kimisə elədiyinə görə bir neçə dəfə edam edə bilməzsən, ancaq onun başına elə iş gətirə bilərsən ki, bu başqalarına da dərs olsun”.

Bu kitabın dərcindən sonra "Moskovsky komsomolets" qəzetinə müsahibə verən və özünü Tatarıstan polisinin keçmiş əməkdaşı kimi təqdim edən Yuri deyib ki, onların istifadə etdiyi dindirmə metodları heç də yeni deyil. Bunlardan 1937-ci illərdə istifadə olunurdu. Cəmiyyəti cinayətdən qorumağın başqa yolu yoxdur. Kimsə bu çirkli işi görməlidir, əvvəllərdən məlum olan dindirmə yollarından istifadə etmək işi isə polisin üzərinə düşüb”.

Mart ayının 26-da, Regions.ru saytı yazıb ki, “Daxili İşlər naziri mütəşəkkil cinayətkarlığa son qoyduğunu düşünür. Ancaq indi aydın olur ki, elə buna da dəhşətli qanun pozuntuları ilə nail olubmuş”.

Moskvadakı Carnegie Mərkəzindən Nikolai Petrov deyir ki, baş verənlər o qədər geniş əks-səda doğurub ki, Safarovun toxunulmazlıq statusuna artıq son verilə bilər:

“O, Tatar siyasi elitasına çox yaxındır və uzun müddət toxunulmaz olub. Əlbəttə ki, o, Kremlə də yaxınlığını sübut edə bilər, ancaq bundan ötrü onu vəzifəsində saxlamağa ehtiyac yoxdur”.

Ancaq Tatarıstandakı bir çox şərhçilərin, məsələn Yabloko partiyasından Zinatullinin fikrincə, nazirin dəyişməsi ilə işgəncə praktikası dəyişən deyil. Çünki bu sistem çox əvvəldən qurulub və istər polis, istər müstəntiqlər və prokurorlar , hamısı bunu ört-basdır etməyə çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG