Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:17
Ağ və bənövşəyi muncuqlardan hazırlanmış incə, nəfis güldan. Beləsinə siz mağazada rast gələ bilməzsiz. Qəndqabı, güllər, ilan, zürafə, dovşan... digər məişət əşyaları və suvenirlər. Bütün bu işlər bir insanın əlindən çıxır. Dünyanın səslərini eşitməyən və ömründə bir dəfə də olsun danışa bilməyən Gülzadə Verdiyevanın. O, dekorativ-tətbiqi sənət ustası üzrə mükafatlar və təşəkkürnamələrlə təltif olunub.

İKİ GÜNƏ 900 MANAT

50 yaşlı Gülzadə Verdiyeva eşitmə və danışma qabiliyyətindən məhrum olsa da, iş qadını kimi uğur qazanıb. Martın 7-də və 8-də hazırladığı məhsulların satışından iki günə 900 manat qazanıb. Orta hesabla bir aya 1500 manat qazanır:

«Martın 7-də və 8-də «Nərimanov» metrosunun yanında məhsulları satdı. İki günə 900 manat pul qazandı».

ƏVVƏL DƏRZİ… SONRA SƏNƏT USTASI...

Onunla qızı - 17 yaşlı Turanənin köməkliyi ilə ünsiyyət qururam. Deyir anası bu işə 4 ildir ki, başlayıb və hər il özünü bu sahədə daha da inkişaf etdirir:

«Əvvəllər dərzilik edib, sonra paltar toxudu. Hazırda isə muncuqla müxtəlif suvenirlər və məişət əşyaları hazırlayır».

Onun hazırladığı məhsulların orta qiyməti 5-20 manatdır. Ən əziyyətli iş suvenirlərin hazırlanması olsa da, ən az satılan da suvenirlərdir. Daha çox məişət əşyalarına tələbat var.

Gülzadə Verdiyeva hazırda mayda keçiriləcək «Eurovision» müsabiqəsinə hazırlaşır. Paytaxta gələcək turistlərin diqqətini çəkəcək fərqli suvenirlər hazırlayır:

«May ayında keçiriləcək «Eurovision»a görə dəvət almışıq. Orada daha çox məhsul satmağa şansımız olacaq».

AZƏRBAYCANDA MUNCUQLAR TAPILMIR...

Qızına cehiz saxladığı əl işlərini göstərir. Dediyinə görə, onlar arasında elələri var ki, sonradan hazırlamaq istəsə də, bu cür alınmayıb. Amma bəzilərində istifadə etdiyi aksessuarları və muncuqları tapa bilmədiyindən qızına saxlayıb:

«Muncuqları tapmaq çox çətindir. Xaricdən sifariş verəndə də, baha başa gəlir. Azərbaycana gətirilən muncuqlar da ancaq bir formada olur».

Deyir ki, fərqli və növbənöv muncuqlar tapa bilsə, daha çox işlər görə bilər.

Bir az da bu sənəti necə öyrəndiyindən danışaq. Təsadüfən muncuqdan hazırlanmış qəndqabı görüb və bu onu təəccübləndirib. Birini alıb, onu söküb və yenidən yığmağa başlayıb. Beləliklə ötən 4 ildə özünü fərqli fiqurlar hazırlamaqla sınayıb.

TÜRKİYƏ VƏ AZƏRBAYCAN ALICISININ FƏRQİ

O, özünə metronun «Azadlıq Prospekti» stansiyasının yaxınlığında mağaza da açıbmış. Amma məhsullarının bir yerdə yaxşı satılmadığını görüb mağazanı bağlayıb. Deyir ən yaxşı alver sərgilərdə, daha sonra isə insanların daha çox gedib-gəldiyi yerlərdə olur. Bu anda alıcılardan da gileylənir:

«Belə məhsullar hazırlayan bir tanışım var. O, məhsullarını Türkiyədə satır. Orada alıcılar əl işlərinə xüsusi önəm və qiymət verirlər. Bilirlər ki, bu işlər hansı əziyyət bahasına başa gəlib. Amma bizim alıcılarımız həmişə çalışırlar ki, qiyməti aşağı salsınlar. Bir də görürsən, 7 manatlıq məhsulu səndən 1 manata istəyirlər».

BİZNES-LEDİ...

Qohumlarının «biznes-ledi» adlandırdığı Gülzadə Verdiyeva deyir ki, muncuqlardan əşyaların hazırlanması Çində daha məşhurdur. Ona qardaşının hədiyyə etdiyi kitabda isə müxtəlif əşyaların hazırlanması texnikası göstərilir.

Evində 100-dən artıq əşya və suvenirlər var. Onları əvvəlcədən hazırlayır. 500-600 ədədi hazır olduqdan sonra metro stansiyalarının yaxınlığında satışa çıxarır. Deyir ki, çox az hallarda əlidolu geri qayıdır. Adətən bütün məhsullar satılır. Qazancından və həyatından razılıq edir. Hətta özü ilə öyünür ki, ilk eşitmə qabiliyyətindən məhrum qadınlardandır ki, maşın sürür.

Hərdən sürücülər maşının arxasında vurduğu, eşidib danışmadığını bildirən işarənin mənasını başa düşmür. Deyir yanından deyinə-deyinə ötüb keçirlər. Bütün bunlar isə onu çəkindirmir, o, bölgələrə da öz maşını ilə gedib-gəlir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG