Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:21
Akademik Bəkir Nəbiyevin son kitabı işıq üzü görüb. Kitab «Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri» adlanır. AzadlıqRadiosunun «İz» proqramı mərhum akademikin son kitabına daha yaxından bələd olmaq istəyi ilə kitabın elmi redaktoru, filologiya elmləri doktoru Asif Rüstəmliyə telefon açdı.


- Asif bəy, Bəkir müəllimin son kitabının çapdan çıxdığı xəbərini aldıq. Belə çıxır ki, ömür bir az da vəfa etsəydi, akademik öz kitabının çapını görəcəkdi...

- Bəli... «Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri» kitabı Bəkir müəllimin vəfatından bir gün sonra işıq üzü görən kitabıdır. Kitabda Şamaxının yetirdiyi çox böyük Azərbaycan şairləri—6 şair haqqında portret oçerklər toplanıb.

HANSI ŞAİRLƏR?

- Kitaba Şamaxı torpağının yetişdirdiyi hansı şairlər daxildir?

Onların adını bir-bir çəkmək istəyirəm:
Əfzələddin Xaqani Şirvani,
Seyid Əli İmadəddin Nəsimi Şirvani,
Seyid Əzim Şirvani,
Mirzə Ələkbər Sabir Tahirzadə Şirvani,
Abbas Səhhət Mehdizadə Şirvani,
Məhəmməd Hadi Əbdülsəlimzadə Şirvani.
Bax, bu 6 şair haqqında Bəkir müəllimin son dərəcə maraqlı, oxunaqlı dildə yazdıqları bir kitabda toplanıb.

- Belə çıxır onlar haqqında ayrı-ayrı oçerklər yazılıb?

- Ayrı-ayrı elmi kütləvi portretlərdir. Hər biri haqqında da Bəkir müəllimin öz dəyərləndirməsi, qənaəti, son dərəcə maraqlı münasibəti əksini tapıb. Kitab Şamaxıdan millət vəkili seçilmiş Elxan Süleymanovun xahişi və dəstəyi ilə yazılıb və işıq üzü görüb.

ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN PATRİARXI...

- Bu kitabın Bəkir müəllimin başqa kitablarından fərqləndirici xüsusiyyəti nədir?

- Mənim fikrimcə, Bəkir müəllim çağdaş ədəbiyyatşünaslığımızın çox görkəmli alimi, patriarxıdır. Bununla yanaşı, klassik ədəbiyyatımız haqqında kitabı da o çox maraqlı, özünəməxsus şirin dillə başa gətirib. Hesab edirəm ki, oxucular üçün—gənclər üçün, klassik ədəbiyyatı öyrənənlər, araşdıranlar üçün kitab çox qiymətli qaynaqdır və dərs vəsaitidir. Kitabın həcmi 18 çap vərəqidir. 288 səhifədən ibarətdir. Kitabda öz redaktəsi ilə Bəkir müəllimin son tərcümeyi-halı da yer alıb. Eyni zamanda kitabiyyat da verilib.

10 İLLİK ARAŞDIRMALAR YER ALIB

- Bəkir müəllim bu kitabın üzərində nə qədər işləmişdi? Ümumiyyətlə, belə kitabların ərsəyə gəlməsi müəllifə nə qədər əməyə başa gəlir?

- Açığını deyim ki, belə kitablar bir neçə aya-ilə yaranmır. Belə kitablara müəlliflər ömürlərinin uzun illərini həsr edirlər. Deyərdim ki, bu kitabda Bəkir müəllimin son on ildə çalışdığı mövzular yer alıb. Üç il əvvəl onun Nəsimi barədə kitabı çıxmışdı. Son düzəliş və əlavələrlə həmin oçerk bu kitaba da salınıb. Eləcə də Sabir haqqında 10 il əvvəl yazdıqlarına yenidən baxıb. Amma bəzi oçerkləri yenidir. Məsələn, Məhəmməd Hadi ilə bağlı Bəkir müəllimin yazdığı tamamilə yenidir. Bu oçerk həm də son illərin araşdırmalarından bəhrələnərək yazılıb. Məsələn, istedadlı tədqiqatçı İslam Qəribin Hadi ilə bağlı son araşdırmalarına istinad edən Bəkir müəllim kitabda ona 5-6 səhifə yer də ayırıb.

ƏDALƏT ETALONU

- Siz bir elmi redaktor kimi kitabın redaktəsində--yaranmasında hansı rolu oynadınız?

- Düzünü deyim ki, Bəkir müəllim kimi böyük alimin kitabında səhv, qüsur tapmaq, yenilik etmək çox çətindir. Həm də, Bəkir müəllimin ikinci kitabında redaktor olurdum. Bundan əvvəl “Əhməd Cavad” kitabını redaktə etmişdim. Bu kitabla bağlı da xeyli qeydlərim vardı. Mən qeydləri göstərəndə ona dedim ki, hansı ilə razılaşmırsınızsa, onun altından qırmızı xətt çəkin. Bəkir müəllim qeydlərlə tanış olandan sonra dedi ki, 90 faizi ilə razılaşıram. Amma bəzi qeydlər istəmirəm ki, mənim adımdan getsin. Həmin yerə bir ulduz qoyun və kitabın aşağısından yazın ki, bu redaktorun fikridir. Elə də etdik. Bu bir də onu təsdiqləyir ki, Bəkir müəllim çox halal insan idi... Mən Bəkir müəllimi Azərbaycan ədəbiyyatşünaslığının etalonu sayıram. Ədalət etalonu. Həm ədəbiyyatşünaslıqda, həm tənqiddə Bəkir müəllimin böyük xidmətləri var. Bu xidmət həm də halallığa, ədalətə əsaslanırdı.

KİM BİLİR, BƏLKƏ YARIN?

- Bəkir müəllimlə son görüşünüz necə oldu?

- Biz mart ayının 14-də--üçüncü gün görüşdük. Kitabla bağlı geniş söhbətimiz oldu. Məndən soruşdu ki, kitab nə vaxt hazır olar? Mən də «İstiqlal Marşı»ndan bir misra ilə cavab verdim. Dedim ki, “Kim bilir, bəlkə yarın, bəlkə yarından da yaxın?!». Güldü. Dedi, yəni sabah hazır olacaq? Dedim, bəli, siqnal nüsxəsi sabaha hazır olar. Gecəynən eşitdik ki, Bəkir müəllim dünyasını dəyişib. ..Sabah günorta kitab hazır oldu. Nazim İmanovla birlikdə siqnal nüsxəni Bəkir müəllimin ömür-gün yoldaşı Ədalət xanıma çox böyük kədərlə təqdim etdik. Bəkir müəllim bu kitabın çıxmasını çox arzulayırdı. Təəssüf ki, ömür vəfa etmədi...

MƏHƏMMƏD HADİNİ DAHA HƏSSASLIQLA DUYUB

- Çox təəssüf! Mən də çox təsirləndim...Asif bəy, Bəkir müəllimin öz ifadəsi ilə desəm, “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairlərinin” kitabını ilk dəfə siz oxudunuz. Oçerklərin hansı sizi daha çox titrətdi?

- Bu oçerklərin bir qismini mən əvvəlcə də oxumuşdum. Ancaq açığını deyim ki, Məhəmməd Hadi ilə bağlı yazılan oçerk son dərəcə təsirlidir. Hadinin təkcə yaradıcılığını deyil, həyatının kədərli notlarını da Bəkir müəllim çox həssaslıqla duyub...

- Kitabın təqdimatı olacaqmı?

-Məndə olan məlumata görə, kitabın ilk təqdimatı Şamaxıda keçiriləcək. Bakıda isə Azərbaycan MEA-nın Rəyasət Heyətində təqdimat nəzərdə tutulur. Professor Kamal Abdulla mənimlə şəxsi söhbətində xüsusi vurğuladı ki, bu kitabın təqdimatını mütləq keçirmək lazımdır. Yəqin ki, bu da Bəkir müəllimin 40 mərasiminə qədər təşkil ediləcək. Hesab edirəm ki, Bəkir müəllimin bu kitabı da oxucu diqqətindən kənar qalmayacaq.

- Asif bəy, verdiyiniz geniş bilgiyə görə sağ olun. Ruhu şad olsun Bəkir müəllimin.

- Mən sizə və dinləyicilərinizə təşəkkür edirəm ki, kitaba belə maraq göstərirsiniz, diqqət verirsiniz.

Günün bütün mövzuları

XS
SM
MD
LG