Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:54

Vaqif İbrahimoğlu. Latın şrifti olmasaydı, elə bilərdin ki, P..lu Dərədəsən


Vaqif İbrahimoğlu, 2009
Vaqif İbrahimoğlu, 2009
Vaqif İbrahimoğlu

DƏDƏM QORQUD EŞQİNƏ...

Sovet teatr rejissorunun Türkiyə gündəliyi

ƏVVƏLİ

Ertəsi gün səhər orkestrin məşqi idi. Oturub dəhşətə gəlirdim ki, hər şey necə ölgündür, atəşdən-yanğıdan əsər-əlamət yoxdur.

Orkestrin Nazimə tənqidi münasibəti də gözümdən qaçmadı. Amma nə olsun?! – onun vecinə deyil və bizim Muskomediyanın maestrosu Həsən Rzayev kimi, heç bığını da tərpətmir. Dözməyib oradan çıxdım. “Atölye”ləri, yəni sexləri dolaşdım. Maraqlı bir incəlik:

Burada maranqozlar (dülgərlər-xarratlar) ölçüyə görə detalları kəsib, o dəqiqə yanaşı sexə ötürürlər.

Orada həmin detalları, eynən uşaq konstruktorundakı kimi, açılıb-çıxan sıxaclarla bərkidərək lazımi vəziyyətə salır və tapancayla hədəfə atıb-taxırlar.

Yenidən qursan və ya yerini dəyişib harasa daşısan – nə möhkəmlik azalacaq, nə bütövlük pozulacaq, nə də narahatlıq yaranacaq.


Bu gündəlik ilk dəfə çap olunur. Düz 28 il öncə Vaqif İbrahimoğlu Türkiyəyə--Ankara Opera və Balet Teatrında Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu. Üç ay Ankarada qalan Vaqif bəy nə yaxşı ki, orada keçirdiyi günləri gündəliyində əbədiləşdirmişdi. Sovetlər dönəmində “Gündəlik” təbii ki, çap oluna bilməzdi. Odur ki, Vaqif bəy 1989-cu ildə əlyazma şəklində cildləyib hazırladığı “kitab”ı dostu Zeynal Məmmədliyə verir və şərt kəsir: “Bu gündəliyi ancaq mən öləndən sonra Azərbaycan türkcəsinə çevirib çap edərsən...”

Əziz oxucu! 28 il öncə Ankarada bəlli səbəblərdən rusca yazılan gündəliyi AzadlıqRadiosu “İz” proqramının prodüseri Zeynal Məmmədli dilimizə çevrib. “Gündəliy”in növbəti hissəsi qarşınızdadır. Bu “İz”i qaçırmayın.
Bunu mühəndis düşünüb-tapır və o, yeri gəlmişkən, düşündüklərini maket əsasında cızıb-pozur.

Şəkillər üzrə hazırlanmış dekorları daha sonra boyamaq, ağartmaq və s. üçün başqa sexə aparırlar. Yan tərəfdə arxa görüntülərdən, heykəltəraşlıq işlərindən ötrü çox böyük zal var.

Dəhlizdən keçib öncə butafor və sonra azca aralıda yerləşən tikiş sexlərinə çatırsan. Ortada rəssam-dekoratorların, quruluş sexi müdirinin kabinetləridir. Bütün bunlar aşağıda – səhnənin altında yerləşir və hazır dekorlar hazırlanma dərəcələrinə uyğun olaraq çox böyük liftə sarı daşınır.

Hazır məhsul bu liftlə sol guşəyə qaldırılır. Çibşəkilli həmin guşə səhnədən dəmir pərdə ilə ayrıldığından (bizim yanğın bölümü kimi) tamaşa gedərkən səs-küy və tap-tuplar orada eşidilmir.

Bütün bunları bəyənirəm, amma Savaş narazıdır. Deyir ki, sən Bonn operasını görsən, fikrini dəyişərdin. Görməmişəm. Bilmirəm. Gənc Tamaşaçılar Teatrını, Azdramanı, Rus dramasını və Muskomediyanı görmüşəm. Və burayla müqayisədə, nə yazıq ki, onların hamısı uduzur...

Fasilədən sonra (30 dəq.) maestro irəli “qaçdı” – 3-cü və 4-cü pərdələrə. Hərçənd, proqramda (cədvəldə) yalnız 1-ci və 2-ci pərdələr vardı. Beləcə, o, bizi çaşdırdı və rəqs “prova”sı baş tutmadı. Kefim pozulduğundan Minə ilə tikiş və papaq sexlərinə baş çəkdim: işlər sürətlə gedir və keyfiyyət də yerindədir.

Ardından bərbərlərin yanına getdim (bu yerdə müəllif “парикмахер” sözünü sətirdən-sətirə keçirərkən rusca sözdən oyun kimi yararlanır və mötərizədə “heca istəmədən belə alındığı üçün burada sətiraltı məna axtarmayın” cümləsini yazıb – Z.M.) və mırt vurdum.

Onlarda saç rəngi və saç örnəkləri atlası, fotorobota bənzər qurğu var. Bunlardan yaralanıb işgüzar söhbət apardıq... Təxminən belə:

- Soltan bəyi göstərin...

- Kim oynayır?

- Cahid! (Ekranda Cahidə bənzəyən birinin üzü görünür)

- Saçları necədir?

- Filan-filan cür... (Adama saç və bığ əlavə olunur)

- Yox, belə yox, filan cür...

- Problem yoxdur!..

Beləcə, sən “Dayan! Dur!” deyənədək proses davam edir.

Məşqdən sonra N. Rzayev İstanbula uçmalıydı, oz üzdən vaxt itirmədən söhbətləşdik. O, çalğı tempini sürətləndirəcəyini deyib məni sakitləşdirdi.

Sözlərindən belə çıxırdı ki, bilərəkdən 3-cü sürəti əsas götürür və orkestr bunu mənimsəyən kimi, 1-ciyə keçəcək. Nə vaxt? O, ciddi-cəhdlə özünü ağa kimi aparır, ağıllı-ağıllı alnını qırışdırır, mən də hələ dözürəm... İndən belə də dözəcəyəm...

Skripkaçı bolqar məni səfirliyədək apardı. Tamam üzgün idim, çünki gün boyu elə baxıb-danışmaqdan başqa bir iş görməmişdim.

Mühasibatda bilet pulunu ödədim (227 min 575 TL), 20; 21 və 22 dekabr tarixli “Известия” qəzetini götürdüm (olan buydu...), mən Mədəniyyət Nazirliyində qaçdığım kimi, səfirlikdə ora-bura qaçan Əhədi gözləyib Oskarı qarşıladıq və onunla bir az mırt vurub ayrıldıq. “Kızılay”ı, “Şankay”ı, “Ulus”u (Ankarada küçə və prospekt adlarıdır – Z.M.) gəzişəndən sonra mən göy avtobusa oturub (Bələdiyyə avtobuslarının rəngidir, daha ucuz olurlar – Z.M.) Opera Teatrınadək getdim. Oradan otelə yollanıb qəzetləri oxumağa başladım və eynən evdəki kimi, yuxuya daldım. Əvəzində bu gün səhər (8.01. 1985-ci ildə ) ayıq-sayıq və dip-diri oyandım.

Zeynal Məmmədli
Zeynal Məmmədli
Səhər “prova”sında qızları işlətdim. Tufan da yuxarıda 1-ci pərdənin rəqslərini məşq etdirdi. Məşqin sonu mənim “demarş”ımla bitdi: arxamda dayanan Gizəmin Büləndə konfet atdığını görüb, “prova”nı saxladım və həm onlara, həm Oğuza, həm “konduit”ə, həm də “forte”yə acıqlanaraq, məşqi ertələdiyimi bildirdim. Artıq saat 13.10 olardı.

Teatrdan çıxıb otel odama getdim və duşlanıb meditasiya edəndən sonra istək və həvəs dolu saat 15.00-dakı məşqə yollandım. Hamı məktəblilər kimi oturmuşdu.

Sənət və yaradıcılığa sayqı barədə pıçıltılı və qəmli bir çıxışı dilə gətirəndən sonra məşqi başlatdım. Hamısını yarıölüyə çevirənədək məşq etdirdim. Yerinə oturmayan parçalar üzərində işlədim və yalnız saat 18.30-da qan-tər içində olan, tökülə-tökülə yeriyən aktyorları evə buraxdım. Kantində ağzıma bir şeylər atıb, üstündən ayran içərək. Büləndi də götürüb (elə həmin teatrda) Yucin O” Nilin “Qaraağaclar altında” əsərinin ilk tamaşasına baxdım.

Bu tamaşanı usta rejissor səhnəyə qoymuşdu. Pərdəsiz, iki mərtəbədə gerçəkləşdirilən, ustalıqla yayılan yumşaq işıqlı, tər-təmiz fonoqramlı tamaşadır, amma darıxırsan. Adam çox idi, gülmək üçün çabalayanlar da vardı... Nə vaxtsa T.Kazımov (öz müəllimi rejissor Tofiq Kazımovu nəzərdə tutur – Z.M.) deyib ki, “Mamed Conu oynaya bilmir!”. Təkrar edirəm: Səlcuq da oynayammır (hər iki sitat orijinaldakı kimi verilir – Z.M.)... İkinci pərdədən sonra getdik.

Büləndlə gəzişdik. Bahalı, orta və “avam” (yoxsul anlamında) dükanların vitrinlərini gözdən keçirdik. Qiymətdə fərqləri göstərirəm – tutalım: 30 min TL, 3 min TL və 300 TL. Kitablarda da eyni mənzərəylə üzləşirsən: dövlət nəşrləri – 300 TL, özəl nəşrlər – 3 min TL. Təbii ki, keyfiyyət də fərqlidir və hər hansı müqayisəyə gəlməz. Yeri gəlmişkən, Yalçın bəydəki kitabların təxminən yarısı dövlət nəşrləriydi...

Bir də gözümüzü açdıq ki, gecəqondular məhəlləsinə çatmışıq. Latın şrifti olmasaydı, elə bilərdin ki, P..lu Dərədəsən (Bakıda yer adı – Z.M.). Qarşıdan bir sürü P..lu Dərəli gəlirdi. Mənim papağımı görüncə, hamılıqca, həm də uzun-uzun “Alla(h)! Alla(h)! Alla(h)!” – deyə bağırmağa başladılar.

... Sabah məşqdə 1-ci pərdənin dekorunu quraşdıracaqlar. Maraqlıdır, görəsən, necə olacaq? Hər şeyi tezləşdirmək lazımdır... Elektriklə danışdım – hələ fırlanan şarı tapa bilməyiblər. Fonoqram da hələ hazır deyil... Halbuki, vur-tut... 15 gün qalıb!! Üstəlik, istirahət günlərini və texniki “prova”ları nəzərə almadan!!!

Sabah, nəyin bahasına olur-olsun, tamaşanı əvvəldən-axıracan məşq etdirib baxacağam! Hələ ki, Cümhur (Əskər) bir tikə irəliləyib, Cahid (Soltan bəy) – birdən şığıyıb önə çıxıb,
Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu
Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu
Kəriman (Gülçöhrə) – yaxşıdır, Halə (Asya) – pis deyil, Gizəm (Telli) – yola verir, gəncliyinin hesabına udacaq, Nuran – bəyənəcəklər, İzzət – bilmirəm, sabah qərar verərəm, Bülənd -- pis deyil, amma mətni tezcə başından edir...

Teatrda hamı çox maraqlanır və məşqlərə baxmaq istəyir, amma mən buraxmıram, qovub qalmaqal salıram. Nə qədər qəribə olsa da, bu, nüfuzumu artırır, hiss edirəm ki, mənə sayqıları çoxalır. Allah eləsin, tamaşa yaxşı alınsın!!!

Saat 15.00-da hansı “prova” olacağını xatırlamıram, ancaq nəyin bahasına olur-olsun, istədiyimi alcağam, daha geriyə yol yoxdur.

Tamam, becid yazdım. Yatmağa gedirəm...

10 yanvar, cümə axşamı. 1985-ci il

... Dünən fasilədə otelə dönüb düz bir saat gözümün acısını çıxarsam da, axşam gələn kimi, səndviç yedim, üstündən ayran içdim, türk qəzetlərini oxumağa girişdim və... yuxuladım. Ayılanda səhər saat 6 idi və soyuqladığımı hiss etdim.

Beləliklə, dünən...

... Səhər məşqini çox diricanlı başladım: aktyorları trenajda işlətdim, isindirdim, “təmsil”ı kökləyib zalda oturdum. Birinci pərdənin ortalarında yenə dəhşət məni bürüdü: hər şeyi tamam unudur və “qatar ötəndənsonra” yada salırlar. Qorxutmağa qalxdım – faydası olmadı, ruhlandırmaq istədim – yenə boşa çıxdı. Dördüncü pərdəni güclə sona çatdırdım – çox zəifdirlər. Artıq səhnədə dayanıb ayaqlarımı yerə döyürdüm. Danışandan sonra heç bir söhbətə yer qalmamışdı. O üzdən, hələ 15 dəqiqə vaxtım qalsa da, onları evə buraxdım. Daha öncə yazdığım kimi, otelə gəlib, bir saat mürgü vurdum və anladığım qədər, elə o vaxt da soyuqladım, çünki qənaət üçün isidiciləri gündüzlər yandırmırlar (yeri gəlmişkən, elə gecələr də...).

İkinci məşq söhbətlə başladı. İlhan bəy dözməyib, Nurana kəskin şəkildə bildirdi ki, deyiləni yadda saxlamaq lazımdır, yatmaq yox. O da İlhana çımxıranda, mən ildırımötürən rolu oynayıb onu sakitləşdirdim. İradlarımı azaltdım, çünki balqabaqdırlar, pardon, aktyor deyillər: özün göstərməsən -- bacarmırlar.

Sanki uşaq kimi, onları əzizləyə-əzizləyə parçaları düzəltməyə başladım. Kəriman ardıma düşərək, deyilənləri Anadolu türkcəsinə çevirir və o da əzizləyə-əzizləyə nə etmək lazım olduğunu söyləyirdi. Yadda saxlayacaqlarına zərrəcə inanmaya-inanmaya, parçaları azı 5 dəfə təkrarlayırdım. Saat 15.00-da birinci pərdənin dekorlarını gətirdikləri üçün düzəlişlər etmək lazım gəldi. Təbii ki, məşqin düzəni pozuldu və “Axı belə deyildi!” səsləri ucaldı.

Məzəli olay: Cümhur arakəsmədə olarkən həmişə stulda otururdu. Biz deyirdik ki, tamaşa vaxtı oraya “kanape” (taxt və ya divana oxşar mebel – Z.M.) qoyulacaq. Amma dünən həmin yerə çatanda, o, sanki ayıldı və... özünü tamam itirdi. Hamı ona “otur, otur!” – deyə pıçıldayır, ancaq o – “Sandaliya nerdə? (“Stul hanı?”) – deyə soruşub dururdu. Görün, nələr çəkirəm... Xoru bütün ikinci pərdəyə daxil etmişdim: qızlar boylanaraq sevgi səhnələrinin hamısına baxır (bu yerdə müəllif mötərizədə “vuayerizm?” terminini yazıb. Bu termin qapıdan-bacadan boylanıb erotik səhnələrə baxmaq anlamına gəlir. “Sual işarəsi” qoymaqla müəllif tamaşada gerçəkləşdirdiyinin vuayerizm olub-olmadığına şübhəsini bildirir – Z.M.) və finalda çıxıb gedirlər. Yeri gəlmişkən, ifa xor üçün nəzərdə tutulsa da, Üzeyir bəy bir yerdə yazır ki, Asya, Telli və Gülçöhrə oxuyurlar. Partiturada “qızlar xoru” yazılıb. Elə isə, bu qızlar haradan çıxıblar? Hələ hərdən rəqs də artırırlar. Bəs onlar haradan peyda olur və haraya qeybə çəkilirlər? Bu üzdən “Əhəd bəyin qızları gəldi!” replikasını artırmışam...

Məşqin ardından həmən getdim və... yatdım.

ARDI VAR

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG