Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:51

Aya, a kişi, poeziyanı bura soxma... (Akif Səmədin lətifələri)


Akif Səməd
Akif Səməd

Mehdi Şıxlinski

əvvəli

Tələbə vaxtları mən, Nizami Cəfərov, Osman Musayev universitetin filologiya, Akifsə jurnalistika fakültəsində oxuyurduq.

Bir yataqxanada qalırdıq, Akif qiyabiçiydi, Sumqayıtda fabrikdə işləyirdi (Osman onu öz yerinə düzəltmişdi), orada da yaşayırdı.

Tez-tez Bakıya yanımıza gəlirdi. Bir dəfə gecəyə qədər yeyib-içdik, Akif Sumqayıta gedə bilmədi, ya da həvəsi olmadı. Bildirdi ki, gecə burada qalacaq. Osmanla Nizami bir otaqda qalırdılar.

Nizami cəld tərpəndi, tez hoppanıb çarpayısına uzandı. Osman fikirləşənə kimi, Akif soyunub onun yerinə girdi. Osman nə qədər əlləşdisə, Akifi dilə tutub fikrindən daşındırammadı.

Axırda məcbur olub Akiflə baş-ayaq uzanası oldu. Birdən Akifin gözü onun ayaq barmaqlarına sataşdı.

Barmaqlar Akifin düz gözləri qarşısında sağa-sola oynayır, sanki rəqs edirdi. Akif baxdı, baxdı, sonra çox rahat şəkildə: - aya Osman, sənin nə əyvəcər barmaqların varıymış, - deyə başını buladı. Hamı gülməkdən uğunub getdi.

Qorbaçovun ölkədə rəhbər olan vaxtlarıydı. Alkoqolizmə qarşı mübarizə kampaniyası geniş vüsət almış, spirtli içkiləri (pivədən başqa) ancaq axşam yeddidən sonra satırdılar. Əksər mağazaların, kafe-restoranların yanında narkoloji həkim briqadaları fəaliyyət göstərirdi.

Sahə müvəkkilləri də ki bir yandan içməyə imkan vermirdilər. Bütün idarə, müəssisə və təşkilatlarda "Alkoqolizmə qarşı mübarizə cəmiyyətləri" yaradılırdı. Belə vaxtların birində Akif iş yerimə gəldi. Saat 5 olardı.

- General, bir yaxşı yer tapmışam, saat 7-dən tez nə istəsən, vererlər. İntası, bir az uzaxdı, Şamaxinkadadı. Ancax, sən ayıx adamsan, bilersən də, könlü balıx istəyənin... Bir xeyli fikrə getdim. Nəsə məni açmadı. Gözlərində qəribə bir işartı vardı. Razılaşdım. Arağı bir az tez əldə etmək məsələsi məni də qane edirdi.

Düz saat altıda ordaydıq. Mağaza ilə yeməkxana yanaşı idi. Yaxınlaşıb araq aldım, kafeyə girib yeməklə pivə də sifariş etdik. Hamı təəccüblə bizə baxırdı. İlk badələri süzüb təzəcə içmişdik ki, birdən kafedəkilər hərəkətə gəldilər.

Pıçıltı ilə yığışdırın, yığışdırın, uçastkovu gəlir, - dedilər. Dərhal sahə müvəkkili başımızın üstünü aldı. Onunla gedəcəyimizi bildirdi. Həkim məntəqəsinə keçdik. Həkimlər protokol yazıb iş yerimizə göndərəcəkləri barədə xəbərdarlıq etdilər.

Mən saymazyana davrandım. Direktor Həsən müəllim yaxşı adam idi, xətrimi də istəyirdi.

Əminiydim ki, məni işdən çıxartmaz. Akif yavaşca məni dümsüklədi. Bunları razı salmasaq, vəziyyətinin yaxşı olmayacağını eyhamla anlatdı. Əlacsız qalıb əlimi həkimin cibinə saldım. Həkim özünü görməməzliyə vuraraq bizi danlamağa başladı:

- A kişilər, dünyadan xəbəriniz yoxdumu? Qəzet oxumursunuzmu, televiziya, radio bar-bar bağırır, bütün ölkədə alkoqolizmə qarşı mübarizə kampaniyası gedir, təbliğat-təşviqat aparılır. Fil qulağındamı yatıbsınız?

Akif çox sakitcə, aram-aram:

- Nəvilem, - dedi.

- Kənddənmi gəlibsiniz? Harda olursunuz?

- Budu, burdayıx. Sumqayıtdayıx.

- Di, yaxşı, gedin. Məlumatsız olduğunuza görə bağışlayırıq. Görünür, sizdə maariflənmə işi zəif aparılır. Həm də birinci dəfənizdir.

Çölə çıxdıq. Sahə müvəkkili də dalımızca. Özündən razı halda saat yeddi olduğu üçün arağımızı da içə biləcəyimizi söylədi. Əhvalım pozulmuşdu. Akif məclisi davam etdirməyimizi təklif etdi. Əsəbi şəkildə:

- Oyana radd ol, - dedim. Mən getdim yatmağa.

Akif pivəsini içib, arağı da qoltuğundan çıxardığı institut qəzetinə bükdü, qarşıdakı doqquzmərtəbəli binada "işi" olduğunu bildirdi. Ayaq saxladım. Nəyisə yadıma salmağa çalışırdım. Birdən barmağımı dişlədim.

- Akif, sən yer tapmırdınmı məni sürüyüb gətirməyə. Bir də ki, sən nədən qorxurdun? Şair adamsan. Əslində mən qorxmalıydım. Hərbçiyəm.

- General! Mən şairliyimdən qorxmordum. Birdən yadıma düşdü ki, bir həftə əvvəl institutda məni "Alkoqolizmə qarşı mübarizə cəmiyyəti"nin sədr müavini seçiflər, ondan qorxordum.

Bir gün rəssam dostu Nəvai Məmmədoğluna deyir ki, istəyirəm paytaxtın Gəncəyə köçürülməsi barədə məsələ qaldıram. Nəvai də qayıdır ki, şair, bəlkə elə Qazağı təklif edəsən. Akif bir az duruxur, sonra, yox, bajoğlu - deyir. Onda elə bilərlər yerlipərəstlik eləyirik. Qoy Gəncə olsun. Gəncə də böyüyəjək, böyüyəjək, axırda da Qazax onun bir mikrorayonu olajax.

Qorbaçov dövründə, spirtli içkinin qıt olduğu vaxt Nəvai ilə hardansa güc-bəla ilə bir araq tapırlar. Həmişə ləng, asta-asta yeriyən şair bu dəfə qabaqda sürətlə gedir, Nəvai dalınca zorla çatırmış. Evə çatanda Nəvai təklif edir ki, bəlkə bunu qoyaq soyuducuya, saat 6-ya kimi nərd oynayaq, sonra içək. Akifin hövsələsi daralır:

- Sənin də heç rəhmin yoxdu! Deynən bunu indi içək, 6-da da yenə birini içərik.

Dostumuz Ramiz Hümmətovla (Ramiz mənimlə birgə, riyaziyyat fakültəsində oxuyub, yataqxanada da bir qalmışıq) oturub yeyib içə-içə televizorda futbola baxırlarmış. Dünya çempionatında Türkiyə ilə Braziliya oynayırmış. Hasan Şaş qol vuranda Ramiz sevincindən göyə hoppanır:

- Qool, qool, bizimkilər vurdular. Akifi qucaqlayıb öpür. Şairin futbolla elə o qədər də arası yoxuydu. Bir xeyli zəndlə baxandan sonra soruşur:

- Aya, çempion, o keçəlimi deersən? Amma yaman qaçer haa! Nə arax dalınnan göndərmək olar!

Bundan sonra harda mənim adımı çəkirmişlər, deyirmiş ki, o niyə adam olor? Bir dəfə növbəti məclislərin birinin qızğın çağında tək, ya adamla yeyib-içməkdən söz düşür. Məmməd İlqar deyir, mən tək içə bilirəm, arağı qoyuram qabağıma, öz-özümə sağlıq deyə-deyə bir də onda ayılıram ki, səyahətimi başa vurmuşam. Məmməd Dəmirçioğlu qayıdır ki, tək içmək mənlik döyül, gərək yanımda adam ola. Akifsə sakitcə durub qulaq asır. Soruşurlar ki, şair, sən niyə dillənmirsən?

- Bilersinizmi, məndə bir az başqa cürdü. Mən də adamsız içəmmerəm. Adam olmuyanda da Meytiynən (yəni Mehdi) içerəm.

Akifin tovuzlu bir polis dostu tez-tez ona dəstəsi ilə qonaqlıq verirdi. Belə növbəti məclislərin birində şair onu dostları ilə tanış etməli olur.

- Bu İsmel Əskipalıdı. Qazaxlıdı. O birisi Zülfüqar Əhmədzadədi. Anası qazaxlıdı. Bax, bu da Akif Əhmədgildi. Öz Toozdundu. Yeyib-içib dəmləndikdən sonra polis onların hərəsindən bir-iki şeir oxumağı xahiş edir. İsmayılla Zülfüqar adama bir neçə qoşma, gəraylı deyirlər. Polis çox məmnun qalır. Növbə Akif Əhmədgilə çatanda dartınır, naz-qoz edir. Axır ki, birtəhər razılaşırlar. Akif də götürüb bir uzun - on kupletlik şeir oxuyur. Polisin hövsələsi daralır.

- Aya, a kişi, poeziyanı bura soxma, sana deerlər şeir oxu!

Mehdi Şıxlinski

“Şərq qəzeti”

(ardı var)
XS
SM
MD
LG