Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:03

Özünü yandıran sahibkar və MTN nazirinin «Eurovision» haqda dedikləri...


Mətbuat icmalı

Mətbuat icmalı

«Hökumətin bu addımı gecikib. Azərbaycandan savayı keçmiş SSRİ-yə daxil olan respublikaların hamısı vətəndaşların əmanətlərini çoxdan qaytarıb». İctimai Palatanın Koordinasiya Şurasının üzvü, sabiq baş nazir Pənah Hüseyn «Bizim yol» qəzetinə belə deyib. Prezidentin Sovet banklarında qalan əmanətlərin qaytarılması haqda sərəncamını şərh edərkən.

«Milli Məclisdə indiki prezidentin siyasətini müdafiə edən deputatlar 2 il əvvələ qədər banklardakı əmanətlərin qaytarılmasının mümkün olmadığını deyirdilər. Məncə, ölkədə yaranan sosial vəziyyət məcbur etdi ki, bu istiqamətdə addım atılsın. Xüsusilə, Quba hadisələrindən sonra bu məsələ aktuallaşdı».

ƏMANƏT KİTABÇALARI İTİRİLİBSƏ...

«Yeni Azərbaycan» qəzeti də Sovet banklarında qalan əmanətlərlə bağlı Maliyyə Nazirliyinə gələn suallara cavabları təqdim edir. Suallardan biri belədir: «İtirilmiş və yararsız vəziyyətə düşmüş əmanət kitabçaları üzrə ödəmələr hansı qaydada həyata keçiriləcək?»

Cavab: «Əmanət kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız olduqda əmanətçilərin verdiyi məlumatlar üzrə bankda üzləşdirmə aparılacaq və əmanətçinin ərizəsində verdiyi məlumatlar təsdiqini taparsa, nazirlik nəzdində yaradılmış Xüsusi Komissiyaya göndəriləcək. Komissiyanın qərarı ilə əmanətçiyə kitabçanı əvəz edəcək sənəd veriləcək».

35 MANAT DƏYƏRİNDƏ HƏYAT

«Azadlıq» qəzeti «Sahibkar Qadınlar» MMC-nin təsisiçisi, 35 min manatlıq kredit borcuna görə özünü yandırmış 64 yaşlı Səadət Həsənovadan yazır. Qəzet prezidentlər Heydər Əliyev və İlham Əliyevin, nazirlər Kəmaləddin Heydərovun, İsmət Abbasovun sahibkarın hazırladığı məhsullara, xüsusən də öz əliylə ərsəyə gətirdiyi əzgil şərabına verdiyi qiymətdən, onun dəfələrlə xarici ölkələrdə iş təklifi almasından yazır.

«Çoxlarınız bu qədər məmurla ünsiyyətdə olan insanın 35 min manata görə, özünə qəsd etməsini anlamaya bilərsiz. Bu, normaldır. Amma o, haqqın, ədalətin itdiyi məmləkətdə yaşadığı bütün bunlara dözmədi.

İnsan həyatı çox ucuzdur. Heç 35 min manat dəyərində deyil...»


MTN NAZİRİ «EUROVİSİON» HAQDA

Eldar Mahmudov

Eldar Mahmudov

Milli Təhlükəsizlik naziri Eldar Mahmudov rəsmi «Azərbaycan» qəzetində məqaləylə çıxış edib: «Milli təhlükəsizliyin keşiyində». Məqalədə nazir mayda Bakıda keçiriləcək “Eurovision” Mahnı Yarışması zamanı təhlükəsizliyin qorunmasından yazır:
«Eurovision-2012» mahnı müsabiqəsi keçiriləcəkdir. Bununla əlaqədar respublikamıza onlarca dövlətdən rəsmi nümayəndə heyəti və iştirakçıların, yüzlərlə xarici jurnalistin və minlərlə turistin gəlişi gözlənilir. Tədbirin keçirildiyi dövrdə sabitliyin və təhlükəsizliyin təmin olunmasında bütün aidiyyəti strukturlar kimi, milli təhlükəsizlik orqanlarının qarşısında da mühüm vəzifələr qoyulmuşdur. Bu vəzifələrin yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün zəruri qüvvə və vasitələr səfərbər olunmuşdur».

Mahmudovun yazır ki, son 15 ildə Azərbaycan davamlı olaraq cinayətkarlıqla mübarizənin səviyyəsinə görə MDB-də ən yaxşı göstəricilərə malik respublika sayılır.

«Milli təhlükəsizlik orqanlarının əsas vəzifəsi təhlükəsizliyin və sabitliyin təmin edilməsi, müstəqilliyin və dövlətçiliyin qorunmasıdır. Bizim vəzifəmiz dövlətin daxili və xarici siyasəti üçün əlverişli şərait, inkişaf üçün etibarlı təminat yaratmaqdır. Əlbəttə, bu məsələdə hər bir vətəndaş da ayıq-sayıq olmalı, dövlətçilik mövqeyindən çıxış etməli, təhlükəsizliyin təmin olunmasında dövlət orqanlarına yardımını əsirgəməməlidir».


MOZART OPERASI BAKIDA

«Exo» qəzeti yazır ki, aprelin 1-də Opera və Balet Teatrında Wolfgang Amadeus Mozartın «Cosi fan tutte» («Hamı belə edir») operasının premyerası olacaq.

«Bu opera dünya musiqisinin incilərindəndir və dünyanın məşhur səhnələrində oynanır. Tamaşanın musiqi rəhbəri xalq artisti Cavanşir Cəfərov, rejissoru Ukraynanın əməkdar mədəniyyət xadimi Nikolay Tretyakdır. Teatrda hesab edirlər ki, bu opera şəhərin mədəni həyatında mühüm hadisəyə çevriləcək».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG