Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:20
Murad Kərimov 2009-cu ildə Hollandiyaya üz tutub və 5 aya yaxın qaçqın düşərgəsində yaşadıqdan sonra qaçqın statusu əldə edib:

«Azərbaycandakı təzyiqlərlə əlaqədar olaraq tərk etdim ölkəni. Təzyiqlər olmuşdu, həbs olunmuşdum bir neçə dəfə».

HOLLAND DÖVLƏTİNİN YARATDIĞI İMKANLAR

Murad Kərimov 2014-cü ildə Hollandiya vətəndaşlığı almaq üçün hökumətə müraciət edəcək. O vaxta qədərsə oradakı vətəndaşların bütün hüquqlarından Murad da yararlanmaq haqqına malikdir: Holland dövləti onu evlə təmin edib, yerli dilə yiyələndikdən sonra isə təhsil və iş imkanlarından yararlanacağını deyir.

2010-2011-ci illərdə Azərbaycanı 4359 nəfər tərk edib, Qərb ölkələrindən sığınacaq istəyib. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında qeyd olunub. Hesabata görə, 2011-ci ildə Azərbaycan vətəndaşları sığınacaq üçün başqa ölkələrə müraciət edən ölkələr sırasında 39-cudur: ötən il 2363 nəfər ölkədən qaçqın statusu ilə gedib. 2010-cu illə müqayisədə gedənlərin sayında 367 nəfər artım var.

Azərbaycanı tərk edənlər arasında çoxluğu siyasi mühacirlər təşkil edir.

2011-Cİ İLDƏN HEÇ KƏSƏ SIĞINACAQ VERİLMƏYİB

Azərbaycan Miqrasiya Mərkəzinin direktoru Əlövsət Əliyev deyir ki, Azərbaycandan gedənlərlə müqayisədə Azərbaycana sığınanlara təklif olunan imkanlar çox fərqlidir. Azərbaycanda hazırda qaçqın statusu ilə 50-yə yaxın əcnəbi yaşayır. Əlövsət Əliyev deyir ki, Dövlət Miqrasiya İdarəsi yaranandan sonra qaçqın statusu verilənlərin sayı azalıb, 2011-ci ildə isə heç kəsə sığınacaq verilməyib.

Azərbaycandan gedənlərə gəlincə, ekspert hesab edir ki, qanunsuzluq vətəndaşları mühacirətə yollayır:

«Nə insanların sərbəst toplaşmaq azadlığına təminat verilir, nə insanların siyasi təhlükəsizliyinə təminat var, vicdan azadlığı problemi var. Bütün bunlar isə qaçqın statusu almaq üçün əsas olan hallardır».





İRAQLILAR TÜRKİYƏYƏ...

Qərb ölkələrində sığınacaq alanlar təkcə Azərbaycanda deyil, bütövlükdə dünya üzrə artıb. Buna son illərdə Liviya, Suriya, Fil Dişi Sahilindəki konfliktlərdən canını qurtarmaq istəyənlər də səbəb olub. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında belə qeyd olunub.

Ən böyük regional göstərici cənubi Avropada qaçqın statusu alanlarla bağlıdır. Sub-Sahara Afrikası və Şimali Afrikadan əksəriyyət İtaliya və Maltaya qayıqla gəlib.
Türkiyə də iraqlıların böyük axını ilə üzləşib.

Təxminən 35700 əfqan ötən il Qərb ölkələrində sığınacaq axtarıb ki, bu da 34 faiz artım deməkdir. Çindənsə 24400 vətəndaş başqa ölkəyə müraciət edib, onların yarısı hazırda ABŞ-da yaşayır.

... QAÇQINLAR AVROPAYA

3-cü böyük mühacirlər qrupunu İraq vətəndaşları təşkil edir: 2011-ci ildə sənayeləşmiş ölkələrə 23500 iraqlı müraciət yollayıb.

Ölkəsini qaçqın kimi tərk edənlər Avropada yaşamağa üstünlük verirlər. Qitənin 38 ölkəsindən bütövlükdə 327200 sığınacaq tələb olunub. Bu isə ötən illə müqayisədə 19 faiz artım deməkdir.

2011-ci ildə sığınacaq istəyənlərin sayı 2003-cü ildən sonra ən böyük göstəricidir: o zaman sənaye ölkələrinə 505000 müraciət qəbul olunmuşdu.

Sığınacaq və miqrasiya Avropa və digər Qərb ölkələrində indi siyasi bir məsələdir.

Şərhləri göstər

XS
SM
MD
LG