Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:06
ABŞ, Rusiya, Çin və eləcə də Azərbaycan da daxil olmaqla dünyanın 50-dən çox ölkəsinin liderləri martın 27-də Cənubi Koreyanın paytaxtında nüvə terrorizminə dair sammitə toplaşıb. Azərbaycanda ciddi nüvə obyektləri olmasa da prezident İlham Əliyev Ermənistanda olan atom elektrik stansiyasının ciddi təhlükə mənbəyi olduğunu deyib.

Bakının bu beynəlxalq konfransda iştirakı barədə politoloq, millət vəkili Rasim Musabəyovla müsahibə.


Azadlıq Radiosu: Seulda Nüvə Təhlükəsizliyi sammitinə dəvət alan 50 ölkədən biri Azərbaycan oldu. Sizcə Azərbaycanı niyə dəvət etmişdilər?

Rasim Musabəyov: Azərbaycan bölgədə kifayət qədər nüfuza, imkana malik dövlətdir.

Cənubi Qafqazın əhalisinin 60 faizi, iqtisadiyyatının 75 faizi, maliyyə resurslarının 90 faizi Azərbaycandadır.

Bundan başqa Seulda iki məsələ müzakirə olunurdu- Şimali Koreyanın və İranın nüvə proqramları. Ona görə, Azərbaycanın dəvət olunması zəruri idi.

Azadlıq Radiosu: Azərbaycan sammitdən nə gözləyirdi?

Rasim Musabəyov: Sammitdə mühüm məsələlər müzakirə olunurdu. Bunları içəridən izləmək çox mühümdür. Bundan başqa sammitlərdə ikitərəfli görüşlər olur, bu da faydalıdır.

Azadlıq Radiosu: Ola bilərmi, İranla mümkün hərbi münaqişə vaxtı Azərbaycana da müəyyən rol ayrılacaq? Sammitə dəvət bununla bağlıdır?

Rasim Musabəyov: Yox, düşünmürəm. Belə təhlükəsizlik məsələləri ikitərəfli danışıqlarda müzakirə olunur, 50 ölkənin iştirak etdiyi sammitlərdə yox.

Azadlıq Radiosu: İranın nüvə proqramının Azərbaycana təhlükəsi varmı, Sizin fikrinizcə?

Rasim Musabəyov: Hər bir halda Azərbaycan istəməzdi ki, qonşuluqda nüvə silahı olan daha dövlət meydana gəlsin.

O biri tərəfdən, Azərbaycan hesab edir ki, İranın dinc məqsədlər üçün nüvə enerjisinə haqqı var.

Sadəcə olaraq İran Beynəlxalq Atom Enerjisi Agentliyinin bütün suallarına cavab verməlidir, İranın nüvə proqramı şəffaf olmalıdır. Bunlar olduğu halda Azərbaycanın İranın nüvə proqramından narahatlıq keçirməsinə əsas olmayacaq.

Azərbaycanın ən böyük narahatlığı onunla bağlıdır ki, İranla Qərb arasında gərginlik gec-tez hərbi münaqişəyə gətirə bilər. İran isə Azərbaycanın qonşusudur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG