Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:56

Media Hüququ İnstitutu «Xəyal» TV-nin jurnalisləri haqda bəyanat verib


Media Hüququ İnstitutu «Xəyal» televiziyasının icraçı direktoru Vüqar Qonaqovun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılmasını, jurnalistə vəkili Elçin Sadıqovla görüşməyə şərait yaradılmamasını pisləyən bəyanat verib.

Bəyanatda deyilir ki, regional «Xəyal» televiziyasının icraçı direktoru Vüqar Qonaqov martın 13-də saxlanaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yerləşdirilib: «Jurnalistin Quba şəhərində etiraz aksiyalarına səbəb olan video görüntülərin yayılmasına görə saxlandığı bildirilir. Vüqar Qonaqova martın 17-də ittiham irəli sürülüb, Nəsimi Rayon Məhkəməsi onun barəsinə iki aylıq həbs qərarı çıxarıb. Bununla belə, hələ də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan jurnalistə vəkili ilə görüşməsinə imkan verilmir. Əlaqəli hüquq mühafizə qurumları jurnalistin durumu, saxlanılmasının səbəbləri və əsasları barədə yaxınlarına və ictimaiyyətə rəsmi bilgi vermir».

Media Hüququ İnstitutu yada salır ki, şübhəli şəxslər müvəqqəti saxlama təcridxanalarında 48 saatdan artıq saxlanıla bilməzlər. Bu müddət ərzində onlar barəsində qətimkan tədbirinin seçilməsi və yaxud azad edilməsi məsələsi həll olunmalıdır. Bunu «Polis orqanlarının müvəqqəti saxlama təcridxanalarında daxili nizam qaydaları» tələb edir. Vüqar Qonaqovsa, barəsində həbs qərarı çıxarılsa da, 14 gündür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Həmin qaydalar həmçinin tələb edir ki, saxlanılan şəxslərə vəkilləri ilə sayına və vaxtına məhdudiyyət qoyulmadan görüşmək şəraiti yaradılsın. Jurnalistin vəkili ilə görüşünə də imkan verilmir.

Media Hüququ İnstitutu jurnalistlərin hüquqlarının müdafiəsində Media Hüququ İnstitutu ilə sıx əməkdaşlıq edən vəkil Elçin Sadıqova müvəkkili ilə görüşməsinə imkan verilməməsindən hədsiz narahat olduğunu vurğulayır. «Vüqar Qonaqovun belə qapalı rejimdə tutulması hüquqi yardıma ehtiyacı olan jurnalistin müdafiə hüququnun səmərəsini xeyli aşağı salmaqla yanaşı ona təzyiqlər edilməsi, işgəncə verilməsi yönündə ciddi şübhələr yaradır. Media Hüququ İnstitutu əlaqəli hüquq mühafizə qurumlarını Vüqar Qonaqovun saxlanılmasının səbəbləri və əsasları barədə topluma bilgi verməyə, onun vəkili ilə görüşməsinə şərait yaratmağa, jurnalistin hüquqlarının təmin olunması üçün təcili addımlar atmağa çağırır».

Günün bütün mövzuları

XS
SM
MD
LG