Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:38

Kaş ki hər kəs bir az oğru olsa...


Məhbus Münzəvi
Məhbus Münzəvi
Bakı Slavyan Universitetininin Yaradıcılıq Fakültəsindən seçmə şeirlər


Məhbus Münzəvi


OD OĞRUSU

Bir az Prometey olsa kaş ki hər kəs
Yəni bir az qaim, mübariz, ədalətsevər,
Hətta bir az əzabkeş.
Bir az qaim olsa kaş ki hər kəs
Haqqsızlığa qarşı susmasa
Bir söz desə heç olmasa!
Bir az mübariz olsa kaş ki hər kəs
Yəni söz deməklə qalmasa
Bir az ədalətsevər olsa kaş ki hər kəs
Yəni tərəzisini başqa əllərdən qurtarıb
geri versə
və sarılsa Femidaya
bir az əzabkeş olsa kaş ki hər kəs
əzablardır bizə verilən ən böyük müjdə
və bir az İsa olsa kaş ki Prometey
qartalı və zənciri belə sevsə
bir az Hefest olsa zalımlar
vicdanları zəncir olsa, utansalar kaş
Moyrların nəğməsini dinləsələr allahlar
Və bir az da qorxsalar Tartardan
Bəlkə onda qızıl dövr yaşanar
Xoşbəxtlər adasına bənzər bu dünya
Bir az Prometey olsa kaş ki hər kəs
Bir az Prometey
Yəni onun kimi oğru olsa...

BSU Yaradıcılıq fakültəsi, I kurs



Günel Eyvazlı


TAMAŞA .

Bir tamaşanın, bir səhnəsi,
Oyun vaxtı dəbdəbəsi, qiyafəsi.
Rolda bəzək, oyun içrə
rəngarəngdir atılacaq hər bir addım.
At belinə qalxan da var,
Qılınc da var, qalxan da var.
Tamaşada.

Günel Eyvazlı
Günel Eyvazlı
Bir obrazın, bir səhəri,
Şirinçayı, yağçörəyi.
Baxışları uzaq-uzaq
Daha səhər rəngarəng açılmayacaq
Soyuq divar, soyuq yataq.

Bir səhərin, bir gecəsi
Yalqız qalan düşüncəsi
Yalqız qalan əyləncəsi.
Baxışları yaxın-yaxın
dikiləcək divarlara.
Səhər tənha sabahlara, gecə dustaq otaqlara.
Diiiiiiikiiiiiiiiiləəəəəəəəəcək.


Bir otağın, bir sakini
Stol üstündə vərəqlərin öpəcəkdir əllərini
Qələm ba gün nə yazacaq?
Əvvəlki tək aldadacaq-aldadacaq.

Bir qələmin, bir vərəqi
Sonuncudur.
Daha kağız olmayacaq.
Otaq köhnə sakinini,
Qələm yazar əllərini,
Qucağına almayacaq.

Bir insanın, bir taleyi,
Uzaqlarla yaxınlığı,
Yaxınlarla ögeyliyi,
Ya olacaq, olmayacaq.

BSU Yaradıcılıq fakültəsi, I kurs



Şahlar Ruhi


ƏGƏR DÜNYA OLSAYDIM

Əgər mən dünya olsaydım, ümidlərimin hərəsi bir Pompey şəhəri olardı. Dünyamın bütün sakinləri onların nə vaxtsa olduğunu, sonra həyatın alovundan yandığını bilərdilər.

Əgər mən dünya olsaydım, bütün dünya okeandan ibarət olardı... Dünyamın bütün sakinləri kədərimin içində üzməyi mənimsəyərdilər.

Şahlar Ruhi
Şahlar Ruhi
Mən dünya olsaydım sən də ilahə olardın, üzümə gülərdin, məni yenidən yaradardın. Sonra da günəşimə çevrilib məni ətrafında dövrə vurmağa məhkum edərdin. Mənsə o biri planetləri vecimə almadan başına dolanardım.

Dünya olsaydım, içimə dövlətlər, dinlər, millətlər buraxmazdım. Dünyamın sakinləri sənə olan sevgimin hakimiyyəti altında yaşayardılar. Mən dünya olsaydım, sevgimiz qurdla qiyamətə qalardı.

Mən dünya olsaydım, sevgimiz Tanrısının kölgəsinə Sultan Süleymandan daha yaxın olardı, “Tanrının qamçısı”-na daha çox bənzəyərdi, əlinə arzu adlı qılıncını alıb dünyamı Tanrısının gücünə və böyüklüyünə inanmayan şübhə adlı kafir təriqətindən təmizləyərdi. Mən dünya olsaydım, mən də ancaq SACİ dövləti mövcud olardı, onun paytaxtı da ürəyim olardı. Ürəyimin mərkəzində böyük sarayın olardı, o sarayda da saat əqrəblərində düzəldilmiş taxtın...

BSU Yaradıcılıq fakültəsi, I kurs
XS
SM
MD
LG