Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:41

Yaxın Şərqdə Sovet siyasətinin son izləri...


İndiyə qədər Suriyada 8000 mülki şəxs öldürülüb
İndiyə qədər Suriyada 8000 mülki şəxs öldürülüb
Moskva nəhayət geri addım ataraq Suriya ilə bağlı BMT Təhlükəsizlik Şurasının bəyanatını dəstəkləyib.

Bəyanatda bildirilir ki, əgər Suriya Ərəb Dövlətləri Liqasının və Kofi Annanın sülh planını yerinə yetirməsə, onda Basahr Assad rejiminə qarşı daha sərt tədbirlər görüləcək.

Moskvanın 1970-ci ildən Dəməşqdəki rəhbər elita ilə sıx iqtisadi, siyasi və hərbi əlaqələri var. Suriya əsas hərbi avadanlıqlarını Rusiyanın silah şirkətlərindən alıb. Rusiya Hərbi Donanmasının Suriyanın Aralıq dənizi sahilindəki Tartus şəhərində bazası var. Bu, keçmiş Sovet İttifaqından kənarda qalan yeganə hərbi bazadır.

Ötən il Liviyada Gaddafi rejimi devriləndən sonra Rusiya Yaxın Şərqdə əsas həlledici mövqeyini itirdi. Bundan sonra Bashar Assad rejimi ilə əlaqələr daha vacib xarakter daşımağa başladı.

Moskvadakı Cornegie Fondunda xarici siyasət üzrə ekspert Aleksey Malashenko bunları deyir:

RUSİYANIN SURİYADA ROLU

Aleksei Malashenko
Aleksei Malashenko
«Suriya ilə Rusiya arasında əlaqələr Yaxın Şərqdə Sovet siyasətinin son izləridir. Əgər Bashar Assad və Suriya olmasa, onda bu regionda Rusiya ilə kim həmrəy olacaq? Heç kim. Ona görə də Putin və Rusiya elitası üçün bunu qəbul etmək olduqca çətindir».

Rusiya Assad rejimini kəskin tənqid edən BMT Təhlükəsizlik Şurasının iki qətnaməsinə indiyə qədər veto qoyub. Beynəlxalq qurumlar bildirirlər ki, indiyə qədər Suriyada 8000 mülki şəxs öldürülüb. Belə bir vəziyyətdə Rusiya Suriyaya silah ixracını davam etdirir. Lakin bu ixracın həcmi ilə bağlı nəsə demək çətindir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun qiymətləndirmələrinə görə, 2007-ci ildən 2011-ci ilə qədər Suriyaya xaricdən aldığı silahların 72 faizini Rusiya satıb. Beynəlxalq Sülh Araşdırmaları İnstitutu onu da bildirir ki, Rusiya Suriyaya daha 36 ədəd Yak-130 təlim döyüş təyyarəsi və 24 MİG 29 təyyarəsi verməyi planlaşdırır. Təkcə Yak-130 təyyarələri ilə bağlı sazişin qiyməti 550 milyon dollardır.

Təhlilçilər deyirlər ki, Rusiya üçün Suriya iqtisadi cəhətdən çox əhəmiyyətlidir. Ancaq Tunis, Misir və Liviyada baş verən inqilablar fonunda sürətlə dəyişən regionda siyasi təsirini saxlamaq Rusiya üçün iqtisadi maraqlardan daha üstündür.

YENİ YAXIN ŞƏRQ FORMALAŞMAQDADIR

Moskvadakı Strateji Təhlil İnstitutunun prezidenti Aleksandr Konovalyov bunları deyir:

«İqtisadi faktorlardan daha vacibi əlbəttə, siyasi faktorlardır. Çünki yeni Yaxın Şərq formalaşmaqdadır. Məğribdə yeni qüvvələr balansı yaranıb. Misir siyasi baxımdan səhnədən getməsə də hər halda onun rolu artıq kiçilir. Regionda yeni şərait formalaşır. Rusiya da buna laqeyd qala bilməz».

Ancaq son vaxtlar Moskvanın öz mövqeyini bir qədər yumşaltmasına işarə edən bəzi əlamətlər müşahidə olunub. Martın 19-da Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Suriyada gündə azı 2 saat atəşkəs elan olunması çağırışına Rusiya da qoşulub.

Sergey Lavrov
Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 20-də Assad rejimini Rusiyanın əvvəllər istifadə etmədiyi sərt tonda tənqid edib. «Biz bilirik ki, dinc etiraz aksiyalarının ilk günlərində Suriya rəhbərliyi çox yanlış davranıb və çoxlu səhvlərə yol verib. Bu da indiki acınacaqlı münaqişəyə çevrilib».

Martın 21-də isə Rusiyanın xarici işlər naziri deyib ki, Moskva BMT-nin yeni bəyanatını tam dəstəkləyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG