Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:54

Minsk qrupu liderləri öz xalqlarını sülhə hazırlamağa çağırır (Bəyanat)


ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsinin – ABŞ, Rusiya və Fransanın xarici işlər nazirləri birgə bəyanatla çıxış ediblər.

Hillari Klinton, Sergey Lavrov və Alan Jüpe Minsk qrupunun yaradılmasının 20-ci ildönümü ilə bağlı münaqişə tərəflərini “davamlı sülhün əldə edilməsi üçün siyasi iradə nümayiş etdirməyə” çağırıblar:

“Prezident Medvedev, Obama və Sarkozinin 2011-ci il mayın 24-də Deauville-də verdikləri birgə bəyanatda bildirildiyi kimi yalnız danışıqlar yolu ilə tapılmış həll variantı sülh, sabitlik və barışığa apara bilər. Münaqişəni hərbi yolla həll etmək cəhdləri isə onsuz da uzun müddətdir ki, qeyri-müəyyən və təhlükəli şəraitində yaşayan bölgə əhalisinə daha çox acılar yaşadacaq”.

Bəyanatda deyilir ki, yeni nəsil erməni və azərbaycanlıların dinc şəraitdə yanaşı yaşadığını gözüylə görməyib.

Bu isə müharibə yaralarını daha da dərinləşdirir.

“Buna görə biz liderləri əhalini sülhə hazırlamağa çağırırıq” – deyə nazirlər bildirirlər.

Bəyanatda qeyd edilir ki, sülh prosesində irəliləyişlər var.

“Bizim 3 prezidentin 2009-cu ildə L'Aquila-da, 2010-cu ildə Muskoka-da, 2011-ci ildə isə Deauville-də verdikləri birgə bəyanatlar davamlı sülh üçün çərçivənin elementlərini qabardır.

2012-ci il yanvarın 23-də Rusiyanın Soçi şəhərində prezidentlər Əliyev, Sarkisyan və Medvedev birgə bəyanat verərək iki tərəfin baza prinsipləri üzrə razılaşma əldə edilməsi prosesini sürətləndirmək sahəsində israrlı olduqlarını bir daha təsdiqlədilər.

Biz liderləri çağırırıq ki, çərçivə razılaşması, bunun ardıncasa yekun həll variantının hazırlanması yönündə işləri mümkün qədər tez yekunlaşdırsınlar.

Bunlar gücdən istifadə olunmaması, ərazi bütövlüyü, öz müqəddəratını həll etmə, insanların bərabər hüquqlu olması prinsiplərinə, BMT-nin xartiyası və beynəlxalq normalara əsaslanmalıdır.

Bunlar regiona status-kvodan qurtulmağa və daha təhlükəsiz və inkişaf etmiş gələcəyə doğru hərəkət etmək şəraiti yaradacaq” – deyə Hillari Klinton, Sergey Lavrov və Alan Jüpe öz bəyanatlarında qeyd edirlər.
XS
SM
MD
LG