Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:17

Məhkəmə gənclərin şikayətini təmin etmədi


Martın 21-də Apellyasiya Məhkəməsində gənclərin 17 mart mitinqində həbs olunan “NİDA” Vətəndaş Cəmiyyətinin üzvü, bloqqer Etibar Salmanlı, “Bulistan” qrupunun üzvləri, musiqiçilər Camal Əli və Natiq Kamilovun şikayətlərinə baxıldı.

Camal Əlinin işi üzrə hakim Əflatun Qasımov, Natiq Kamilov və Etibar Salmanlının işləri üzrə isə Əmir Bayramov məhkəməyə sədrlik etdilər.

Məhkəmə prosesi təqsirləndirilən şəxslərin iştirakı ilə açıq keçirildi.

Vəkil Anar Qasımlı müdafiə çıxışından sonra onların məhkəmə zalından azadlığa buraxılmasını istədi.

Hakimlər təqsirləndirilən şəxslər barəsində birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxladılar.

Gənclərin şənbə mitinqində «Bulistan» qrupu çıxış edərkən mübahisə yaranıb. Qrupun üzvlərindən Camal Əlinin mahnısındakı qeyri-etik ifadə aksiya təşkilatçılarının etirazına səbəb olub, bundan sonra ifaçı mikrofonla söyüş işlədib. Mübahisəyə polis və mülki geyimli şəxslər müdaxilə edib.

Gənclər İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi (xırda xuliqanlıq) ilə ittiham olunurlar.
XS
SM
MD
LG