Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:35

Obama Novruzu qeyd edən dünya xalqlarını təbrik etdi (Video)


Barak Obama Novruz müraciəti edir, 20 mart 2012

Barak Obama Novruz müraciəti edir, 20 mart 2012

Amerika prezidenti Barak Obama Novruz bayramını qeyd edən dünya xalqlarını təbrik edib.

Ağ evin yaydığı videomüraciətdə prezident həm öz adından, həm də xanımı Mişel Obamanın adından “Amerikadan cənib-şərqi Asiyaya qədər” bu bayramı qeyd edənlərə ən xoş arzularını çatdırır.

ABŞ prezidenti İran xalqının bu ilki Novruzu iki ölkə arasında davam edən gərginlik şəraitində qeyd etdiyini xatırladır.

O həm Amerika, həm də İran xalqlarının eyni dəyərləri bölüşdüyünü, eyni sosial şəbəkələr, telefonlar vasitələrlə ünsiyyətdə olduğunu vurğulayır. Amma onu da qeyd edir ki, İran rejimi öz xalqı ətrafına “elektron pərdə” çəkərək insanların həm ölkə daxilində öz aralarında, həm də xariclə ünsiyyətdə olmasına maneçilik törədir.

Onun sözlərinə görə, bundan başqa İran rejimi xarici telekanal və radioların dalğalarını “vurur”, İnternetə senzura tətbiq edir, ölkəyə müstəqil informasiya axınına mane olur:

“Rejimin kompüter monitorlarına və mobil telefonlara nəzarət etməsində bir məqsədi var: öz hakimiyyətini qorumaq. Bir neçə həftə əvvəl isə məhdudiyyətlər elə sərtləşdirilib ki, iranlılar hətta ölkə içində, yaxud xaricində öz əzizləri ilə sərbəst ünsiyyət yarada bilmirlər. İnsanların gücünə güc qatmalı olan texnologiyalar onların təqib edilməsi üçün istifadə edilir”.

Obama deyib ki, martın 20-dən etibarən onun administrasiyası yeni qaydalar tətbiq edir. Həmin qaydalar ABŞ şirkətlərinin İran xalqının İnternetdən istifadəsini asanlaşdırmaq üçün İrana daha asan yolla yeni proqram və texnologiyalar çatdırılmasına şərait yaradacaq.

Amerika prezidenti bildirib ki, onun ölkəsi İran xalqını dünyadan ayıran elektron pərdəyə xüsusi diqqət ayırmaqda davam edəcək:

“Biz ümid edirik ki, başqaları da İran xalqı üçün fundamental azadlıq olan - başqa insanlarla ünsiyyət qura bilmək azadlığının genişləndirilməsi işində bizə dəstək verəcəklər”.

“Eyd-e Şoma Mobarak!” – deyə Obama çıxışını fars dilində “Bayramınız mübarək!” ifadəsi ilə bitirib.


Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG