Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:46

MTN-nin açıqlaması yenidən İranla münasibətləri gərginləşdirdi


Mahmud Əhmədinejad və İlham Əliyev, 2009
Mahmud Əhmədinejad və İlham Əliyev, 2009
Martın 17-də Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov yenə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılaraq Tehranın narazılığını dinləməli olub. İranın sonuncu narazılığına Azərbaycan MTN-nin bu günlərdə yaydığı açıqlama səbəb olub.

Ötən həftə Milli Təhlükəsizlik Nazirliyi İranın xüsusi xidmət orqanı –SEPAH-ın Azərbaycanda bəzi qüvvələrə terror-təxribat törətməsi haqda tapşırıqlar verməsi haqda məlumat yayıb. MTN son 11 ildə İran xüsusi xidmət orqanlarına casusluq edən 22 nəfərlik qrupu zərərsizləşdirdiyini deyir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev təsdiqləyir ki, həqiqətən də İran bu məsələdən narazı qaldığını Azərbaycanın səfirinə bildirib. Amma buna baxmayaraq, Elman Abdullayev deyir ki, Azərbaycan İranla mehriban qonşuluq münasibətlərinə üstünlük verir:

«AZƏRBAYCAN MÜNASİBƏTLƏRƏ MEHRİBAN QONŞULUQ PRİNSİPLƏRİ İLƏ YANAŞIR»

«Azərbaycan iki ölkənin münasibətlərinə mehriban qonşuluq prinsipləri ilə yanaşır. Bu prinsip Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin Naxçıvanda imzaladığı bəyanatda da əksini tapıb. Həmçinin, son zamanlar Azərbaycan və İran arasında dövlətlərarası səfərlər həyata keçirilir».

Deputat Zahid Oruc deyir ki, İranda yenə də Azərbaycanla təzyiq dilində danışırlar. O, hesab edir ki, MTN-in məlum bəyanatı bir neçə baxımdan zəruridir:

«AZƏRBAYCANLA «OSTAN» KİMİ RƏFTAR EDİRLƏR»

Zahid Oruc
Zahid Oruc
«Dövlətin bu məlumatı verməsi ilə ilk növbədə Azərbaycan xalqına nümayiş edilir ki, onun təhlükəsizliyinə cavabdehlik daşıyan qurumlar öz vəzifələrini ən yüksək peşəkarlıqla yerinə yetirirlər. İkincisi, bu, bizim təhlükəsizlik strukturlarının xarici aləmin işini nəzarətdə saxlamasına bir işarədir. Yəni, bu, həm də o deməkdir ki, nəzarətdə saxlanılan başqa işlər də var. Bəlkə onları yarımçıq saxlayıb ölkədən gedəsiniz. Azərbaycanın əleyhinə iqtisadi-siyasi casusluqdan, bizə ciddi zərbələr vurmaq niyyətindən daşınasınız. Üçüncüsü, düşünürəm ki, bu, həm də İranın özü üçün bir siqnaldır. Yəni, onlar Azərbaycanla bir «ostan», bölgə kimi rəftar etməyə son qoysunlar».

Zahid Oruc deyir ki, İran MTN-in məlumatından narahatdırsa, Azərbaycandan öz ərazisi kimi yararlanmağa, casus strukturlarını bura doldurmağa son qoysun. Deputatın fikrincə, İranın Qərb, eləcə də İsraillə bağlı narahatlığı varsa, bunu Azərbaycanla diplomatik yolla aydınlaşdırmaq ilk növbədə İranın özünün xeyrinədir.

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə hesab edir ki, Azərbaycanın Müdafiə naziri Səfər Əbiyev Tehrandan qayıdan kimi MTN-nin belə bir məlumat yayması siyasi bir gedişdir:

Ərəstun Oruclu
Ərəstun Oruclu
«QƏRBİ FAKT QARŞISINDA QOYMAQ İSTƏYİRLƏR Kİ...»

«Azərbaycan bu yolla Qərbdən dəstək almağa çalışır. Artıq Azərbaycanın xarici siyasət prioritetinin Qərb istiqamətinə müəyyənləşdiyi görünür. İlham Əliyevin Belçikada, NATO-nun baş qərargahında verdiyi bəyanatlar, Qərblə yaxınlaşma və s. əlamətlər var. Amma məlumdur ki, bu məsələdə Qərb konkret olaraq dəyərlər sisteminə inteqrasiyanı şərt qoyur. Azərbaycan isə göstərmək istəyir ki, islahata vaxtı yoxdur. İslahat apara bilməz, çünki ciddi İran təpkisi var. Görün, ölkədə nə qədər İran casusu var ki, bir dəfəyə 22-si tutulub. Bu kimi addımlarla manipulyasiya edərək sadəcə Qərbi fakt qarşısında qoymaq istəyirlər ki, Azərbaycanı bugünkü reallığı ilə qəbul etsin».

Üstəlik, Ərəstun Oruclu düşünür ki, MTN-nin əməliyyatı barədə televiziyada bu kimi məlumatların yayılması vətəndaşların dövlətə inamını azaldır. Onun fikrincə, efirdə göstərilən adamlar düşüncəsinə və intellektinə görə casusluqdan çox uzaqdırlar.
Politoloq deyir ki, efirdə gedən bu məlumat təkcə Azərbaycan auditoriyasına hesablanmayıb. Bu, daha çox Qərb auditoriyası üçün nəzərdə tutulub.
XS
SM
MD
LG