Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:25
İllər əvvəl «Dəli kür» filmində zəhmli, hökmlü Cahandar Ağa obrazını oynadı. Çoxlarının, xüsusilə də həmyerliləri olan gəncəlilərin sevgisini qazandı. Aktyor Ələddin Abbasov artıq 90 yaşını haqlayıb. İndi üzündəki zəhmi qocalığın nuruna qarışıb. Baxışı isə elə köhnə kadrlardakıların eynisi idi. Divardan güclə tutub yeriyir. Ancaq zamanın vücuduna verdiyi ağırlıq danışığında duyulmurdu. Yenə də səlis, aydın və ucadan danışırdı:

«TEATR MƏNİ XOŞBƏXT EDİB»

«Teatr mənə hər şey verib, xoşbəxt edib. Sevmişəm həyatımı və sənətimə qarşı ciddi olmuşam. Çalışmışam ki, teatrda yaxşı aktyor olam. Yaxşı aktyor olmağımı da dövlət qiymətləndirib, xalq artisti adı verib, prezident təqaüdü verib. Mən teatra həvəs göstərmişəm. Uşaqlıqdan getmişəm teatra. Arzu eləmişəm aktyor olum...».

CAHANDAR AĞA İLƏ PARLAYAN ÖMÜR YOLU

Ələddin Abbasov deyir ki, səhnələrdən ağ-qara ekranadək uzanan yollar Cahandar Ağada daha da parlayıb. Qocaman aktyor özünü məhz bu rolda tapdığını deyir:

«Məni dəvət elədilər kinoya. Bir neçə filmlərə çəkilmişəm. Cahandar Ağa məşhur etdi məni. O rol ürəyimdən oldu, çalışdım yaxşı oynayam, yaxşı da oynadım. Özümü Cahandar ağada daha sərbəst hiss edirdim. Bundan başqa, «Dörd bazar günü», «Torpaq. Dəniz. Od. Səma» filmlərində yaxşı rollarım olub. Birinci roluma Gəncədə çəkilmişəm, Xanların üst tərəfində çəkilmişəm. (İndiki Göygöl rayonu - G.R). Sonra «Koroğlu»da çəkildim, mən İran səfiri idim».

«OYNADIĞIM ROLLARIN HAMISI ƏZBƏR YADIMDADIR»

Ələddin Abbasovun gah gözləri dolurdu, gah da üzündə barəsində bəhs etdiyi tamaşalara məxsus ifadələr yer alırdı. Çox az gülümsünürdü.

«Yadınızda oynadığınız rollardan qalanı olubmu» - deyə soruşuram. Sualımı gözləyirmiş kimi başlayır danışmağa:

«Oynadığım rolların hamısı yadımdadır. Məsələn, «Aydın» mənim heç vaxt yadımdan çıxmaz. «Aydın», «Oktay», «1905-ci ildə». Cəfər Cabbarlının əsərlərində 2-3 rol oynamışam. Hamısı yadımdadır. «Vaqif»i oynadım, son zamanlar. «Vaqif»i əzbər bilirəm, başdan ayağa».

Ələddin Abbasov söhbətin bu yerində özünü elə bil səhnədə hiss edir:

«- Nə var fikirdəsən sən ey sərvinaz?
Amandır örtməsin ey nazlı nigar
o ay camalını qara buludlar.

Qız da belə deyir:

- Allaha şükür, hara baxıramsa, xeyir görünür.

- Yox, səsində bir titrəyiş var.

Gəl məndən gizləmə, aç söylə aşkar

- Heç bir az incidir məni bu qürbət.

«Dəli kür» filmindən fraqment

«Dəli kür» filmindən fraqment

- Yox bu da olmadı, danış ey Afət

Yalan yaraşmır gül dodaqlara...».

«Vaqif» dramından bu parçanı söyləyəndə, sanki Ələddin Abbasov oturmuş şəkildə o rolu oynadı. Baxışları, əlləri və səs tonu ilə. Özümü lap teatr salonunda, tamaşaçı kimi hiss etdim.

«TEATRDAN İLHAM ALAN AKTYOR AİLƏSİ»

Ələddin Abbasovun 2 oğlu və bir oğul nəvəsi də aktyordur. Gəncə Dövlət Dram Teatrında çalışırlar. Nəvəsi Samir Abbasov da babasından səhnədə dərs aldığını deyir. Onunla birgə oynadığı tamaşadan fəxrlə danışır:

«Ələddin Abbasovun nəvəsi olmaq mənə onu verdi ki, lap balaca vaxtlardan dərsdən qaçıb teatra gedirdim. Tamaşalara baxırdım. «Qatır Məmməd»ə, «Yad qızı»na. 1993-cü ildən teatrda işləyirəm. Babamdan həyatda heç nə öyrənməsəm də, səhnədə hər şey öyrəndim. Elə bir dahi sənətkarla mən 2 tamaşada tərəf müqabili olmuşam. Həmişə iradlarını bildirib. «Qana qan» əsərində mən yaşlı bir kişini oynayırdım. Bir də İlyas Əfəndiyevin «Mahnı dağlarda qaldı» əsərində babam Böyük bəyi oynayırdı, mən də qaragöz oğlanı oynayırdım».

SƏHNƏDƏ VƏ HƏYATDA DƏYİŞMƏYƏN ADAM

Samir Abbasov deyir ki, babası öz rollarında necə sərtdirsə, həyatda da elədir:

«Deyirdi yüksəkdən, aydın danış. Amma haradasa yumşalırdı. Başa salırdı. Amma səhnədə oynadığı obrazlardan dərs almışam. Ən sevdiyim rolu «İtkin gəlin»dəki Nəcməddin ağanı oynamasıdır. O xoşuma gəlirdi».

Samir Abbasov babasının ona danışdığı bir əhvalatı da yada salır:

«AXIR Kİ, CƏFƏRİMİN AYDININI TAPDIM»

«Babam mənə danışıb ki, Gəncədə Aydını oynayanda, Cəfər Cabbarlının yoldaşı Şəfiqə Axundova ilə oturub tamaşaya baxıb. Deyib ki, çox teatrlar «Aydın»ı oynayıblar. Amma axır ki, Kirovabadda (O vaxt Gəncə Kirovabad adlanırdı - G.R) Cəfərimin Aydınını tapdım. Sona xanım deyib bunu».

Son 5 ildə aktyorun səhhətində problemlər yaranıb. Həyat yoldaşı Tamara Abbasova deyir ki, buna baxmayaraq, o, çətinliklə də olsa, teatra, gənc aktyorlara məsləhət vermək üçün gedir. «Dəli kür» filmindən fraqment

«Dəli kür» filmindən fraqment

Onlarla birgə məşğələlərdə olur. Tamara Abbasova Ələddin Abbasovdan ailə başçısı kimi də razılıq edir:

«Orta dolanmışıq. Ən yaxşı maaşı o, alırdı. Mən də işləyirdim. Gürcüstana qastrola getmişdik. Ələddin orada «Otello» rolunda oynadı. Bütün Gürcüstan ayağa qalxmışdı. Doğrudan çox gözəl oynamışdı».

90 İLLİK YUBİLEYƏ DOĞRU...

Bu il may ayının 5-də Ələddin Abbasovun 90 yaşı tamam olur. İndiyədək bir neçə yubileyi keçirilən aktyorun indi də ad gününün qeyd olunması gözlənilir:

«Məsləhət bilsələr keçirəcəklər. May ayının 5-də 90 yaşım tamam olur. Keçirərlər, keçirməzlər, sağ olsunlar, nə deyə bilərəm. 75-80 yaşımı keçiriblər. 90 yaşımı da deyiblər keçirəcəklər. Görək də. Yadlarına düşər edərlər, düşməz də neyləmək olar».

GƏNCƏYƏ SƏDAQƏTLİ QALAN AKTYOR

Ələddin Abbasovun bəlkə də Gəncəyə sədaqətindəndir ki, dəfələrlə daha böyük şəhərlərə, daha böyük səhnələrə dəvət etsələr də, doğulduğu şəhəri tərk etməyib:

«Mən gəncəliyəm, Gəncədə böyümüşəm, Gəncədə ad almışam, xalq artistiyəm. Mən buranı atmazdım, hara dəvət eləsəydilər də, getməzdim. Bakıya neçə dəfə dəvət elədilər məni, getmədim. Dedim yox, mən Gəncədən ayrılmaram».

Bir çoxlarının fikrincə, müxtəlif tamaşalarda rol alan Ələddin Abbasov artıq özü bir obraz kimi yetişib. Bəlkə də o, obrazını oynayan aktyoru gözləyir...

Şərhləri göstər

XS
SM
MD
LG