Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:35

Novruz məşqindən reportaj


Novruz hazırlıqları, Bakı.14Mart 2012
Novruz hazırlıqları, Bakı.14Mart 2012
Artıq Novruz şənlikləri başlayıb. Bu yazıda sizi həmin bu şənliklərin necə ərsəyə gəlməsi ilə tanış edəcəyik. Görün sənət mətbəxində nə var, nə yoxdur?

Milli Parkda Novruz bayramının məşqləri gedir. Bir yanda sazəndələr, yallı vuranlar, o biri yanda nağaraçılar, meyxanaçılar. Keçəllə Kosa da öz yerində. Onların səsi bulvarı başına götürüb. Yolu Milli Parkdan düşənlər həvəslə məşqi izləyirlər. Hətta telefonla, fotoaparatla çəkiliş aparanlar da var...

Dövlət tədbirinin olduğu hər addımda sezilir. Nədən? Tələsməyin, biləcəksiniz...

Tədbirin rejissoru Cənnət Səlimovadır – Gənc Tamaşaçılar Teatrının baş rejissoru. İkinci rejissor isə Loğman Kərimovdur. Əlində səsgücləndirici uşaqlara komanda verir:

- «Hazır Olun! Baxırıq bura. Özü də şən oxuyuruq ha. Demək prezident ordan gəlir... Bura baxın. Çevrilirik. Başladıq!»

Balaca sazçalanlar dərhal «Paşaköçdü» havası üstdə «Azərbaycan» mahnısını oxumağa başlayırlar:

- «El bilir ki, sən mənimsən,
Yurdum, yuvam məskənimsən...»

Uşaqlar oxuduqca Loğman Kərimov göstəriş verir:

«Ürəkdən, gülə-gülə!.. Bərkdən!»


«MAZ ALIN, AYAQQABILAR PARILDAMALIDIR»
Baş rejissor razıdır, bir-iki tapşırıq verib aralanır. Loğman Kərimov isə uşaqlara sonuncu tapşırığı verir: «2 manata ayaqqabı mazı var, alın cibinizə qoyun. Ayaqqabılarınız parıldamalıdır. Bax, bu oğlanı görürsünüz, ayaqqabılarını necə parıldadıb?» Hamı dönüb ayaqqabısı alışıb-yanan oğlana, bir də öz ayaqqabılarına baxır. Murad da baxır. İnsafən onun ayaqqabıları da təmizdir. 9 yaşlı Murad həyəcanlı görünür.

- Niyə həyəcanlısan?

- Mən əslində müəllim yanına getmirəm. Qardaşım çala bilir deyə müəllim məni də çağırdı.


«AZƏRBAYCAN» MAHNISININ OXUNMASI VACİBDİR!»

Saz müəllimi Nemət Qasımlı deyir ki, məşqlər yarım aydır gedir. Özü 1996-cı ildən tədbirlərdə iştirak edir. Deyir ki, uşaqları nazirlik seçib:

- Yuxarı seçib, səliqəli ifaya, səliqəli geyimə, səliqəli davranışa görə.

- Hər il «Azərbaycan» mahnısı oxunur. Repertuarda dəyişiklik etmək olarmı?

- Bu il xaricdən qonaqlar olacaq. YUNESKO üçün film çəkiləcək. Ona görə, «Azərbaycan» mahnısının ifası vacibdir.

NAZİRİN XAHİŞİ

Sırada meyxanaçılardır. Cənnət Səlimova deyir ki, nazirin xahişidir, Sabirin və Əhməd Cavadın yubileyi yaxınlaşır. Onun fikrincə yaxşı olar, onlardan oxusunlar. Meyxanaçı
Meyxanaçılar
Meyxanaçılar
Vüqar deyir ki, bizə Sabir yaxındır, ondan oxuyarıq. Razılaşırlar.


«PREZİDENT HƏMİŞƏ BİZİM QALİBİMİZDİR!»


Yazı qol güləşçiləri gətirirlər deyəsən. İlıq mart havasında qısaqol paltarda rejissoru gözləyirlər. «Üşümürsüz» deyə xəbər alırıq. «Yox, bizə nə soyuq?..» Cənnət Səlimova məsləhət verir: «Durub gözləməyin prezident yaxınlaşsın, elə əvvəldən qol güləşdirin...»

Komandanın başçısı Zurab Bəxtiyarovla gülərüzlə söhbətə başlayır:

- Bir həftə qabaqdan yoxlamalar gedir. Həmin günə qədər hazırlıq hər gün gedəcək. İnşallah, gələn illərdə də Novruzda biz burda olacağıq. Çünki prezident hər dəfə bizə yaxınlaşır və bizimlə qol güləşdirir.

- Heç olubmu prezident sizə uduzsun?

- Prezident bizim uşaqlarla istəyərək qol güləşdirir. Amma udmaq-uduzmaq söhbəti yoxdur, prezident həmişə bizim qalibimizdir.

- Sirri nədədir ki, həmişə uduzursunuz?

- Biz xaricdə rəqiblərimizlə gücümüzü sınayırıq. Əsl qələbələri orda görürük. Burda udmaq-uduzmaq yoxdur. Bir də ki cənab prezident həmişə qalibdir!

Bu dəfə söhbət yarıda kəsilir. Bayaqdan işimizə əngəl yaradanlardan biri özünü təngnəfəs çatdırır ki, çəkilişi dayandırın.

- Balamın çörəyinə niyə bais olursan?

- Axı burda dövlət sirri yoxdur...

- Dəxli yoxdur, dayandırın... Məni oradan göndəriblər ki, onlar niyə çəkiliş aparır?

Bu məşqi izləmək üçün nazirlikdən , Bulvar İdarəsindən və baş rejissordan belə icazə almışdıq. Amma yenə də az qala hər addımda qabağımızı kəsib «olmaz» deyirlər.

Ona görə də «Keçəl»lə az qala gizlicə danışmalı oluruq.

KOSA ROLUNA GÖRƏ FƏXR EDİR


Rejissor Cənnət Səlimova iş başında
Rejissor Cənnət Səlimova iş başında

A kos-kosa gəlsənə!
Gəlib salam versənə!

Kosanı Musiqili Komediya Teatrının aktyoru Elxan İsmayılov oynayır.

Deyir ki, bu rolu oynadığına görə fəxr edir.

- Niyə də fəxr etməyim, mən aktyoram. Mənim peşəm tamaşada oynamaqdır. Xalq oyunları da teatrın kökündə durur.

- Prezidentlə yumurta döyüşdürəcəksinizmi?

- Hər şey ola bilər. O gəlib yaxınlaşanda planımızda ola bilər. Amma bayramın rəmzidir. Niyə döyüşdürməyək?

- Döyüşdürsəniz bilərəkdən uduzacaqsınız, yoxsa?..

- O da bəxtə-bəxtdir. Baxır yumurtanın dərəcəsinə. Kimin qismətinə nə düşdü.


«ELƏ ŞEYLƏR VAR TOXUNULMAZDIR»


Keçəli oynayan Əliməmməd Novruzovdur
Keçəli oynayan Əliməmməd Novruzovdur
Maraqlanırıq ki, Keçəllə Kosanı kim seçir. Keçəli oynayan Əliməmməd Novruzov deyir ki, hər teatr öz aktyorlarını təqdim edir. Seçimi isə Mədəniyyət və Turizm Nazirliyi edir. «İmprovizə edəcəksinizmi? Ötən illərdən fərqli bir şey olacaqmı» deyə soruşuruq. Deyirlər ki, onlara hazır mətn veriblər. Onun əsasında da məşq edirlər.

- Kosa ilə Keçəl neçə ildir neyləyibsə, həmin şeylər yenə təkrarlanacaq. Elə şeylər var toxunulmazdır. Toxunulsa, həftəbecər olacaq.

Elə rejissor Cənnət Səlimova da deyir ki, ssenari ötən ilkilərdən bir o qədər fərqlənmir. Bəlkə bir az dəyişiklik pis olmazdı?

- «Nələrsə olacaq. Bilirsiniz Novruz ənənəvi bayramdır. Ənənəni saxlamaq bizim ən böyük borcumuzdur. Yenilik nədir? «Şərq Bazarı»nda yeni ərzaq var, amma radikal yenilik yoxdur. Novruz ənənəvi bayramdır...»

Məşq bitir. Keçəllə Kosa AzadlıqRadiosunun əməkdaşlarını və dinləyicilərinin təbrik edirlər:

- Bayramınız mübarək!

- Elə sizin də!
XS
SM
MD
LG