Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:59

Son 7 ildə böhtan və təhqir ittihamı ilə 21 jurnalist həbs olunub


Xalid Ağaliyev
Xalid Ağaliyev
2005-ci ildən indiyə qədər diffamasiya - böhtan və təhqir şikayətləri əsasında 21 jurnalist həbs olunub. Bu dövr ərzində müxtəlif media qurumları üzərinə ümumilikdə 4.5 milyon manatdan artıq təzminat qoyulub, jurnalistlərə 330-dan artıq cinayət işi açılıb.

Bu rəqəmlər Media Hüququ İnstitutu və ATƏT-in Bakı Ofisinin martın 16-da keçirdiyi dəyirmi masada açıqlanıb.

«YENİ MÜSAVAT»DAN 3 MİLYONLUQ TƏZMİNAT İSTƏNİLİR

Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağaliyev deyir ki, diffamasiya haqqında qanunun qəbul olunmaması media üzərinə bu hücumların 2005-ci ildən bəri artmasında da böyük rol oynayır:

«2012-ci ildə - hazırda 6 məhkəmə işi baxışdadır. Həmin işlərdən biri barəsində artıq qərar verilib. Bu, «Xural» qəzetinin işi ilə bağlıdır. Xırdalan Pivə Zavodunun rəhbərliyi qəzetdən 150000 manat cərimə tələb edirdi, məhkəmə iddianı qismən təmin edərək qəzetə 50000 manat cərimə qoyub. Hazırda baxışda olan işlərin əksəriyyəti «Yeni Müsavat» qəzeti ilə bağlıdır. 6-7 iş var. Qəzetdən istənilən təzminat ümumilikdə 3 milyon manata yaxındır».

Media ekspertləri hesab edir ki, tənqidçi medianın üstünə qoyulan bu rəqəmlər əsaslandırılmır və şişirdilir.

ƏN YÜKSƏK CƏRİMƏDƏN 10 DƏFƏ ÇOX

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, bu, qəzetlərin işini çətinləşdirməkdədir:

«Son «Xural» işində verilən qərar Azərbaycanda minimum əməkhaqqının 532 mislidir. Yəni, Avropa Məhkəməsinin çıxardığı ən yüksək cərimədən 10 dəfə çoxdur.
Ələsgər Məmmədli
Ələsgər Məmmədli
Mən məsələnin hüquqi aspektinə dönərək qeyd etməliyəm ki, diffamasiya haqqında qanunun qəbulu olduqca vacibdir».

Azərbaycanda İnzibati Xətalar Məcəlləsini pozmuş hər hansı vəzifəli şəxsin 500 manatdan çox cərimələnməsi təcrübəsi olmayıb. Bunu da Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı bildirir. Onun fikrincə, cərimələri müəyyənləşdirməkdə məhkəmələr jurnalistlərə qarşı ədalət prinsipini pozur:

KOMPENSASİYA ƏDALƏTSİZLİYİ

«Cinayət Prosessual Məcəlləsi cinayətdən zərər çəkmiş şəxslərə mənəvi zərərə görə ödənilən kompensasiyanın məbləğlərini müəyyən edir. Məcəlləyə görə, xüsusilə ağır cinayətlərdən zərər çəkən şəxslərin (şahid olan) cəmi 330 manat kompensasiya almaq hüququ var. İşgəncə almış şəxsə mənəvi kompensasiyanın məbləği 160 manatdır. Döymə cinayətinin qurbanı olmuş şəxsin ala biləcəyi kompensasiyanın qanunla müəyyən olunmuş həddi 10 manatdır. Kompensasiya məbləğləri arasındakı bu fərq ədalət balansını pozmaqdır».

Belə işlərdən «Ramiz Mehdiyev «Xural» qəzetinə qarşı (10000 manat), «Baltika-Bakı» MMC-nin baş direktoru Adam Tlexuray «Xural» qəzetinə qarşı (50000 manat), Anar Məmmədovun «Yeni Müsavat»
Rəşid Hacılı
Rəşid Hacılı
və «Azadlıq» qəzetinə qarşı iddiasını (hərəsinə 4000 manat) xatırlatmaq olar.

CƏRİMƏLƏR UŞAQ EVLƏRİNƏ GEDİR?

Rəşid Hacılı deyir ki, başqa bir maraqlı məsələ isə bu cərimələrin tutulduqdan sonra uşaq evlərinə, internat məktəblərinə xeyriyyə məqsədilə yatırılması barədədir. Ekspert deyir ki, vəzifəli şəxslərin bu açıqlamalarını araşdırdıqdan sonra bəlli olub ki, heç bir uşaq evi belə məbləği yardım olaraq almayıb.

Diffamasiya haqqında qanun postsovet ölkələrindən (Orta Asiyanı çıxmaq şərtilə) yalnız Azərbaycan və Belarusda qəbul olunmayıb.

Azərbaycanda bu qanun Mətbuat Şurası və ATƏT-in Bakı ofisi ilə birgə hazırlanıb müvafiq qurumlara təqdim edilib.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bir müddət əvvəl bildirmişdi ki, Azərbaycanın indiki siyasi vəziyyətində «Diffamasiya haqqında» qanunun qəbulu yaxşı vəziyyət vəd etmir.
XS
SM
MD
LG