Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:01

Milyonlarla adamı aldadan maliyyə piramidası geri qayıdır


Sergey Mavrodi
Sergey Mavrodi
Bir vaxtlar bu şirkət gündə milyonlarla dollar qazanırdı. Şirkətin başında duran şəxs isə Dövlət Dumasına deputat seçilmişdi. Bir dəfə hətta prezident seçkilərində namizədliyini də irəli sürmüşdü. Söhbət 90-cı illərdə MMM maliyyə piramidası qurmaqla milyonlarla rusiyalının pullarını mənimsəmiş Sergey Mavrodidən gedir.

Bir vaxtlar bir neçə otağı pulla dolduracaq qədər nağd vəsaiti olan Mavrodi 33 dollar cərimə ödəmədiyinə görə 5 günlük həbs cəzası alıb.

Məhkəmə onun haqqındakı 5 günlük həbs qərarını martın 14-də çıxarıb. Mavrodi inzibati pozuntuya görə cərimələnib.

«MƏQSƏDİM QLOBAL MALİYYƏ SİSTEMİNİ DAĞITMAQDIR»

Mavrodi bundan əvvəl bir dəfə saxtakarlığa görə 4 il yarım müddətə azadlıqdan məhrum edilmişdi. Görünür, həbsxana həyatı onu islah etməyib. O, «MMM 2011» adlı yeni piramida şəbəkəsi qurub. İddia edir ki, bu yolla dünyanın bütün qlobal maliyyə sistemini çökdürəcək. O, 5 günlük həbs cəzası almamışdan əvvəl bunları deyib:

«Mənim məqsədim qlobal maliyyə sistemini dağıtmaqdır. Düşünürəm ki, hazırkı maliyyə sistemi ədalətsizdir. Bir qrup insanın milyonlar qazanması, başqalarının isə yoxsul qalması ədalətsizlikdir. Bu sistem dağılmalı, yerində başqa bir şey yaradılmalıdır. Mənim işim də buna xidmət edir».

Sergey Mavrodi Moskva məhkəməsində, 28 aprel 2007
Sergey Mavrodi Moskva məhkəməsində, 28 aprel 2007
«MMM 2011» piramidası klassik piramida sistemidir. Əvvəl pul qoyanlar özlərindən sonra gələn pulların hesabına gəlir götürürlər. Mavrodi bu piramidaya qoşulanlara fantastik gəlir vəd edir. Ayda 20 faizdən 75 faizə qədər gəlir! Ancaq Mavrodinin bu yeni piramida sistemi 90-cı illərdəki MMM piramida sistemindən bir qədər fərqlənir. Həmin dövrdə onun Rusiya ərazisində çoxlu şirkətləri vardı. Həmin ofislərdən üstündə Mavrodinin şəkilləri olan vauçerləri alırdılar.

«MAVRO DOLLAR»

Yeni versiya isə ancaq internet üzərindəndir. İnvestorlar işləri internet üzərindən həyata keçirir və maliyyə əməliyyatlarında yalnız «Mavro dollar» adlanan virtual valyutadan istifadə olunur.

Mavrodi deyir ki, onun yeni yaratdığı sistemin 20 milyon üzvü var. Sxem o qədər qarmaqarışıqdır ki, onun dediyi rəqəmi yoxlamaq qeyri-mümkündür.

PİRAMİDANI AVROPA VƏ LATIN AMERİKASINA DA İXRAC EDƏCƏK

Pavel Medvedev
Pavel Medvedev
Rusiya qanunvericiliyi piramidanı qadağan etmir. Ona görə də «MMM 2011» maneəsiz, rahat fəaliyyət göstərə bilir. Bununla belə Rusiyanın maliyyə ombudsmanı Pavel Medvedev Baş Prokurorluğa ərizə yazıb. Medvedev deyir ki, prokurorluq heç də Mavrodinin fəaliyyətini yoxlamağa tələsmir:

«Baş prokuror mənə dedi ki, hər hansısa qanun pozuntusu varsa, tədbir görüləcək. Nə üçün prokurorlar ona qarşı tədbir görmürlər? Çünki prokurorluq bunda maraqlı deyil. Yalnız ondan yuxarılar nəsə bir göstəriş versə, tədbir görüləcək».

Medvedev «MMM 2011»in milyonlara üzvü olmasına inanmır. Deyir ki, əks-halda Mavrodiyə qarşı çoxlu məhkəmə iddiaları olardı.

Mavrodi özü isə öz uğuruna əmindir. Bildirir ki, yaxın vaxtlarda bu piramida sxemini Avropa, Kanada və Latın Amerikası ölkələrinə də ixrac edəcək. Onun şirkətinin veb-saytı ingilis, fransız, ispan, çex, türk, yunan, ivrit dilləri də daxil olmaqla 16 müxtəlif dildə fəaliyyət göstərir. Saytda şirkətin onlarla ölkədəki nümayəndəliyinin də telefon nömrələri yerləşdirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG