Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:18

ABŞ səfirliyinin əməkdaşları AzadlıqRadiosu müxbirinin evində olublar


Yafəz Əkrəmoğlu
Yafəz Əkrəmoğlu
Martın 15-də ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Brigette Buchet və ictimaiyyətlə əlaqələr şöbəsinin başçısı Victoria Sloan AzadlıqRadiosunun əməkdaşı Yafəz Əkrəmoğlunun yaşadığı evdə olublar.

Görüşdə əməkdaşımızın yazdığı yazılara görə son zamanlar təqib və təhdid olunması ilə bağlı müzakirələr aparılıb. Səfirliyin əməkdaşları təqib və təzyiqlərə görə hüquq – mühafizə orqanlarına olunan müraciətlərin nəticələri ilə də maraqlanıblar.

Ötən il avqustun 29-da Yafəz Əkrəmoğlu Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyində vəfat etdiyi bildirilən Turac Zeynalovun ölümünü araşdırmaq üçün Naxçıvana getmişdi. Bir gün sonra, avqustun 30-da naməlum şəxslər onu Naxçıvandan çıxararaq İrana deportasiya etmişdilər. AzadlıqRadiosunun Bakı bürosu bu məsələni araşdırmaq üçün Azərbaycan Ombudsmanına müraciət etmişdi. Ombudsman Aparatının cavabında isə qeyd olunmuşdu ki, müraciətdə göstərilən halların heç bir əsası yoxdur.

Ötən ilin oktyabrda isə Yafəz Əkrəmoğlunun AzadlıqRadiosunun saytında «Türkanda sahibkarla polis arasında karxana davası» başlıqlı yazısı dərc olunmuşdu. Həmin yazıda adı basqınçı kimi çəkilən şəxslər əməkdaşımızın evinə gedib, onu hədələyərək yazının təkzibini tələb ediblər. Bundan sonra isə əməkdaşımızın telefonuna naməlum şəxslərdən müxtəlif hədələyici zənglər gəlib. Həmin hədələrlə bağlı Xəzər rayon 2-ci polis bölməsində araşdırma aparılır.
XS
SM
MD
LG