Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:15
-

Müsahibənin 1-ci hissəsini burada oxu


- Bəs vəziyyətdən çıxış yolunu kim tapdı?

- Sözsüz ki, mən çox sakit idim, çünki cəbhə bölgələrində olmuşdum, çox şey görmüşdüm. Ona görə bilirdim ki, bizim nizami ordunun bir batalyonu min OMON-çunun qarşısında heç bir problemsiz rahatca dayana bilər. Bilirsiniz, gərək yenə tarixə qayıdaq. Azərbaycanda nizami ordu 4-5 batalyon şəklində, haradasa 1993-cü ilin noyabrında hazır olub. O vaxta qədər olan batalyonlar hamısı müəyyən dərəcədə Rusiyanın təlimini görmüş, qeyri-nizami qoşun hissələri idilər. Amma bu dediyim 5-6 batalyon türk zabitləri, generalları tərəfindən NATO təlimi görmüş əsgərlər idi.

- Amma OMON-çular da müharibə görmüşdülər.

- Bilirsiniz, indi biz OMON-çulardan qəhrəman obrazı yaradırıq. Axı bizim müharibədə qəhrəmanlıqla həlak olmuş əsgərlərimizin ruhu şad olmaz belə şeylə. Onlar gedib torpaqlar uğrunda sözün əsl mənasında həlak olublar. Bizim əsgərlərin 30 faizi həlak olub bu müharibədə. Bütün OMON-nun isə 3-4 illik müharibədə heç 10 faizi də həlak olmayıb. İndinin özündə də camaat elə bilir ki, OMON gələcək, bu Azərbaycanı kimdənsə azad edəcək. Əlbəttə bunlar hamısı illüziyadır...

Mən bu OMON-çuların xətrini ən çox istəyən adam olmuşam. Onların yaralılarını xaricə göndərib müalicə etdirən mən olmuşam. Məndən başqa heç kim bu işi görməyib. Mənim onlara qarşı çox böyük hörmətim olub. 1992-1993-cü illərdə. Bunların ailələrinə, özlərinə maddi köməkliklər etmişəm. Yəni, mən bu OMON-a yaxın adamam. Ancaq OMON-un tutduğu iş əlbəttə düzgün deyildi. Yəni, belə bir hadisədən sonra artıq çıxış yolu qalmamışdı. Bunlar hökmən tərksilah olunmalı idi. Ya dinc, ya da müharibə yolu ilə. Ayrı bir variantı yox idi. Buna baxmayaraq, mən yenə cəhd elədim ki, Rövşən Cavadovla biz dil tapa bilək.
Mən Rövşən Cavadovun özü ilə dost olmuşdum

Çünki mən Rövşən Cavadovun özü ilə dost olmuşdum. Rövşən Cavadov əlbəttə potensialı çox da yüksək olmayan bir adam idi. Ancaq o, çox qabiliyyətli bir insan idi. O, öz başından bu işləri edən adam deyildi, qəti surətdə. Onu buna nə yolla isə vadar etmişdilər. Bizim ümumi tanıdığımız tanışlarla mən ona xəbər göndərdim ki, şansları yoxdur, sıfırdır. Xahiş edirəm, dinc yolla, qan tökmədən silahı yerə qoyub, qanuna tabe olsunlar, bu məsələni biz həll edək. Ancaq mən təminat olaraq yalnız onu edə bilərəm ki, heç biri barəsində cinayət işi açılmasın. Mən bu xəbəri də göndərdim. İsmarışı bunlar zəiflik, qorxaqlıq saydılar. Başladılar hərəkət etməyə, nə ilə qurtardı onu da bilirik.

- Belə fikirlər var ki, o zaman hakimiyyət məqsədli şəkildə OMON-u bu qarşıdurmaya çəkib. Bəzi ekspertlər hesab edirlər ki, hakimiyyət özünün nəzarət edə bilmədiyi bir silahlı qüvvənin mövcudluğuna uzun müddət dözə bilməzdi. Bu kimi fikirlərə münasibətiniz?

- OMON-u hökumətin provokasiyaya çəkməsi barədə deyilənlər tam yalandır. Çünki hökumətdəkilər OMON-dan qorxurdular. Bilirdilər ki, OMON mütləq tərksilah edilməlidir. Amma qorxurdular. Ona görə də onların OMON-u provokasiyaya çəkməyə şansları yox idi. Əslində OMON dövləti provokasiyaya çəkdi.

Rəsul Quliyev

Rəsul Quliyev

Sözsüz ki, dövlət qeyri-qanuni, yaxud tabe olmayan silahlı qüvvələrin mövcudluğuna dözə bilməz. Əlbəttə onların tərksilah olunmasını hökumət istəyirdi. Amma provokasiyaya çəkməyə gücü yox idi. Qorxurdu.

- Rövşən Cavadova yaralı olduğu halda tibbi yardım göstərilməməsi barədə deyilənlər nə dərəcədə doğrudur?

- Bu, mütləq mənada yalandır. Mən bu gün də Rövşən Cavadovun başqasının küyünə gedib həlak olmasına ən çox təəssüf hissi keçirən adamlardan biriyəm. Qəti surətdə ölməyə layiq oğlan deyildi . Özü də bəziləri deyir ki, «onu snayper vurdu», filan. Elə bir şey yox idi. Ona elə belə atılan güllələrdən biri dəyib. Bəxtindən iş də elə gətirib ki, güllə onun ayağındakı böyük arteriyaya dəyib. Deyirlər, təcili yardım gec gəlib və s. Belə şey də olmayıb. Onu həmin an öz adamları maşına qoyub xəstəxanaya aparıblar. O, xəstəxanaya çatana qədər keçinmişdi. Yalan şeydir ki, hansısa həkimə deyiblər yardım göstərməsin və s.

- Yalan olduğunu necə izah etmək olar?

- Çünki bu hadisələrin xəbərdarı mənəm. Yəni, birinci mənbə mənəm. O hadisələr baş verəndə, Heydər Əliyev yuxu dərmanı atıb yatmışdı...

Rövşən Cavadovun yaralı olmasını deyil, xəstəxanada öldüyünü mənə xəbər veriblər. Yəni, onun yaralı olması xəbəri yox idisə, necə demək olardı ki, yardım göstərilməsin. Birbaşa telefon açıb deyiblər ki, Rövşən Cavadov keçinib. Ona görə o deyilənlər
O hadisələr baş verəndə, Heydər Əliyev yuxu dərmanı atıb yatmışdı

yalandır.

- Ola bilməzdimi ki, Sizdən xəbərsiz kimsə hansısa tapşırığa əsasən bu işi görsün?

- Yox, mümkün deyildi. Heç kim heç nə etməyib. İstənilən həkimdən də soruşa bilərsiniz. O cür yaradan sağ qurtarmaq mümkün deyil. O cür yara əməliyyat masası hazır vəziyyətdə olduğu halda, cərrahın gözünün qarşısında baş versə, ola bilsin, bəlkə onu xilas edə bilər. Amma belə o yara elə dəhşətli qanaxma verir ki, 5-10 dəqiqəyə məsələ həll olur.

- İndi həmin hadisələrə görə təəssüf hissi keçirirsinizmi?

- Ümumiyyətlə, Azərbaycanda ölümlə nəticələnən istənilən hadisəyə mən təəssüflənirəm. Məsələn, 1993-cü ilin 4 iyununda Surət Hüseynov qumbaraatanla prezident qvardiyasının təxminən 25 əsgərini bir avtobusda vurub öldürdü. Ona da mən təəssüflənirəm. Hamısı bizim azərbaycanlılardır. Buna necə təəssüflənməmək olar.
Bu günə qədər də təəssüflənirəm ki, bunun qarşısını biz ala bilməmişik. Hər halda, o vaxt çalışırdım əlimdən gələn hər şeyi edim ki, qan tökülməsin. İndi də fikirləşirəm ki, ola bilər nəyisə sonadək etməmişəm, qan tökülüb. Bütün bunlar əlbəttə ki, təəssüf doğurur.

Şərhləri göstər

XS
SM
MD
LG