Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 08:56
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın day.az saytına müsahibəsi (ixtisarla)


- 50 il sonra Anarın necə xatırlanmasını istərdiniz?

- Bu suala mənim iki cavabım var – biri optimistin, o biri isə pessimistin baxış bucağından. Bədbin cavabı Mayakovskinin misraları ilə verərdim.

"…Я хочу быть понят родной страной,
А не буду понят, что ж, по родной стране,
Пройду стороной, как проходит косой дождь".


Amma necə deyərlər, dünyanı fırladan optimistlərdir. Buna görə də inanıram ki, 50 il sonra insanlara bizim indiki dövrümüz, nə düşündüyümüz, necə yaşadığımız maraqlı gələndə onların müraciət edəcəyi əsərlər arasında mənim də yazılarım olacaq. Bəli, informasiya daşıyıcıları dəyişə bilər – indi texnologiyalar böyük sürətlə inkişaf edir – amma mətnlərin özünə maraq itməyəcək. Ümid edirəm ki, mənim əsərlərim unudulmayacaq yazılar arasında olacaq.

- Sizin özünüzün sevimli yazıçılarınız kimdir?

- Füzuli, Sabir, Cəlil Məmmədquluzadə, Tolstoy, Balzak və bir çox başqa yazarlar...

- Yaşlı nəslin bəzi nümayəndələri indiki gənclərdən narazılıqlarını bildirir, heç bir sahədə onların zövqünü bəyənmirlər. Bəs siz bu barədə nə düşünürsünüz?

- Mən onlar kimi düşünmürəm. Yeni nəsli ümumilikdə qəbul edirəm və ona yetərincə dözümlü yanaşıram. Axı mənim övladlarım və nəvələrim də həmin nəslin nümayəndələridir. Bəli, bəyənmədiyim cəhətlər də var, amma axı hər nəslin öz siması olur. Necə deyərlər, insanlar daha çox öz dövrlərinə oxşayırlar, nəinki öz valideynlərinə. Axı zövqlər və dərkolunma prosesinin əsasında məhz zamanə dayanır.

- Bəs indiki gənclərdə birmənalı qəbul etmədiyiniz cəhətlər hansılardır?

- Mən gənclərdə də, qocalarda da paxıllıq, nifrət, yalançılıq və buna oxşar başqa sifətləri qəti qəbul etmirəm. Əslində, atalar və oğullar məsələsi əvvəllər də kəskin məqam olub, indi də belədir, gələcəkdə də belə olacaq. Amma mən bütün tərəfləri daha dözümlü olmağa çalışıram. Qocalara tövsiyəm budur ki, özlərinin də bir zamanlar cavan olduqlarını, həyatın bütün mərhələlərindən keçdiklərini unutmasınlar.Gənclər isə yaddan çıxarmasınlar ki, “dünyanın binası” onlardan çox-çox qabaq qoyulub və həyat təcrübəsi olanların məsləhətlərinə hörmətlə yanaşmaq lazımdır.

- İndi Azərbaycan cəmiyyətində hansı dəyişikliklər sizi sevindirir?

- Cəmiyyətimizin əldə etdiyi ən böyük nailiyyət, hesab edirəm ki, əlbəttə, müstəqillik qazanmağımızdır. Bütün başqa cəmiyyətlər kimi bizim cəmiyyətin də yüzlərlə problemi var, o cümlədən korrupsiya və özbaşınalıq. Amma əgər tərəzinin bir gözünə həmin problemləri, o biri gözünəsə müstəqilliyi qoysaq, müstəqillik ağır gələr.

- Bəs hansı dəyişikliklər sizi məyus edir?

- Məni məyus edən odur ki, həyat gündən-günə daha da praqmatikləşir. Kapitalizmdi də... Sovet dövründə bizə kapitalizmin mənfi tərəflərindən danışırdılar. Üstündən neçə illər keçib, amma o deyilənlərin çoxunun həqiqət olduğu aydınlaşdı. İndi biz həmin çatışmazlıqları öz cəmiyyətimizdə görürük. Bu, sərvət toplamaq hərisliyi və mənəvi dəyərlərin itirilməsidir.

- Yaşlı nəslin bir çox nümayəndələri xiffətlə “Sovet dövründə vəziyyət daha yaxşıydı” deyirlər. Sizi də bu sıraya daxil etmək olarmı?

- Bəzən deyirlər ki, sovet dövründə hər şey pis idi, həyat dözülməz idi. Amma mən belə düşünmürəm. Mən sovet dövrünə dialektik yanaşıram. Nə söyürəm, nə də ideallaşdırıram. Axı SSRİ-nin tərkibində olduğu 70 ildə Azərbaycan yeni mədəniyyət yaradıb. Mən hələ pulsuz səhiyyə, təhsil sistemlərini, gələcəyə inam hissini demirəm. Amma mənfi cəhətlər də çox idi. Ən pis olansa Moskvadan asılılıq, çox sərt senzura və kardinal dəyişikliklərin mümkünsüzlüyü idi.

- Anar müəllim, bir tanınmış yazıçı olaraq sizdən də soruşmaq istərdik, cəmiyyətin düzgün axarda inkişafı, savadlı nəslin yetişməsi üçün cəmiyyətə necə kömək etmək olar?

- Hər şey maarifçilikdən başlayır. Çalışmaq lazımdır ki, bizdə təhsilin səviyyəsi yüksəlsin, yaxşı dərsliklərimiz olsun. Başqa sahələri bilmirəm, amma ədəbiyyat və tarix dərsliklərinin səviyyəsi məni qane etmir. Mən istərdim ki, hər bir azərbaycanlı ən azı iki dili mükəmməl bilsin – Azərbaycan və rus dillərini. Bundan əlavə də ingilis, yaxud fransız dillərini öyrənsin. Savadlı nəslin yetişməsi üçün ilk növbədə humanitar elmlərdən – dil, tarix, ədəbiyyat, mədəniyyətdən başlamaq lazımdır. Bunlar hər bir məktəb məzunu üçün, gələcəyin neftçisi, həkimi, biznesmeni, dəlləyi, işsizi, ümumiyyətlə peşəsindən asılı olmayaraq hər bir insan üçün baza olmalıdır.

- Bakı gündən-günə dəyişir. Hansı dəyişiklikləri müsbət sayırsız, hansılarsa sizi o qədər də qane etmir?

- Şəhərin dəyişməsi yaxşıdır Bakı böyüyür, daha da gözəlləşir. Şəhərin təmtəraqla işıqlandırılması xoşuma gəlir. Bakı gecələri – çox füsunkardır, adamın könlü açılır. Yenidənqurmadan sonra bulvar necə də gözəlləşib. Amma istərdim ki tarixi abidələrə daha diqqətlə yanaşılsın. Köhnə “İnturist” mehmanxanasının sökülməsi məni məyus etdi. Axı bu, tarixi binadır, Şusevin memarlıq işidir. O Şusevin ki Moskvada Leninə ilk mavzoleyinin memarı idi. Bundan başqa bu, bir zamanlar bir sıra görkəmli şəxsiyyətlərin qaldığı mehmanxana idi. Şəxsi xatirələrimi də bura əlavə edirəm... Mehmanxananın uçurulmasına ürək ağrısıyla baxırdım...

Tərcümə: oxuzalı.az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG