Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:39

Akademik Bəkir Nəbiyev vəfat edib


Tanınmış ədəbiyyatşünas, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev 82 yaşında vəfat edib.

Ədəbiyyat İnstitutundan APA-ya verilən məlumata görə, B. Nəbiyev dünən geçə ürək tutmasından dünyasını dəyişib. Onunla vida mərasimi sabah keçiriləcək. B. Nəbiyevin II Fəxri Xiyabanda dəfn ediləcəyi gözlənilir.

AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi, “Şöhrət” ordenli B. Nəbiyev 1930-cu il avqustun 21-də Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. Ağdaşda 1 saylı orta məktəbi bitirib.

Əmək fəaliyyətinə müharibə illərində başlayıb. Ağdaş radio şəbəkəsinin diktoru işləyib. Sonra Ağdaş şəhərində və Yeniarx kəndində müəllimlik edib.

ADU-nun filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə "Ədəbiyyat qəzeti"ndə başlayıb. Universiteti bitirdikdən sonra "Azərbaycan gəncləri", "İnşaatçı" qəzetlərində məsul katib müavini, ədəbi işçi vəzifələrində işləyib.

AMEA-nın Ədəbiyyat İnstitutunun sovet ədəbiyyatı şöbəsində kiçik elmi işçi, şöbə müdiri və institutun elmi katibi, Azərbaycan Dövlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru, Azərbaycan Ədəbiyyat Fondunun sədri vəzifələrində çalışıb.

"Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin, ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi"nin müəlliflərindən və redaktorlarından biri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin baş redaktoru olub.

Ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərinə görə Azərbaycan prezidentinin Fəxri Diplomu (2010), SSRİ-nin "Xalqlar dostluğu" (1986) və Azərbaycanın "Şöhrət" (2000) ordenləri ilə təltif edilib. Müxtəlif illərdə "Hacı Zeynalabdin Tağıyev", "Məmməd Araz" mükafatlarına (1993-1994), "Ustad" ali mükafatına (1997), beynəlxalq TİKA mükafatına (2000) layiq görülüb.
XS
SM
MD
LG