Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:42

Vaqif İbrahimoğlu. Manqurd əfsanəsini danışdım. Sarsıldılar...


Vaqif İbrahimoğlu, Azadlıq Radiosunun Bakı studiyasında, 2009
Vaqif İbrahimoğlu, Azadlıq Radiosunun Bakı studiyasında, 2009
Vaqif İbrahimoğlu

DƏDƏM QORQUD EŞQİNƏ...


(Sovet teatr rejissorunun Türkiyə gündəliyi)

ƏVVƏLİ

4 yanvar, cümə. 1985-ci il

Dünənki gərginlikdən sonra pis yatdım. Türkiyə gerçəkləriylə yerini dəyişə-dəyişə, yuxuma min cür əcaib şeylər girirdi. Yataqdan yorğun qalxdım.

Səhər məşqi çox pis və verimsiz keçdi: Halənin nənəsi öldüyündən, “prova”dan Cahidlə bərabər icazə alıb getdi.

Düzdür, öncə onlara “yox” cavabı vermişdim, ancaq ardından hüsaməddinçilərlə -- İlhan və Oğuzla məsləhətləşərək onları buraxdım.

Birinci pərdədə məşqlərin bir hissəsi rəqsə getdi. Cümhur və Gizəmlə məşğul oldum, amma nə fayda... Onları vaxtından əvvəl buraxıb yuxarı qalxdım: Tufan rəqslərin hamısını yenidən qurur və onlar “azəri”liklərini itirsələr də, daha peşəkar səviyyə qazanırlar.

Sonra Vəli roluna iddialı Muradla (Murat) söhbət etdim – düşünməyi bacaran və inadkar oğlandır.

Əhəd bütün ruhuyla həm onun, həm də indi rol almağa can atan hər kəsin əleyhinədir: “Yaramazlar... Eşidib-gördülər ki, konfet kimi alınır, ona görə tamaşaya soxulmaq istəyirlər.

Mən, şəxsən, bu uşaqları onlara qurban vermərəm! İndi onlar bütün əlaqələrini işə salacaq, sənə təzyiq göstərəcəklər – təslim olma!”. Yana-yana, tam oyuna qapılaraq və ağzı köpüklənə-köpüklənə deyir o sözləri və son xəbərdarlığını səsləndirir: “Bu uşaqları qurban versən, səni bağışlamaram!”.

Bu gündəlik ilk dəfə çap olunur. Düz 28 il öncə Vaqif İbrahimoğlu Türkiyəyə--Ankara Opera və Balet Teatrında Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu. Üç ay Ankarada qalan Vaqif bəy nə yaxşı ki, orada keçirdiyi günləri gündəliyində əbədiləşdirmişdi. Sovetlər dönəmində “Gündəlik” təbii ki, çap oluna bilməzdi. Odur ki, Vaqif bəy 1989-cu ildə əlyazma şəklində cildləyib hazırladığı “kitab”ı dostu Zeynal Məmmədliyə verir və şərt kəsir: “Bu gündəliyi ancaq mən öləndən sonra Azərbaycan türkcəsinə çevirib çap edərsən...”

Əziz oxucu! 28 il öncə Ankarada bəlli səbəblərdən rusca yazılan gündəliyi AzadlıqRadiosu “İz” proqramının prodüseri Zeynal Məmmədli dilimizə çevrib. “Gündəliy”in növbəti hissəsi qarşınızdadır. Bu “İz”i qaçırmayın.

Məşqin ardından Tufan mat qalası dərəcədə acı, həm də anlaşılmaz dadı olan piroqa qonaq etdi. İndiyədək gəyirirəm. Sonra Alevə baş çəkdim, çay içdim, qəzet oxudum (maraqlı, hətta çox maraqlı məqalələr var!..) və ikinci məşqə yollandım.

Cahidlə Halə qayıtdılar. Onların səhnəsini sona çatdırıb, 4-cü pərdəni tamam izlədim. Cümhuru çıxmaqla hamı normaldır. O, özünü itirmiş halda uşağını da götürüb gəlib – boşanan arvadı evdə nə varsa -- aparıb.Tamaşaçılara sayqı təziminədək həmin pərdəni bir dəfə də təkrarlatdım.

Sonra, içi Kərimancığım da qarışıq, hamını danlayıb-qorxutdum. İndiyədək etdiklərimə baxıb görürəm ki, onlar peşəkar olsaydılar, bu işi 10 deyil, 5-cə günə bitirərdim. Düzdür, hələ vaxt var və göz dəyməsin, gözlənilməz olaylar çıxmasa, tamaşa alınacaq. Hər gün – istər sağçı, istərsə solçu olsun, -- mərkəzi qəzetlər elan verirlər. Köhnə tarixləri – 13; 23 və 30 yanvar tarixlərini göstərsələr də. Yerli azərbaycanlılar təzə-təzə xəbər tuturlar...

Məşqin ardından bir stəkan çay içib, Büləndi götürdüm və “Oda Tiyatrosu”nda “Hüzzem” mono-tragikomediyasına baxmağa getdik. Bu teatr “Küçük Tiyatro”yla eyni binada yerləşir. Səhnə arxasına aparan yol “Küçük Tiyatro”dan keçir. Amma tamaşaçılar dar foyedən və ensiz dəhlizdən keçərək 100 yerlik (hər sırada 5 yer var) uzunsov zala çıxırlar. Səhnə elə eyni ölçüdə olar, ancaq çox dərin və hündürdür. İşıq və radio arxada – çox yuxarıda quraşdırılıb.

“Hüzzem” türk muğamının – “makam”ın bir bölümü, yəni bir guşəsidir. Qəmli və titrəkdir. Qısa süjetini danışım: Yaşlı bir qadın hansısa trestin şefinin telefonçusudur. Bu qadın bir paşanın – varlı əfəndinin qızıdır və telefon kommutatorunda çalışarkən, uşaqlığından bu gününədək öz həyatını xatırlayır: avaranın birinə ərə gedir, fərsiz və içki düşkünü olacaq bir oğul böyüdür və bütün həyatını da oğluna qurban verir. Axırda qadını pensiyaya yola salırlar – sığortasız-flansız.

Tamaşa yarıboş səhnədə pərdəsiz-zadsız başlanır. Arakəsməni aktrisanın özü düzəldir. Bəzi səhnələr səslərlə dialoq, bəziləri monoloq şəklində gedir. Qaçılmaz straboskop da var – doğuş səhnəsində, olayların yerini bildirən slaydlar da var (“Səhra yuxuları”). Aktrisa usta davranırdı və məzarlıq səhnəsini elə möhtəşəm oynadı ki, gözlərim yaşardı; gülünc görünməkdən qorxmur, çağdaş üsullara yiyələnib... Amma-ancaq və lakin birindən – tamaçaşı ilə ünsiyyətdən başqa. Finalda o, zalla ünsiyyətə girir, di gəl, yenə roldan çıxmır...

Tamaşadan sonra səhnəarxasına gedib ona baş çəkdik. Ürəkdən söhbət etdik. Əlimdəki proqrama da imza yadigarını qoydu.

Otelə gəldim, soyuq və nəmişlik idi. TV-yə baxmaq üçün holla endim. Yeni serialın sonuna çatmışdım və gördüyüm doğuş səhnəsindən ürəyim bulandı: göm-göy çağa, doğan qadının çırmanmış ayaqları, qan... Ardından Akkalenin konsertini izlədim. O, “Uca dağlar başında”nı da oxudu. Di gəl, çox duzsuz.

Darıxdığımdan ABŞ-ın “Sarı qızılgül” adlı mənasız bir filminə də baxdım. Elvisin (görünür, Elvis Preslinin – Z.M.) xatirəsinə həsr edilən konserti də yarıyacan izləyib getdim...

5 yanvar, şənbə. 1985-ci il

Bütün bu günlər boyunca axşamdan portyeyə deyirəm ki, məni 8.00-da oyatsın və vur-tut, 2-3 dəfə oyadıb, çünki onun zəngindən 10-15 dəqiqə öncə oyanıram. Elə bu gün də yuxadan dip-diri, yenicə doğulmuşcasına oyandım və eyni ovqatda operaya yollandım. Həmən kefimə soğan doğradılar (həmişə olduğu kimi): Oğuz xəbər verdi ki, “Riqoletto”dakı müğənni gəlməyəcəyindən Kəriman saat 15.00-da onu təcili əvəz etməlidir. Demək, bizim məşqə qatıla bilməyəcək. Qızardım-bozardım, partladım, amma əlimdən nə gələrdi ki?! Birinci pərdəni başlatdım. Cümhurun gözlənilmədən yaxşı oynaması kefimi bir az durultdu. Sonra “koro”, yəni xor gəldi və onları amansızcasına çalışdırmağım ovqatımın təkrar yüksəlişinə təkan verdi.

Bütün şənbələrdəki kimi, saat 12.30-dək işlədim. Ardından maestro ilə fikir mübadiləsi
Zeynal Məmmədli
Zeynal Məmmədli
apardıq. O, haqqında çıxan məqalədən sonra xeyli ərdəmli davranır və hətta mənə də “türklərin hoqqalarına” fikir veməməyi məsləhət görür.

Xorda xeyli yaraşıqlı və yetənəkli qızlar var, di gəl, yaxşı əməkhaqqı aldıqları üçün solist olmağa elə də can atmırlar. Mənimlə həvəslə, üstəlik, gülə-gülə çalışırlar. Biri “ölüvay”, digəri “ruhsuz” olan iki nəfərdən başqa hamısı xoşuma gəlir. Yuza teyzə bezdirib: nə edəcəyini deməkdən yorulsaq da, başıyla təsdiqləyib yenə bildiyini edir. Bir dəfə -- İlhan bəyin barmaqlarını qatlayaraq bircə-bircə izahından sonra -- ona hər şeyi rusca da söylədim. Yenə başını yelləyib gülümsədi... Heç kimin cınqırı da çıxmadı... Baho, hər şeyi düp-bə-düz etdi! Qəhqəhə, gülüşmə 5,5 dəqiqə sürdü... Əvəzində həm səhnə canlandı, həm də ən şən epizodlardan biri olacağına əminlik yarandı.

Məşqdən öncə hamı tək-tək mənə yanaşaraq Cümhurun könlünü almağımı istədi. Dözməyib Cümhuru çağırdım və ona belə söylədim:

- Gəl canım, gəl könlüvü alım! Vər, vər əl çəksinlər məndən!! (Orijinalda belə yazılıb – Z.M.).

Məşqdən sonra “könülalmaqlığımı” sürdürərək, ona dişimin dibindən çıxanı dedim, amma bütün söylədiklərim “bacararsan, amma-ancaq-lakin istəmirsən” məzmununda idi. Zavallı uşaq kimi gülümsəyirdi...

Məşqə Camal da baxır və gözünü Gizəmdən ayırmırdı. Deyəsən, qızın da ona... gözü düşmüşdü. Bunlar ölkənin iç işləri olduğundan qarışa bilmərəm... Gənclərin öz işidir...

Məşqi bitirib gəzə-gəzə “Kodak” firmasının dükanına getdik. Orada 1 min 50 lirə ödəyib fotoaparatı doldurdum. Əhədə görə, bu, heç də baha deyil. Küçədə Əhədlə şəkil çəkdirib Rəcəbin kafesinə yollandıq. Sən demə, burada “kafe” deyərkən, qumarxananı nəzərdə tuturlar. Bir-iki oyun nərd atdım: “döymə”də uduzdum, “uzun”da uddum. Yenə azərbaycanlılar yanaşdılar və yenə məsciddən, qəzetdən (“Azərbaycan dilində qəzet çıxırmı?”), yerdəyişmə azadlığından sullar yağdırdılar. “Bezdim bu söhbətlərdən, daha buraya gəlməyəcəyəm” – deyə düşündüm. Sonra Rəcəbgilə gedib nahar etdik – dovğa, kələm dolması və aş yedik. Çayın ardından Brext haqqında çəkişdik – Rəcəb qatı brextçiymiş. Mən ona 20-ci illərdən, milli teatr kontekstində arxaik strukturların bəzi bərpa yönlərindən söz açdım, amma o, elə “Brext! Brext” deyib durdu.

Ardından Camalın yanına endik. Xanımlar üst qatda -- TV-yə baxmaq üçün qaldılar. Brext barədə mübahisəni davam etdirdik. Mən Çingiz Aytmatovdan söz saldım,
Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu
Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu
manqurd əfsanəsini danışdım. Sarsıldılar. Sonra musiqidən söz düşdü və məsələ ümumi-siyasi mövzulara sarı “sürüşəndə” Əhəd incə davranışla söhbəti köhnə axarına qaytardı.

Saat 12.00-da (gecə -- Z.M.) küçəyə çıxdıq və yol ötən polislərin diqqətli yoxlanışından keçdik. Uşaqların öz kimliklərini götürmədiyini nəzərə alaraq və asayiş keşikçilərinin aşırı diqqətini çəkməmək üçün mən də, Əhəd də papağımızı... çantamıza soxduq. İki-üç məhəllə gəzişib taksiyə oturaraq otelə döndük. Gəzişərkən, bir az becid davranmasaq, maşın altda qalacaqdıq – deyəsən, sürüçü kefliydi...

Əhəd məndən 10 min lirə də borc götürdü. Beləliklə, onun borcu 18 min TL-yə yüksəldi (2 min də yeni ilə görə almışdı...).

İstədim duşlanam, amma su ilıq olduğu üçün fikrimdən daşındım. Ən yaxşısı, yerimə uzanım.

6 yanvar, bazar. 1985-ci il

Bu gün işləmirdim, amma adi günlərdən heç də “yüngül” keçmədi. Birincisi: saat 11.00-da “Küçük Tiyatro”da “Arı Maya” adlı uşaq tamaşasına baxdım. Düzünü deyim ki, bəyənmədim. Aktyorlar səviyyəli olsalar da, dekorasiyadan tutmuş rejissurayacan hər şey qaba təsir bağışlayırdı.

Yenə 1-ci sırada oturmuşdum, heç rahat deyil. Tamaşadan öncə elektrik sexinə girdim: köm-köhnə, lap nuhdanqalma avadanlıq idi. Antraktda Tufanla çay içdim. Rəqs və hərəkətləri o hazırlamışdı. Hərəkətlər rəqslərdən daha yaxşıdır. Özəlliklə uşaqlar oynayanda. Pyes hansısa qərbi alman (o vaxtkı AFR nəzərdə tutulur – Z.M.) yazarından bəhrələnmə əsasında yazılmışdı. İkinci pərdə birincidən daha darıxdırıcı idi.

Tamaşadan sonra aktyorlarla şəkil çəkdirdim, bir az mırt vurduq və onlar məndəki proqrama imza atdılar...

İkincisi: Saat 14.00-da opera teatrının binasında “Keşanlı Ali Destanı”na baxdım
(Yorulmuşam, üstəlik, uzun-uzun, həm də necəgəldi çimmişəm və gözlərimdən yuxu tökülür. Bu səbəbdən indi ümumi cizgiləri qeyd edir, ətraflı yazmağı sabaha ertələyirəm).

Tamaşadan sonra yuyunub, paltarımı dəyişərək Əhədi gözlədim. Ardından Oğuz gəldi və və biz birlikdə taksiyə oturub Kəriman Davrangilin evinə yollandıq.

Elə qamaşıqlı olmasa da, zəngin evi təsiri bağışlayırdı. Yeyib-içəndən sonra “Ulduz savaşı” serialının 3-cü filminə baxdıq (bilmirəm türkləri niyə cuşə gətirir, boş bir filmdir...).

Geri qayıdarkən Əhədlə “Dolmuş”a mindik. Otelin önündə uzun-uzun maestrodan danışdıq: bizim də “nəbzimizi” yoxladıqlarına görə, demək, “kölgə kabineti” ona qarşı plan qurur.

Sabah səhər orkestrin məşqidir, saat 3.00-da (15.00-da – Z.M.) mənim “prova”mdır. Qərəz, başım çatlayır. Yatmağa gedirəm...

(ARDI VAR)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG