Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:33

Prezidentin Astara sakini ilə söhbəti, Quba ilə Gəncənin bənzərliyi...


Mətbuat icmalı

Mətbuat icmalı

İLHAM ƏLİYEVİN ASTARA SAKINI İLƏ SÖHBƏTİ

«Azərbaycan» qəzeti martın 13-də cənub bölgəsinə səfər edən prezident İlham Əliyevin Astara səfərinə geniş yer ayırıb. Qəzet dövlət başçısının Kijəbə qəsəbəsinin sakinləri ilə söhbətin mətnini yayıb:

«Prezident: Bu bayram günündə çox yaxşı tədbirlər keçirdik. Həm olimpiya mərkəzinin, həm də mərkəzi xəstəxananın əsası təmir olunmuş binasının açılışında iştirak etmişəm. Xəstəxana çox bərbad vəziyyətdə idi. Demək olar ki, yox idi. İndi gözəl tibb ocağı yaradılıb.

Sakin: Çox sağ olun. Minnətdarıq sizə, cənab prezident.

Prezident: Yol tikintisi də çox vacib məsələdir. Keçən ilin aprel ayında da Astarada idim, başqa kənd yolunun açılışında iştirak edirdim. Bu gün, bir ildən sonra isə Kijəbə qəsəbəsini başqa kəndlərlə birləşdirən yolun açılışında iştirak edirəm. Yol həyatdır. Yol olmadan inkişaf ola bilməz.

Sakin: Bu gözəlliyə, yaratdıqlarınıza görə bütün Astara əhalisi adından sizə minnətdarıq. Bu gün bayramımız ikiqat olacaq. Sizin gəlişinizi də, çərşənbə bayramını da qeyd edərik. Sizə bu bayram günündə uğurlar arzulayırıq».

«BİZ VİCDAN MƏHBUSUYUQ, BİZİM VİCDANIMIZ MƏHBUS DEYİL»

«Azadlıq» qəzeti 14 mart tarixli sayında 2 aprel məhbusu Məhəmməd Məcidlininin vəkili ilə həbsxanada etdiyi söhbəti yayıb. Vəkil Fəxrəddin Mehdi ondan azadlıq üçün darıxıb-darıxmadığını soruşub. «Biz vicdan məhbusuyuq, bizim vicdanımız məhbus deyil» adlı yazıda Məhəmməd Məcidlinin cavabı belə olub: «Azadlıq mənim üçün hər şeydən əvvəl mənəvi kateqoriyadır, yəni adam var ki, dünyanı elədən-belə, belədən-elə dolaşır, bir milyon insana ağalıq eləyir, amma kölədir, daha doğrusu, mənəvi məhbusdur... Burdan çıxmağı isə, əlbəttə, mən də, başqa vicdan məhbusları da arzu edirik. Amma kimsədən minnət götürmədən, haqlı olduğumuz yerdə «günahımızı bağışlayın» demədən, yəni gec də olsa bizə qarşı həyata keçirilən bu zülmə son verilməsini istəyirik».

«GƏNCƏ NÖVBƏTİ QUBA OLA BİLƏR»

Əli Kərimli

Əli Kərimli

«Yeni Müsavat» qəzeti AXCP sədri Əli Kərimli ilə müsahibə yayıb. «Yaxın vaxtda bu rejimin sonu gələcək» adlı yazıda Əli Kərimli deyir ki, son vaxtlar Gəncədə insan haqlarının pozulmasının intensivləşdiyini müşahidə etmək olar: «Ola bilsin hesab edirlər ki, Gəncəni hər hansı bir dəyişiklik küləyindən çox möhkəm əllərlə saxlayırlar. Amma anlamırlar ki, bir qayda olaraq, ictimai inkişaf qanunauyğunluqları sübut edib ki, məhz sosial partlayışlar o yerdə olur ki, orda narazılıqları daha sivil formada ifadə etməyə imkan olmasın. Bu mənada hesab edirəm ki, Azərbaycan hökuməti Gəncədəki vəziyyəti yumşaltmasa, adamlara etdiyi zülmü dayandırmasa, Gəncə növbəti Quba ola bilər».

«ÖLKƏDƏ DRAMATURGİYA QITLIĞI VAR»

«Yeni Azərbaycan» qəzeti bu günkü sayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, İsrafil İsrafilovun yap.org.az saytına verdiyi müsahibəsini yayımlayıb. Ölkədə teatrın inkişafı ilə bağlı fikirlərini söyləyən İsrafil İsrafilov deyib ki, ölkədə dramaturgiya qıtlığı var: «Ölkəmizdə fəaliyyət göstərən 27 teatrın hər biri yeni tamaşa ortaya qoymaq istəsə, bizə 27 müasir mövzulu pyes lazımdır. Amma bu yoxdur. Aktyor yaradıcılığına gəlincə, bilirsiniz ki, istedadlı olmaq Allah vergisidir. Biz plan qoya bilmərik ki, Mədəniyyət və İncəsənət Universiteti hər il 20 istedadlı aktyor yetişdirsin. Yəni bu məsələ sərəncamla, tapşırıqla alınan iş deyil. Demək istəyirəm ki, universitetə daxil olan tələbələrdən yalnız bir neçə nəfəri istedad səviyyəsinə görə qaneedici olur. Bu mənada kadr problemi hələ də qalmaqdadır. Amma biz gələcəyə nikbinliklə baxırıq».

Şərhləri göstər

XS
SM
MD
LG