Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:26

Bakıda İlaxır çərşənbə hazırlıqları [Video]


Bakıda İlaxır çərşənbə hazırlıqları
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00
Direct-ə keçid

Bakıda İlaxır çərşənbə hazırlıqları

GƏNC QIZLAR FAL HƏVƏSİNDƏ

- Üzük falına baxacağıq, bir də şam falına.
- Duzlu kökə bişirəcəksiz?
- Əlbəttə, bişirəcəyik.
- Ötən ildə kökə yeyib yuxu görmüşdüzmü?
- Yox, ilk dəfə indi eləyəcəyik.
- Yəni vaxtdır?
- Vaxtdır.

Bakıda Qız Qalasının yanında rastlaşdığımız tələbə qızlarla bu işarəli söhbətin nədən getdiyini İlaxır çərşənbə adətlərini bilən o dəqiqə duyardı. Adətə görə, gənc qızlar gələcək adaxlını görmək üçün İlaxır çərşənbə axşamı duzlu kökə yeyər və gecə yuxuda susayardı. Bu zaman ona su verən gənc deməli gələcəkdə qızın adaxlısı olacaqdı. Bir də İlaxır çərşənbə axşamı gənc qız nişanlı bir qızın üzüyünə saçından bir tel qoparıb bağlayar və onu su dolu nimçənin üstündə saxlayardı. Üzük sağa-sola yelləndikcə, qızlar bunu sayarlar. Üzük tam hərəkətsiz qalan zaman ağızdan çıxan sonuncu say o demək olardı ki, tel sahibi bu yaşda ərə gedəcək.

Axşama hələ var, mart girəndən havası açılmayan paytaxtda günəş parlayır. Sanki təbiət də bahar bayramına hazırlaşır.

Müsahibimiz olan tələbə qızlar da bu xoş havanı qaçırmayıblar:

- Şənliyə baxacağıq, sonra da evə gedəcəyik. Bayramı ailəmizlə keçirəcəyik.


ATLILAR OD DALINCA GETDİLƏR

Bakı.13 Mart 2012
Bakı.13 Mart 2012
Paytaxtda şənlik əslində səhərdən başlayıb. Bir dəstə atlı və dəvə karvanı Qoşa Qala qapısının qarşısından «Azneft» meydanına, ordan isə Suraxanıdakı Atəşgah məbədinə yola düşüb. Novruz karvanında baharın rəmzi olan Bahar qız, Dədə Qorqud və müxtəlif personajlar da olub.

Proqrama görə, atlılar Atəşgahdakı oddan məşəl yandırmalı, həmin məşəli Qoşa Qala qapısının qarşısındakı «Gənclər meydanı»na gətirməlidirlər. Atəşgahdan gələn məşəllə bayram tonqalı yandırılmalıdır. Axşam da bayram konserti nəzərdə tutulub.

​Atlılar od dalınca getməkdə olsun, sizə «Gənclər meydanı»nda şıdırğı işdən danışım. İşçilər o qədər gərgindirlər ki, heç kim başını qaldırıb üzümüzə də baxmır. Kimisi gül çələngləri düzəltməkdə, kimisi səhnə qurmaqda, kimisi isə səs qurğularını qaydaya salmaqda. Qoşa Qala qapısının ağzında ağ çadır qurulub, yox, bu Bayandur xanın ağ çadırından deyil, burda aktyorlar, sənətçilər geyimlərini dəyişəcəklər. Hələlik isə iki oğlan içəridə şar doldurub bir-birinə bağlayırlar. Onların işi çadırın yanından ötən böyüklərə, uşaqlara maraqlı gəlir.

Paytaxtın «5 mərtəbə» deyilən hissəsində yaşayan bu 12 yaşlı oğlanlar – Farid, Kirman, Fərid də səbirsizliklə axşamın düşməsini gözləyirlər. Yox, üzük, duzlu kökə falı onlar üçün tezdir. Uşaqlar tonqal tədarükü görüblər, bir də papaqlarını sazlayıblar:


UŞAQLAR »PAPAQ ATDI» İNTİZARINDA

- Papaq atacağıq, bunsuz bayramın nə ləzzəti var.
- Papağınıza nə qoyurlar?
- Şəkərbura, paxlava. Bəzən pul da qoyurlar.

Qonşu qapıya sovqat üçün papaq atmaq İlaxır çərşənbənin, Novruzun bayram adətlərindəndir. Bu ritualı daha çox uşaqlar sevir, çünki papaq atmağa adətən uşaqlar gedər. Amma böyüklərin, yəni üzük, duzlu kökə falına ehtiyacı olmayanların, papaq atdıya getməyənlərin də ritualı var: - bu, qulaq falıdır. Adətə görə, ürəkdə niyyət tutub qonşu qapını pusarlar. Eşidilən söz yozular və yozuma görə də inanılar ki, niyyət yerinə yetəcək, ya yox.


BƏS QAPI PUSMA?

Vurhavurla şirniyyat biş-düşünə əl uzadan Günayın da niyyəti var, bilmək istəyir ki, bu il evi olacaq, yoxsa yox.
Elə bu niyyətlə də qapı pusmağa gedəsidir. İndisə şəkərburaya inci naxışlar vurur, deyir ki, qıraqdan naxışlar bir-birinə bənzəsə də, öz naxışlı şəkərburasını yüzünün arasından tanıyar:

- Mən incə vururam, amma xalam qızının vurduğu naxışlar iridir.


ŞƏKƏRBURA-PAXLAVASIZ NƏ BAYRAM?

Bayram adətinə görə, İlaxır çərşənbə axşamı, Novruz bayramı paxlavasız-şəkərburasız olmaz. 50 yaşlı Mahirə xala xatırlayır ki, o, uşaq olanda bayramı indikindən daha həsrətlə gözləyərdilər:

- İldə bir təzə pal-paltarı bayram vaxtı alardılar, şəkərbura-paxlava da ildə bir dəfə bişərdi. O vaxt belə bolluq yox idi. İndi istədiyin vaxt paltar alırsan, istədiyin vaxt şəkərbura-paxlava. Amma biz ona görə evdə bişiririk ki, adətimiz yaddan çıxmasın.

Bayramınız mübarək. Bəs siz Novruzun hansı adətlərini bilirsiz?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG