Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:21
-
«İLİŞİB QALMIŞIQ BURDA, BİZİMLƏ MARAQLANAN YOXDUR»

«Biz «Azəryolservis»in 73 saylı yol istismar idarəsinin işçiləriyik. Bakıdan bura şirkətin 40 maşını və 40 sürücüsü gəlib. Avqust ayından işləyirik. 4 aydır ki, maaşımızı vermirlər».

Bakı-Tbilisi-Qars dəmiryol xəttinin çəkilişi ilə əlaqədar həmin ölkəyə ezam olunmuş «Azəryolservis» ASC-nin sürücüsü Adil Hüseynov deyir ki, 40 sürücüdən 26 nəfəri 4 aydır ki, maaş üzünə həsrətdir:

«Gömrüyü keçəndən sonra bizi əvvəlcə «O.O.O. Dorojnaya Konstruksiya» şirkətinə verdilər. Noyabr ayına kimi maaşımızı normal şəkildə alırdıq. Sonra bizi Gürcüstan şirkəti olan «EDR Holding»ə verdilər. İndi bunların arasında nə çəkişmə varsa, onun əziyyətini biz çəkirik».

Bundan sonra normal maaş alacaqlarına ümid etməyən sürücülər Bakıya dönməyə yolpulu da olmadığını deyirlər:

«Qarşıdan bayram gəlir, biz də istəyirik ailəmizə bayram keçirdək, ilişib qalmışıq burda, bizimlə maraqlanan yoxdur».

«BİZ BURA NAZİRLİK XƏTTİ İLƏ GƏLMİŞİK»

«Azəryolservis»in eyni layihəyə cəlb olunmuş digər sürücüsü Qurban Tanrıverdiyev:

«Dekabr, yanvar, fevral və artıq martın ortasıdır, bizə maaşımızı vermirlər. Bizimlə heç kim maraqlanmır. Burda da kimə müraciət ediriksə, deyirlər ki, gedin kimə şikayət edirsiniz edin. Biz «Azəryolservis»in işçiləriyik, bura da dövlət xətti ilə gəlmişik, sürdüyümüz maşınlar da Nəqliyyat Nazirliyinin maşınlarıdır. Bəs bizimlə kim maraqlanmalıdır?».

Namiq Hasanov

Namiq Hasanov

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə deyir ki, nazirlik Bakı-Tbilisi-Qars dəmiryol xəttinin çəkilişi ilə əlaqədar Gürcüstana ezam etdiyi işçiləri ilə maraqlanır:

«HƏR İLİN ƏVVƏLİNDƏ BELƏ LƏNGİMƏLƏR OLUR»

«İlin əvvəlində maaş ləngimələri olur. Qonşu respublikanın ərazisidir, köçürmələrdə həmişə müəyyən ləngimələr olur. O sürücülərin də ləngimiş maaşları bir neçə gün ərzində tam ödəniləcək. Pul ora köçürülən kimi maaşlarını alacaqlar».

Namiq Həsənov deyir ki, sürücülərin barəsində danışdıqları şirkətlər Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsində Azərbaycanın Nəqliyyat Nazirliyinin müqavilə bağladığı Gürcüstanın podratçı şirkətləridir:

«İşlər tam qrafikə uyğun aparılır və işçilərin maaşlarında olan gecikmələr də aradan qaldırılacaq».

Tikintisinə 2007-ci ildən başlanan Bakı-Tbilisi-Qars dəmiryolu xətti hələ 2009-cu ildə istifadəyə verilməli idi. Amma Azərbaycanla Türkiyəni Gürcüstan vasitəsilə birləşdirəcək bu dəmiryolu xəttinin tikintisi ləngiyir.

Şərhləri göstər

XS
SM
MD
LG