Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:42

Müharibə allahının taxtındakı Kütlə


Ares - qədim Yunanıstanda müharibə allahı
Ares - qədim Yunanıstanda müharibə allahı
Zakir HÜSEYN


MÜHARİBƏ ALLAHININ TAXTINDAKI KÜTLƏ

(esse)

Ağılsız kütlə! Sənə nə qədər barmaq silkələsələr də, təsiri olmayacaq.

Neçə ki, topuq yerləri yırtılmış, üzərində qurumuş qan ləkəli çəkmələrin dəmir dabanı başını əzişdirmir, sən döyüşün ən qızğın yerində komandan haqqında məyusedici xəbərlər yayan əsgərə, hakimiyyət uğursuzluqlarından danışan şayiəbaza çevriləcəksən.

Sənə arsız bir uşaq da demək olar, məlun heyvərə də.

Bilirik, əsl reallıqların deyil, fantaziyanın və əldəolunmaz xülyaların arxasınca sürünüb qırmanclanmagı, zoru çox sevirsən.

Hələ bir fürsətkar tərpənib Müharibə allahının taxtında oturdunmu...

Müharibə allahının taxtında oturduğun gündən od püskürən əsan və ildırım çaxdıran qamçınla bizi - özümüzünküləri pərən-pərən edir, soluğunu kəsirdin.

Qarabağ müharibəsində Azərbaycan əsgəri uduzurdu, ona görə ki, biz tərəfdə Müharibə allahının taxtında kütlə oturmuşdu.

Həm də bu kütlə əcaib bütlərə sitayiş edən bəndələr yığnağıydı. Demək istədiklərimi fəlsəfi ibarələrlə çatdırmaq cəhdim nahaqdır.

Sizi vicdansızcasına aldatmaq istəyirdim. Biz - bir sürü vicdansız sizin əziz, şikəst balanızı da döyürük, əlil arabalarını başımızın üstünə qaldırıb yerə çırpırıq, qoltuq ağaclarını təpiklə vurub salırıq.

Müharibə nevrotiklərinin yaratdığı psixoz kimi böyük bir xəstəliyin küməsində çabaladığınız vaxtda - “necə də bilməyibsiniz, insanın yaşamını ölümlə mübarizə instinktləri təmin edir” - yazıb gözünüzə dürtmək məharətindən, müharibədə ölməyib yaşamasından həzz alanları görəndə necə ağlamaya bilərsən?

Həyatın yaratdığı fəlsəfəsiz fəlsəfə haqqında nəsə bilirsinizmi? İndi söz açacağım fəlsəfəsiz fəlsəfə isə bunlardan başlayır.

Birinci fəlsəfə - Qarabağın meşəli dağlarından birinin zirvəsində qoyulmuş, qollarını Azərbaycanın digər torpaqlarına uzatmış “hayı mayrik”(erməni anası) adlanan süd rəngli heykəl bütə oxşayırdı.

İkinci fəlsəfə - artıq Agdamın başı üstündə, ancaq süd rəngli heykəlin düz tuşunda dayanmış erməni saqqallısının xoruz banında səslənməsidir:

-Ara...a molla...a... bura...a gə..əl... bura..a gəəl...

Üçüncü fəlsəfə - “Xəlifə maşın”, “Xəlifə maşın”, cavab ver, “Xəlifə maşın”- kömək çağırışlarının təsvirəgəlməz dərəcədə dərin, ağır bir sükut içində yox olmasıdır. Bundan sonra, sərnişinləri “Gəncədən qoşun gəlir” – çığıra-çığıra, yuxarı-aşağı şütüyən avtobusun şüşəsinin yarısını tutan o günlərin məşhur qəhrəmanının şəklinin illuziya boyaları içərisində itib-batmasıdır. Daha sonra gözəl Xıdırlı kəndinin od-alov tüstüsü içində qeybə çəkilməsidir.

Bir az sonra komandir kimisə cərgənin önünə çağırıb, başına bir güllə çaxacaq.
Axırda şəhərin bir qatar göyərçini, bir dəstə sərçəsi pırıldaşıb göyün üzünə qalxır və uçub oradan - bombalanan, yandırılan yerdən uzaqlaşır, tilsim sınır, şəhər can verməyə başlayır.

Ən axıra isə çeynənmək üçün, həmişəyaşar, həmişəyaşıl kəlmələr qalır:

- Başkomandan, lider və kütlə;

- Komandir və Libido;

- İllüziya;

- Aşırı haqq və Rembonu Amerikaya qoymadılar;

- Sükut səssizlikdən yaranır, ancaq;

Sükutun səsindən qulağım batır...

Müharibə edən ölkədə lider - başkomandandır. Öndər hələ başkomandan olmaq üçün çalışır. Tarixin panteonunda yalnız qəhrəmanlar yer tuta bilir, intriqaçılar deyıl. Öndər hələ milli mənafelərin qorunması üçün öz qamçısıyla, ideologiyasıyla, “əppəy”ilə kütləni yaxşıca doyuzdura bilməyib. Belə halda Məninə pərəstiş ola bilər. Məninə pərəstiş az insanlarda olur, o insanları öndərliyə ucaldır, ancaq hər bir pərəstişin varlığını qoruya bilməsi bacarığa bağlıdır. Kütlə gücə itaət edir, hansısa zəifliyin nişanəsi kimi baxdığı yaxşılığın təsiri altında cox qalmır. Öz qəhrəmanlarından gözlədiyi - güc, təhdid, hətta zorbalıqdır.

Bu gün apardığımız müharibədə libido - komandirlərdir. Axx, dəhşətli libido! İnsanın yaşamaq enerjisi, sevgi, məhəbbət, ən yaxşı duyğuların toplusu! Qarabağ müharibəsi tarixində bircə şeyə Yaşasın demək olar -komandir və döyüşçünün ona olan sevgisinə.

İllüziya - duyğuların aldanışı və “gizli mən”: qorxu onu zingildədir, kobud hırıltı əzir, “canlı nişangah” onda qorxu yaradırdı. Bəzi yerdə müharibə, bəzən də düşmən onun “dərisini aşa qoyurdu”. Böyük qardaşlar gizlənirdi, kiçik qardaşlarsa təngnəfəs olurdu. Universitetin qəhqəhəli dəhlizində aspirant oğlan sırıtırdı: “Onlara yazığım gəlir, çünki nə üçün vuruşduqlarını bilmirlər”. İllüziya hərbi komissarlıqdan başlayırdı, molla allahsızlıq edirdi, həkim Hippokrat andını pozurdu, televiziya naqqallığında, düşmən isə, “ara, “Ankara”(döyüşən hissənin şərti adı) hələ siz ordasınız...” – deyib ərək lotulanmaqdaydı.

İstədiyini edə bilməmək, əngəllənmiş instinktlər “gizli mən”ə toplaşaraq şeytan donuna girmək üçün fürsət axtarır.

Tarix boyu bizim - vuruşanların alnına yazılan “Axx, edə bilmədiklərimiz” “gizli mən”də “qara qutu” kimidir. Nə vaxtsa davranışımızda, sözümüzdə, genimizdə üzə çıxacaq.
Aşırı haqq müharibənin verdiyi haqdır. “Başqa heç bir sınaq... müharibədəki qədər insanı yaşam-ölüm ikilisində bir seçimlə qarşı-qarşıya buraxaraq özünü özünün qarşısına qoya bilməz”. Bir vaxtlar “aşırı haqq” Məclisdən “ha... ha.. ha...”larla, “sürüş, sürüş” lağlağasıyla, artıq adam təki qovuldu. Bundan sonra Əfqan müharibəsinin qəhrəmanı Rembonu doğrudan da Amerikya qoymadılar.

İndiki sükut acınacaqlıdır. Bütöv cəbhə boyu heç kim hər şeyin fövqündə dayanan o hissin təsiriylə irəliləmir. Bir gün sükutun səsi dincələn damarlardakı qanı coşduracaq. Sükutun səsini səsvermə əvəz edə bilməz. Səsvermədən sonra yenidən hər şeyin olduğu kimi qalacağını düşünmək belə, ağrılıdır. Hələ şəhid qapılarını döyüb, səs verilənlərə imza toplayanların sifətini görməyin nə demək olduğu bir başqa əzabdır...

...Biz - bir sürü vicdansız yenidənmi sizin əziz, şikəst balanızı döyəcəyik?..

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG