Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:12
İki sahibkarın 50 gün əvvəl Türkiyədən gətirdiyi 5 maşın plastik boru hələ də gömrükdən buraxılmır.

Yük dolu maşınlar yanvarın 21-də Azərbaycana gəlib. Amma malın çox ucuz olmasından şübhələnən Sumqayıt Baş Gömrük İdarəsi araşdırmaya qərar verib.

Əvvəlcə araşdırmanı Sumqayıt Baş Gömrük idarəsinin təhqiqat şöbəsi aparıb. Bir müddət sonra iş Dövlət Gömrük Komitəsinin istintaq idarəsinə verilib.

Amma yükün sahibi Ədalət Abbasov saxlandığı müddətdə yükə heç bir baxış keçirilmədiyini deyir.

SAHİBKARLAR 40 MİN MANAT PULU HARA VERİB?

Sahibkar yükün saxlandığı müddətdə onlara dəyən ziyanın 40 min manatı keçdiyini deyir:

«Yükdaşıyan təşkilatlarla bağladığımız müqaviləyə görə, hər gecikmiş gün üçün biz 5 maşının hər birinə 175 dollar pul ödədik».

Bundan başqa, ailələrinə baş çəkmək istəyən sürücülər bir dəfə də təyyarə ilə Türkiyəyə yola salınıblar. Bütün xərcləri də sahibkarlar ödəyiblər.

MƏSƏLƏ BUNUNLA BİTMİR

Amma məsələ bununla da bitməyib. Martın əvvəlində yük Gömrük Komitəsinin Xırdalan şəhərindəki anbarına boşaldılanda da sahibkarlar xeyli pul xərcləməli olublar:

«Biz Komitədən xahiş etdik ki, araşdırma davam edəcəksə, heç olmasa yük harasa boşaldılsın və sürücülər öz ölkələrinə getsinlər. Biz hər gün onlara boş dayanmaya görə pul ödəyə bilmirik. Buna razı oldular. Maşınların anbara girişinə 350 manat, hər maşının boşaldılmasına isə 185 manat fəhlələrə pul verdik. İndiyə qədər Türkiyədən gətirdiyimiz 5 maşın yükə 40 min manata yaxın pulumuz çıxıb, amma hələ də malı sərbəst dövriyyəyə buraxmırlar. Deyirlər araşdırma gedir».

Ədalət Abbasov deyir ki, 40 000 manata yük üçün ödənilən dövlət rüsumu daxil deyil:

«Hər maşına görə 7200 manat dövlət rüsumu ödəmişik. Bizdən ödədiyimiz dövlət rüsumu qədər də əlavə pul tələb edilir».

Ədalət Abbasov deyir ki, bütün problemlərin başında elə bu məsələ dayanır. Yükün uzun müddət maşınlarda saxlanması da sürücülər vasitəsilə onlara təzyiq olub:

«Amma yükümüzü neçə gün saxlasalar da, biz istənilən pulu verən deyilik. Gömrük Komitəsini məhkəməyə verməyə hazırlaşırıq. Bizə dəyən ziyanın ödənilməsini tələb edəcəyik. Əldən çıxan gəlirlərimiz də var orda. Gətirdiyimiz yük saxlandığı müddətdə biz işləməmişik».

Məsələ ilə əlaqədar Sumqayıt Baş Gömrük İdarəsi və Dövlət Gömrük Komitəsinə bir neçə dəfə müraciət etsək də, suallarımıza cavab verən olmadı.

Şərhləri göstər

XS
SM
MD
LG