Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:14

AzadlıqRadiosunun prezidenti dinləyicilərlə söhbət etdi (VİDEO)


«Mən azərbaycanlı deyiləm, ola bilər ki, yerli şəraiti yaxşı bilmirəm. Amma anlaya bilmirəm ki, niyə Azərbaycan hökuməti öz əhalisini sevdiyi media qurumundan məhrum edib»

Azad Avropa/Azadlıq Radioları Korporasiyasının prezidenti Steven Korn martın 12-də Bakıda səfərdə olub. O, AzadlıqRadiosunun Bakı bürosunun əməkdaşları ilə görüşüb.

S.Korn AzadlıqRadiosunun ötən həftə hədələnmiş araşdırmaçı jurnalisti Xədicə İsmayılova ilə görüşündə deyib ki, səfərinin məqsədlərdən biri də ona dəstək verməkdir.

AzadlıqRadiosunun Azərbaycandakı fəaliyyəti barədə danışan cənab Korn deyib ki, radionun Azərbaycandakı fəaliyyətindən çox razıdır:

«AzadlıqRadiosu korporasiyanın servisləri arasında ən yaxşı işləyən xidmətlərdən biridir və burada çalışan jurnalistlərin fəaliyyəti bizim fəxr mənbəyimizdir».

«İşdən sonra» proqramının qonağı olan S.Korn radionun missiyası barədə də danışıb:

«AzadlıqRadiosunun insanlara ağıl öyrətmək kimi bir missiyası yoxdur. Biz doğru, dürüst məlumat veririk və bu məlumatlardan insanlar özləri lazım olan nəticəni çıxara bilir. Biz insanların - dinləyicilərimizin əqli qabiliyyətlərinə hörmət edirik, onların mühakimə qabiliyyətinin olduğuna inanırıq. Bakı bürosunun işi də bu baxımdan nümunəvidir».

DİNLƏYİCİLƏRLƏ ÜNSİYYƏT

S.Korn «İşdən sonra» proqramında radio dinləyicilərinin də suallarına cavab verib. Studiyaya zəng edənlər arasında ötən əsrin 60-cı illərindən «Azadlıq» diləyicisi olan Cəbrayıl Mirzəyev də var idi. Dinləyicilər AzadlıqRadiosunun tarixi rolundan danışıb, FM tezliyində yayımın bərpasının mümkünlüyünü soruşublar:

Steven Korn

Steven Korn

«Bu gün mən böyük bir şərəf hissi ilə Şəhidlər Xiyabanında oldum və azadlıq mübarizlərinin məzarını ziyarət etdim. Radionun Yanvar faciəsinin dünyaya çatdırılmasındakı rolu bizə şərəf hissi verir. Amma biz sadəcə xəbər ötürürdük, azadlıq mübarizəsinin əsl qəhrəmanı isə Azərbaycan xalqı idi».

S.Korn Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Azərbaycanda bəzi insan haqları fəalları, bloqqer və siyasi təhlilçilərlə də görüş keçirib.

O, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə də görüşməyi planlaşdırsa da, bu, baş tutmayıb:

«Teleradio Şurası ilə görüş planlaşdırmışdıq. Görüşdən bir az əvvəl məlumat daxil oldu ki, onlar məşğuldurlar, daha vacib işləri var. Bu, çox üzücü oldu. Çünki biz bu görüşdə FM dalğasını müzakirə edəcəkdik... Bilirəm ki, FM-də yayımlananda, AzadlıqRadiosu həddindən artıq populyar idi. Mən azərbaycanlı deyiləm, ola bilər ki, yerli şəraiti yaxşı bilmirəm. Amma mən anlaya bilmirəm ki, niyə Azərbaycan hökuməti öz əhalisini sevdiyi media qurumundan məhrum edib».

S.Korn ötən ilin iyununda Azad Avropa/Azadlıq Radioları Korporasiyasının prezidenti vəzifəsinə təyin olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG