Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:35

Bəhram Bağırzadə: «İki-üç adamı içəri bassan, bəs edər»


Bəhram Bağırzadə
Bəhram Bağırzadə
AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı tanınmış aktyor və şoumen Bəhram Bağırzadədir. Bu günlərdə Bəhram bəyin Bakıya həsr olunmuş «Qorod moey molodosti» («Gəncliyimin şəhəri») kitabı çapdan çıxıb.

-Bəhram bəy, xoş gördük. Yeni kitabınızın çıxması münasibətilə sizi təbrik edirəm.

-Mən də sizin və bütün Azərbaycan qadınlarının və anaların 8 Mart bayramını təbrik edirəm.


KİTAB SATIŞINDAN BÖYÜK ZÖVQ ALDIM

-Sağ olun. Keçək kitabınıza. Bazar günü təqdimat mərasimi oldu. Biz də saytımızda bu barədə yazdıq. Necə keçdi təqdimat mərasimi?

-Çox yaxşı. İki saat ərzində «Park-Bulvar» ərazisindəki «Əli və Nino» kitab mağazasında həm təqdimat oldu, həm də satış keçirildi. Çoxlu kitab satıldı. Bu da, məni sevindirdi. Bəziləri kitabı xeyli əvvəl almışdı. Onlar da imza üçün gətirmişdilər. Mən əvvəllər də bizneslə məşğul olmuşam. Amma kitab satışından aldığım zövqü heç nədən almıram. Mənə ən yaxın olan budur. Aylardır-illərdir çalışırsan, ortalığa bir kitab çıxarırsan və o kitabı azərbaycanlı əldə etmək istəyirsə, demək, bu qələbədir. Demək, artıq bizdə də kitab almaq mədəniyyəti var. Hətta kitaba imza atdırmaq mədəniyyəti də. Həmin gün iki saat vaxtını mənimlə görüşə sərf edənlərə təşəkkürümü bildirirəm.


BAKILILAR BU KİTABI UTANMADAN HƏDİYYƏ EDƏ BİLƏRLƏR

-Bəhram bəy, kitab gözəl çıxıb. Özünüz də bəyəndinizmi?

--Çox bəyənirəm. Son zamanlar biz bu sahədə irəliləyirik. Mən kitabı çap edən mətbəəyə-«Şərq-Qərb»ə də sağ olun deyirəm. Bütün sponsorlara, iştirakçılara—Çingiz Abdullayevdən tutmuş, Rüstəm İbrahimbəyova kimi, Natiq Rəsulzadədən tutmuş Gülcahan Güləhmədovaya kimi-hamıya. Kitabda 50-yə yaxın Bakı sakini öz şəhərləri barədə təəssüratlarını yazıb. Oqtay Zülfüqarov 30-cu illər Bakısından danışır, Tahir Salahov 40-cı illərdən, digərləri 50-60-70-ci illərdən. Məncə bu kitab «Eurovision» vaxtı rus turistlər üçün gözəl hədiyyə ola bilər. Bakılılar bu kitabı utanmadan hədiyyə edə bilər. Kitabın üstündə həm də disklər olacaq. Bakının 200-dək şəkli olacaq—həm əski şəkillər, həm Sovet dövrü, həm də müasir. Disklər «Eurovision»a qədər hazır olacaq.

-Bəhram bəy, ötən il də belə bir kitabın nəşr olunması xəbəri yayıldı. Hətta siz proqramımıza qonaq oldunuz. Bu, kitabın ikinci hissəsidir?

-Bu, ikinci kitabdır. Üçüncü də hazırlanır. Oxucuların istəyini nəzərə alıb kitabı həm Azərbaycan, həm də rus dilinə çevirmək istəyirik.


MALAKAN BAĞINDA ALVERÇİLƏRİN DOLLAR SATMAQLIĞI...

-İlk kitabda kimlər vardı?

-İlk kitabda 25 bakılının xatirələri vardı. İkincidə 50. Üçüncü hissədə isə necə deyərlər, «yaddan çıxmış» insanların 50-60-cı illər Bakısı haqqında xatirələri toplanacaq. Mən hələlik 80-90-cı illəri saxlamışam. Allah hamısına ömür versin, bu dövrü mənim yaşıdlarım gələcəkdə də yaza bilərlər. 90-cı illər Bakısında da çox maraqlı hadisələr baş verib. 20 Yanvardan bu günə kimi. Malakan bağında alverçilərin dollar satmağı, ilk kommersiya dükanlarının yaranması, həm də münaqişələr və s. Ona vaxt lazımdır. Allah ömür versin ki, onu da ortalığa çıxaraq.

-Bəhram bəy, yəqin ki, kitabda öz xatirəniz də var. Yeri gəlmişkən, kitabı mənə hədiyyə gətirdiyiniz üçün sizə təşəkkür edirəm. Hələ oxumağa macal tapmamışam.

-Bəli, öz xatirələrim də var. Kitab mənim ön sözümlə açılır. «Poslednee pokolenie romantikov» (Romantiklərin son nəsli—S.İ.)


ŞƏHƏRİNİ SEV! NİYƏ DƏ SEVMƏYƏSƏN?

-Niyə belə adlandırmısınız giriş sözünü?

-Ona görə ki, mən romantikəm. Zənnimcə, indi romantik yoxdur. Hamısı praqmatikdir. Bəlkə də, kiminsə daxilində var...Kitabın axırında gözəl sözlər yazılıb:
«Vospominanie—eto edinstvennıy ray, iz kotoroqo nas ne moqut izqnat»—(Xatirələr yeganə cənnətdir ki, ordan bizi qova bilməzlər—S.İ.). Mən də o xatirələrlə yaşayıram. Şükürlər olsun ki, o illəri yaşamışam, o illərin Bakısını görmüşəm, hiss etmişəm. Əfsuslar ki, o Bakıdan heç nə qalmayıb. Əgər mən öz doğma küçəm olan Cəfər Cabbarlı küçəsindən AzadlıqRadiosuna 5 dəqiqəlik yolu 1 saat 10 dəqiqəyə gəlib çatıramsa, demək urbanizasiyanın problemləri insanları sıxır. Odur ki, belə kitablarla təsəlli tapıram, insanlarla—ağsaqqallarla, ağbirçəklərlə görüşürəm və rahatlaşıram. Bir də halım pisləşəndə--həm fiziki, həm ruhi—İçərişəhərə gedirəm. Gəzirəm, kafedə oturub çay içirəm, köhnə bakılılarla söhbət edirəm. Düşünürəm ki, əgər biz bu şəhərdə yaşayırıqsa, buradan ruzi-bərəkət qazanırıqsa, öz şəhərimizi sevməliyik. Müqəddəs kitabımızda da yazılıb—90-cı surədə-- «Əl-Bələt» surəsində: «Sən də bu şəhərdə yaşayırsan...».

Ona görə də, bu yaxınlarda təşkil edəcəyim karikatura sərgimi belə adlandırmışam:

«Sən də bu şəhərdə yaşayırsan...» Yəni sən də bu şəhərdə yaşayırsan, sən də şəhərli ol, buradan para qazanırsan, uşaqların burada doğulub-böyüyür. Şəhərini sev! Niyə də sevməyəsən?

-Bəhram bəy, xatirə yazan 50 nəfərin içində ürəyinizi göynədən, sızladan xatirə oldumu?

-Oldu. 3 nəfərin xatirəsi...Son vaxtlar, bəlkə də yaşla bağlıdır, çox kövrək olmuşam.


MƏNİMÇÜN ƏN VACİB TARİX HANSIDIR?

-Nə tez? Hələ qarşıda gör neçə yaşlar var?

-İnşallah! Allah qismət eləsin. Gülcahan xanım Güləhmədova-Martınovanın –Rus Dram Teatrında çalışan ilk Azərbaycanlı rejissor—onun gözəl xatirəsi var. Ona görə də, kitabda ən birinci onu vermişəm. Sonra Vaqif Səmədoğlunun çox gözəl yazısı var. Rüstəm İbrahimbəyovun, Oqtay Zülfüqarovun—köhnə nəsil bakılıların maraqlı yazıları var. Hər dəfə oxuyanda, kövrəlirəm ki, niyə o illər yaşamamışam...Hətta kitabda kimsə yazır ki, adını xatırlamıram. Rəsəvvür edin, müharibəni görüb gəlmişdilər, 1945-ci il ildə Berlinəcən gedib-qayıtmışdılar. Veteranlar danışırlarmış ki, adə, 40-cı illər bir gözəl vaxtlar idi! Mənim iki babam da müharibədə iştirak etmişdi. Onlar elə həyatsevən idilər ki! Onlar da deyirdilər ki, çox gözəl vaxtlarımız idi o vaxt! Amma indiki cavanlar hər şeyi problem edir. Bəs o kişilər neyləsin? 600 min azərbaycanlı getdi müharibəyə, 300 mini qayıtmadı? Mən onlarla fəxr edirəm. Məndən həmişə soruşanda ki, səninçün ən vacib tarix hansıdır? Deyirəm—Böyük Vətən Müharibəsi. Dua eləyirəm ki, daxilimizdə nə vaxtsa onu hiss edə bilək.

-Yaxşı başa düşdük ki, müharibə dövrünə sevginiz nədən qaynaqlanır. Bəs 30-cu illərdə niyə yaşamaq istəyirsiniz--repressiyalar dövründə?

-Bizə gəlib repressiyalar çatıb da o dövrdən. O dövrün də gözəl çağları olub. O dövrdə də, seviblər-seviliblər...(gülüşmə)

-Maraqlı yanaşmadır. Yəni biz ancaq 30-cu illərdən repressiyaları görə bilirik, amma...

-o xoşbəxt duyğuları, sevgiləri, eşqi ala bilmirik... O dövrdə də bağlar olub...

-...toylar olub... Məsələn. 30-cu illərdə Səməd Vurğunun, Rəsul Rzanın, Hüseyn Cavidin toyları olub...

-Bəli, gözəl anlar olub. Ona görə də, dövrə pis demək olmaz.

-Bəhram bəy, indiki dövrə qayıdaq. Siz bizə “Qorxma-mən səninləyəm-2” fiminin təqvimini də gətirmisiniz. Yeri gəlmişkən, film nə vaxt təqdim olunacaq?

-Filmin çəkilişləri bitib. Premyerası noyabrda olacaq—pul tapılsa. Deyirlər, pul yoxdur.

-Bu boyda xərc qoyub film çəkiblər, indi premyeraya pul yoxdur?

-Bəli. 400 nəfər pulsuz qalıb—Azərbaycan tərəfi. Artıq 4-5 aydır çəkilişlər bitib, məsələ həllini tapmır. Hamı narahatçılıq keçirir...

-Siz hansı obrazda çəkilmisiniz?

-Qafur bəy.

-Bakılı bəydir, ya Qarabağlı?

-Bakılıdır. Qarabağlı bəyi Polad Bülbüloviç oynayır (güıüşmə)


ULU BABAM QOÇU OLUB—SADIQ BƏY

-Təqvimə baxıram, bəy paltarı sizə çox yaraşır, Bəhram bəy!

-Ən maraqlısı, bilirsiniz nədir? Filmdə kabinetdə mənim ulu baba-nənəmin şəkli asılıb. Bu cür geyimdə. Mənim babam—atam tərəfdən Bakı qoçusu olub-Sadıq bəy. Sadıq bəyin gəmiləri, barkasları, faytonları olub. Onun həyat yoldaşı—nənəm isə Şuşa xanlarının nəslindəndir. Nəsillərində ADR dövrünün ilk təhsil nazirinin də adı keçir. Anam tərəf isə Şamaxı bəylərindəndir—Əfəndiyevlərdən. Bir qolumuz Nəsrullayevlər, o biri Şıxıyevlərdir. Onun da babası Şamaxı məscidinin əfəndisi olub. Bütün hamısının şəkillərini filmdə öz kabinetimdən asmışam (gülüşmə). Yuli Qusman birinci filmdə--1981-ci ildə öz babalarının şəklini asıbmış. İndi də mən. Allah qoysa, görərsiniz. Ötən əsrin əvvəllərinin şəkilləridir—internet saytımda da var o fotolar. Hə, film maraqlı alındı. İndi də hazırda konsertə hazırlaşırıq.

BİR GÜLMƏCƏ:

-Nə vaxt olacaq?

-Aprelin13-14-15-16-sı ölkənin baş sarayında keçiriləcək.
««Planet Parni iz Baku» teatrının konserti «Eurogülüş» adlanır. Konsert Bakının qarşıdan gələn «Eurovision-2012» Mahnı Müsabiqəsinə hazırlığına parodiyadır. Jeklər, Nəqliyyat Nazirliyi, meriya, cənab-yoldaş Abutalıbov və digərlərinin müsabiqəyə necə hazırlaşdığını parodiya edəcəyik. Bir sözlə, turistləri qarşılamağa necə hazırlaşırıq...

-Maraqlıdır...

-Çox...

-Soruşmuram, çünki bilirəm ki, ipucu verməyəcəksiniz.

-Birini deyərəm:

Rus jurnalist xanım mənə sual verir:

«Skajite pojaluysta, çtobı v Baku spokoyna i leqko dışalos, nado posadit mnoqo derevyev?» («Lütfən söyləyin, Bakıda arxayın və asan nəfəs almaq üçün çoxlu ağac basdırmaq lazımdır?»).

Cavab verirəm:

«Net. Dostatoçna posadit dvux-trex çelovek!» («Yox. İki-üç adamı içəri bassan, bəs edər») (Gülüşmə).

-Bəhram bəy, çox sağ olun. Həm bu gülməcəyə görə, həm müsahibəyə, həm də təbii ki, Bakı haqqında kitaba görə. Üçüncü kitabın nə vaxt işıq üzü görəcəyini söyləyin—söhbəti bitirək.

-Görək də. Allah ömür versə, səbir versə, güc versə, bu yay ərzində--Ramazan ayında həm oruc saxlayaq, həm də axşamlar oturub işləyək ki, kitabı gələcək nəslə yadigar qoyaq. Gələcək nəsil bilsin ki, bu millət ötən əsrlərdə necə olub…

-Təşəkkür edirəm.

-Siz sağ olun ki, məni heç zaman yaddan çıxarmırsınız.
XS
SM
MD
LG