Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:54
.
Xatirə Nurgül


ŞEİRLƏR


SƏNİ MƏN YARATDIM YAĞIŞ ADAM

Xoş gəldin yağış adam
görən təki tanıdim səni
sən də az da olsa tanı məni

mən hər itkifə
bir az daha böyüyən
hər məğlubiyyətdə
bir az daha
qüvvətlənən xanımam

Böyümək aliləşməyə doğru gedir artıq
aliləşməyə doğru...

Hərdən sevmək istəyirəm
sevməyə adam yox dünyada
hərdən dalaşmaq istəyirəm
dalaşmağa heç kim və heç nə yox...

Tək bildiyim unutmaqdı,
bir də dərdini demək
hüzünlü sulara,
bir də yağışda ağlamaq...

Səni də mən yaratdım
yağış adam
göz yaşlarımdan yaratdım
gəlib hesab sorasan,
məni özümə qaytarasan deyə

Məni özümə qaytar yağış adam
mən unutmaq dəlisi,
mən tənhalıq məhkumu
qaytar,qurtar məni yağış adam
özümdən qurtar...


XATIRLAMAQ ÜÇÜN

Nədəndir heç bilmirəm
sağ cibimdən
unudulmuş uşaqlığım çıxır həmişə
yəni günəşə doyunca baxmağı
öyrənən balaca

Hamıdan gizlədiyim
sol cibimdəsə
utancaq qızcığazın
ilk sevgisi var
ilk kədərləri
ilk şeirləri...

Əllərim də doludur xəyallarla,
itkilərlə...
Bir yaz sabahında
öz doğma evimizdə
itirdiyim atamın gözləri
“heç zaman ayrılığa inanma”deyir.
O gündən yadlaşan evimiz
ayrılığa inanmağı öyrədir mənə.

amma nədənsə
indicə sağ əlimlə yazdığım şeir də
“ayrılığa inanma” deyir...
nədənsə...nədənsə...


HÜZÜNLÜ SULAR

Günlər hüzün daşıyır sabaha
saatlar ölümü göstərir yenə

Sonuncu vaqona gecikmiş kimiyəm
perronda durmuşam
əlimdə çemodan

Ya da limandayam
qucağımda bəyaz çiçəklər
gözlədiyim gəminin
gəlməyəcəyini duyuram indidən

Günlər hüzn daşıyır sabaha
saatlar ölümü göstərir

Səhər qəzetlər
yeni faciəni yazacaq
kimsə terrora yozacaq bunu
kimsə uduzacaq həyata
neçəncisə dəfə
Orda uzaqlarda isə
batan gəminin geridə buraxdığı
hüznlü suları
yoxsullar paltarlarıyla bəzəyəcək
qağayılar səsiylə

Günlər hüzn daşıyır
saatlar ölüm


GEDIŞ BILETI

Alnında dağınıq saçların
qolunda qara çanta
əlində gediş bileti
və itirilən bir çox şeylər
səni apardı bu şəhərdən
bu şəhəri məndən

anladım ki, vağzallar
görüş yox ayrılıq yeridir
düşüncələri sərxoş olmayan adamlar üçün
Əsl ağlamaq yeridir
qadınlar üçün

Silib göz yaşlarımı
geri qayıtdım
hamı qayıdırdı
hərəmiz öz içimizdə
yeni şəhərlər tikməyi düşünürdük
...üşüyürüdük.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG