Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:00

Qədim Çin hekayələri


.
I-VI əsrlərin Çin hekayətləri

(Hou Bonun "Təbəssüm doğuran qeydlər" məcmuəsindən)

Seyfəddin Hüseynlinin tərcüməsində


ALT ÇƏNƏ ƏHVALATI

Xusyan əyalətindən olan bir nəfər evdən pul götürüb bazara yollandı. Onu görən bir fırıldaqçı dərhal anladı ki, xusyanlı axmağın biridir. Hərifin sallaq buxağından onun halını tam yəqin eləmişdi. Dərhal da qolundan yapışıb bağırdı:

- Sən nə cürətlə mənim atımın yəhərinin qaşını oğurlamısan? Budu ha, görürəm, ondan özünə alt çənə düzəltdirmisən!..

Bunu deyib, elə vəziyytət yaratdı ki, guya xusyanlını dartıb şəhər idarəsinə aparmaq istəyir. O səfeh də qorxdu, tezcə üstündəki pulları çıxarıb verdi ki, canını qurtarsın.

Evinə əliboş qayıtdı, arvadı üstünə düşüb onu sorğu-suala tutanda hər şeyi olduğu kimi danışdı. Arvadı təəccübqarışıq hiddət bürüdü:

- O yəhərin qaşı deyilən nədir ki, çənə əvəzinə kiminsə işə yarasın?

İdarədə, yəqin ki, hər şeyi aydınlaşdırıb səni buraxardılar. Havayı yerə

"Oxu Zalı"nın oxucularına təqdim olunan bu novellaları çinli söz ustaları hələ dünyanın bir sıra xalqlarının ümumiyyətlə yazılı ədəbiyyatının meydana gəlmədiyi bir dövrdə yaradıblar.

Zahirən çox sadə, adi, bir az da ibtidai təsir bağışlayan bu "qeydlər" əslində qədim Çin insanının özünəməxsus dərin fəlsəfi-bədii təfəkkürünün kiçik, amma tutumlu
daşıyıcısıdır...

Əski Çin nəsrinə xas bir sıra cəhətlərə, məzmun və struktur elementlərinə, ayrı-ayrı süjetlərə yüzillər, hətta min-min beş yüz il sonranın ədəbiyyatında bol-bol rast gəlir, oxuyur, heyrətlənirik...

(ƏTRAFLI OXU)

pulları niyə verdin ona?

- Axmağın biri axmaq! - Kişi hirsləndi. - Bəs, əgər məmur bu işi araşdırmağa başlayanda çənəmə baxmaq üçün onu sındırıb yerindən çıxarmağı əmr eləsəydi, necə olardı? Səndən ötrü o pullar mənim çənəmdən qiymətlidir?..


Səfehlər kəndi

Xusyan əyalətinin Dunzışansun kəndinin sakinlərinin, uşaqdan böyüyə, hamısı səfeh idi. Həmin kənddən olan bir qoca öz oğlunu Çanyandakı bazardan qul almağa yollayanda dedi:

- Eşitdiyimə görə, Çanyanda alverçilər satmaq istədikləri qulu gizlədirlər ki, o, əvvəlcədən duyuq düşməsin. Sən orda əməlli-başlı axtar, yaxşı qul tapıb al.

Oğlan bazarı gəzməyə güzgüsatılan sıradan başladı. Güzgülərdən birində, ucaboy olmasa da, möhkəm bədənli bir nəfər görəndə fikirləşdi ki, yəqin, alverçi orda qul gizlədib. Barmağıyla güzgünü çırtmalayıb dedi:

- Buna neçə istəyirsən?

Alverçi qarşısındakının səfeh olduğunu anlayıb, yaxşıca pul qoparmaq fikrinə düşdü:

- Hərəsində min quruş olan on düyünçə verərsən.

Oğlan həvəslə razılaşdı, deyilən məbləği verdi, sonar da güzgünü qoltuğuna vurub evə üz tutdu. Qapıda onu atası qarşıladı:

- Bəs, qul hanı?

Cavab verdi:

- Qoltuğumda.

- Göstər görüm, babatdırmı?

Ata güzgünü ondan alıb baxdı: qarşısındakının qaşları, bığı dümağ, üzü, gözlərinin altı qırış-qırış... Cin vurdu beyninə:

- Heç belə kaftara da on min quruş verərlər?

Çəliyini yelləyib oğlunu vurmaq istəyəndə o, qorxudan qışqırdı. Səsə ana, yanında da qızı, yüyürüb gəldi:

- Qoy bir mən də baxım.

Baxan kimi başladı ərini yamanlamağa:

- Axmaq qoca! Oğlun vur-tut on düyünçəyə, analı-balalı, iki qulluqçu alıb, sənsə hələ narazısan, deyirsən bahadır?!

Qoca sevinib, oğlunu yamanlamaqdan, döyməkdən vaz keçdi. Amma qullar nədənsə heç ortaya çıxmırdılar. Qocayla arvadı qərara gəldilər ki, öyrənib görsünlər, qulların dərdi nədir, niyə güzgüdən aralanmaq istəmirlər.

Qonşuluqda falçı arvad yaşayırdı. Kənddə hamının məsləhət yeriydi. Qoca da onun yanına yollandı. Falçı işdən hali olub dedi:

- Sən də, arvadın da əcinnələri incitmisiniz, ruhları sevindirməmisiniz.

Ömrünüz boyu xeyirxah iş görməmisiniz, ona görə də qullarınız üzə çıxmaq istəmirlər. Uğurlu bir gün seçin, bol yemək hazırlayıb ziyafət verin, qullardan üzə çıxmalarını təvəqqe edin!

Onlar yaxşıca yemək-içmək düzəldib falçı arvadı da çağırdılar.

Falçının məsləhətilə güzgünü qapıdan asıb, oxuyub-oynamağa başladılar.

Bütün kənd yığıldı. Hamı bir-bir xəlvətcə güzgüyə baxıb söylənirdi:

"Bəxtləri gətirib, gör nə yaxşı qul alıblar…"

Axırda döşəmənin titrəməsindən güzgü düşüb iki yerə bölündü. Falçı güzgü qırıqlarına baxıb onların hər birində öz əksini görəndə sevincək qışqırdı:

- Ruhlar duaları eşidiblər, hələ sizə ənam da göndəriblər. Baxın, bir qul əvəzinə, iki qulluqçu!..

Sonra da oxumağa başladı:

Sevinin! Dualar ruhlara yetdi,
Çəpik çalın, ruhlar bizi eşitdi.
Bunlar bir qul üçün pul saymışdılar,
Evdə indi bir cüt qulluqçu da var!


VII-X əsrlərin hekayələri


Li FUYAN

Qabaqcadan bilinən evlilik


Dulinli Vey Qu körpəlikdən yetim qalmışdı. Yetkin yaşa dolan kimi evlənmək fikrinə düşdü, amma uzun müddət münasib bir adaxlı tapa bilmədi. "Çjen-quan" adıyla məşhurlaşan sülalə hakimiyyətinin ikinci ilində o, Sinxeyə gedəsi oldu, yolda Sunçenin güneyindəki yeməkxanaya düşdü. Həmsöhbətlərindən biri dedi ki, Sıma Panfan adlı keçmiş məmurun ərgən qızı var, əgər Qunun marağı varsa, yeməkxananın günbatan səmtindəki Lunsin məbədinə gedib, özü bu haqda bir xəbər bilsin.

Qu çoxdan evlənmək arzusundaydı. Elə ertəsi gün, hələ Ay batmamış, məbədə üz tutdu. Məbədin pilləkənlərində xurcunlu bir qoca oturub Ay işığında əlindəki qatlama kağızdan nəsə oxuyurdu. Qu ona yaxınlaşdı, kağıza boylansa da, orda yazılanı oxuya bilmədi.

- Bu nə kitabdır belə? - nəzakətlə soruşdu. - Mən yeniyetməliyimdən yazı-pozuyla məşğulam, qərb ölkələrində işlənən hər cür əlifbanı, Sanskrit hərflərini də yaxşı bilirəm, amma bu sizin kitabdakı yazıya bənzərini heç görməmişəm.

- Əlbəttə, sən beləsini görə bilməzsən, - qoca gülümsədi, - çünki bu
dünyada belə bir kitab tapmaq olmaz.

- Nə kitabdır, axı bu? - Qu soruşdu.

- Cəhənnəm kitabı, - cavab belə oldu.

- Bu necə ola bilər ki, siz - cəhənnəm adamı birdən bu dünyada peyda olasınız?

- Sən evdən çox erkən çıxdığına görə mənə rast gəldin. İnsanların taleyinə hakim olandan bəri cəhənnəmin elçiləri öz mülklərində baş verənləri öyrənməyə borcludurlar. Axı, yolların yarısı insanların, yarısı kölgələrindir, amma çoxları bunu bilmir.

- Siz hansı işlərə baxırsınız?

- Bu dünyada olan bütün evliliklərə.

Qu sevinib dedi:

- Mən uşaqlıqdan yetim qalmışam. Erkən evlənmək istəyirdim ki, böyük ailəm olsun. Amma budur, 10 ildən artıqdır ki, əbəs yerə qız axtarışındayam. Bu səhər buralarda bir nəfərlə görüşüb, Sıma Panfanın qızı haqda danışmalıydım ki, öyrənim, görüm o qız mənə gələrmi?

- Yox! Sənin gələcək arvadının hələ üçcə yaşı var. O, 17 yaşı tamam
olanda sənin evinə gəlin gələcək.

Bu məqamda Qu qocadan xurcununda nə olduğunu xəbər aldı.

- Orda qırmızı kəndirlər var, onlarla mən qismətinə ər-arvad olmaq yazılanların ayaqlarını bağlayıram. Mən bu kəndirlərlə kimi bir-birinə bənd eləsəm, lap ailələrinin arasında dövri-qədimdən ədavət də olsa, onlar gec-tez evlənirlər. Heç bir qəzavü-qədər, aradakı məsafə mənim adaxladığım adamları bir-birindən ayıra bilməz. Sənin ayaqların həmin o dediyim qıza bağlanıb, odur ki, başqası üçün nə qədər çalışıb-çabalasan da, xeyri olmayacaq.

- Mənim gələcək arvadım indi hardadır, hansı ailədəndir?

- Sənin dayandığın həmin o yeməkxanadan quzey tərəfdə yaşayırlar,
tərəvəzsatan arvadın qızıdır sənin adaxlın.

- Onu görə bilərəm?

- Anası həmişə qızını özüylə bazara aparır. Dalımca gəl, göstərim.

İşıqlaşanda qoca kağızını qatladı, xurcununu götürüb yola düşdü, Qu da onun dalınca. Bazara girəndə qucağında qız uşağı tutmuş bir qadın gördülər, uşağın 3 yaşı olardı. Qadının görkəmi ikrah doğururdu, özü də taygöz idi. Uşaq isə lap çirkin görünürdü. Qoca dilləndi:

- Bax, o balaca qızdır sənin adaxlın.

- Mən onu öldürəcəm! - Qu hirsindən qışqırdı.

- Sənin bütün cəhdlərin hədər gedəcək. O qızın taleyinə gələcəkdə
oğlunun sayəsində çox hörmətli bir qadın olmaq yazılıb.

Qoca bu sözləri deyib yoxa çıxdı.

Qu xeyli düşünəndən sonra bir bıçağı yaxşıca itilədi, onu yanındakı nökərinə verib dedi:

- Sən mənə həmişə sədaqətlə xidmət eləmisən. İndi bax, o qızı öldür, sənə on min quruş verim.

- Yaxşı, - nökər razılaşdı.

Ertəsi gün nökər bıçağı paltarının qolunda gizlədib, həmin qadının tərəvəz satdığı yerə yollandı. Qızı bıçaqla vurdu, ara qarışan kimi də qaçıb uzaqlaşdı.

- Öldürdün onu? - qayıdanda Qu nökərindən xəbər aldı.

- Hə, ağa. Düzü, mən ürəyinə tuşlamışdım, amma bıçaq alnına batdı.

Qu özünə gəlin tapmaq üçün 14 ildən artıq boş-boşuna gəzib dolaşdı. Sonra onu, atasının qüsursuz xidmətləri xatirinə, Syançjounun valisi Van Tayın məhkəmə işləri üzrə köməkçisi təyin etdilər. Qu vəzifəsinin öhdəsindən o qədər yaxşı gəldi ki, Van Tay özünün 17 yaşlı gözəl qızını ona ərə verdi. Arvadından çox razıydı, ancaq gəlinin həmişə alnını örtməsi, yatanda da, yuyunanda da açmaması Quya qəribə gəlirdi. Toydan bir il keçmiş olardı, günlərin birində Qu dözməyib, arvadından alnını örtüb gizlətməsinin səbəbini soruşdu. Gəlin qəmli-qəmli cavab verdi:

- Mən valinin öz qızı deyiləm, bacısı qızıyam. Atam ömrünün axırınacan Sunçendə hakim işləyib. Onda mən körpəymişəm. Atamdan sonar anamla qardaşım da ölüblər. Dayəmin mənə yazığı gəlib, öz himayəsinə götürüb. Onun atamdan qalan bir qarış torpaqda tərəvəz becərib satmaqdan başqa dolanışıq yolu yoxdu. Hardasa üç yaşım olanda bazarda başıxarabın biri nəyə görəsə məni bıçaqla vurub, elə o vaxtdan da alnımda çapıq yeri qalıb. O vaxtdan həmişə alnımı gizlədirəm, cürbəcür bər-bəzək taxıram ki, çapıq yeri görünməsin. Elə oldu ki, yeddi-səkkiz il bundan əvvəl dayım məni
tapıb qızlığa götürdü, sonra da sənə ərə verdi.

- Sənin dayənin bir gözü kordumu? - Qu soruşdu.

- Hə. Bunu sən hardan bilirsən?

Qu hər şeyi açıb danışdı...

Bundan sonra ər-arvad mehriban yaşadılar, bir-biriylə hörmətlə, məhəbbətlə davrandılar. Onların bir oğlu oldu, adını Kun qoydular. Zaman keçdi, Kun böyüyüb İnmenin hakimi oldu. Oğlunun qazandığı yüksək mövqeyə görə, ənənə üzrə, anası böyük ehtiram qazandı, qadına fəxri ad verildi.

Bu əhvalatı eşidən Sunçen hakimi bir vaxtlar Vey Qunun adaxlı axtaranda düşdüyü yeməkxanaya "Qabaqcadan bilinən evlilik" adı verib, əmr elədi ki, bu sözləri giriş qapısının üstünə yazsınlar.


Xuanfu Şİ

Paytaxtlı alimin sərgüzəşti

Paytaxtda yaşayan bir neçə alimin toplaşdığı məclisdə insan xarakterinin qəribəliklərindən söhbət düşdü; bəzi adamlar qətiyyətlidirlər, cəsurdurlar, bəziləri isə qorxaq və zəifdirlər, çünki hərənin özünəməxsus xarakteri var. Cəsarətli adamlar heç nədən qorxub-çəkinmirlər, onlar əsl kişidirlər.

Alimlərdən biri lovğa-lovğa dilləndi ki, əgər igidlikdən danışırsınızsa, deməli, söhbət məhz məndən gedir.

Məclisdəkilər gülüşdü:

- Buna inanmaq üçün əvvəlcə sizi sınamalıyıq.

- Mənim bir qohumumun evinə, - bir nəfər dilləndi, - şər qüvvə dadanıb, buna görə də heç kəs orada yaşamaq istəmir. Əgər qorxmadan bir gecəni orada keçirə bilsəniz, biz sizin şərəfinizə ayrıca ziyafət verərik.

- Mütləq! Elə günü sabah ora yollanacam.

Yemək-içmək, şam-çıraq tədarük edildi, alimlər igidlikdən dəm vuranı həmin boş qalmış evə ötürməyə yollandılar.

- Sizə başqa da nəsə lazımdır? - ondan soruşdular.

- Məndən ötrü narahat olmayın. Mənim bir bahalı qılıncım var, etibarlı
silahdır.

Gecə düşürdü. Evdə qalmalı olan alim eşşəyini həyətdəki tikiliyə salıb bağlayanda yoldaşları və xidmətçilər çıxıb getdilər. O, evə girib yataq otağına keçdi, amma uzanıb yatmağa ürək eləmədi. Şamları, çırağı söndürdü, ürəyi çırpına-çırpına, qılıncından ikiəlli yapışıb oturdu.

...Ay doğdu, ziyası pəncərədən içəri düşdü, otaq işıqlandı. Birdən onun gözünə rəfdə, qanadlarını açmış quşa oxşayan, qəribə bir şey sataşdı.

Qorxudan dik sıçradı, qılıncını qaldırıb o qəribə şeyin üstünə endirdi.

Taqqıltı eşidildi, yerə nəsə düşdü, sükut çökdü. Alimin elə qorxmuşdu, az qala bağrı yarılacaqdı, qayıdıb baxmadı da ki, görsün, yerə düşən nə idi.

Qılıncın dəstəyini sinəsinə sıxıb, müqəvva kimi oturdu.

Birdən addım səsləri eşitdi: kimsə pilləkənlə qalxıb qapını itələdi. Qapı açılmadı. Gələn hər kimdisə, başını it oyuğundan içəri soxub, xırıltıyla nəfəs almağa başladı. Alimi uçunma tutdu, qılıncını var gücülə it oyuğuna çırpdı və müvazinətini itirib yıxıldı. Əlindən düşən qılıncını tapıb götürməyə cürəti çatmadı. Onu dəhşət bürüdü: bəs, birdən o bədheybət otağa soxulsa, onda necə?! Alim sürünüb çarpayının altına girdi, cıqqırını çıxarmağa da ürək eləmədən, bir küncdə büzüşüb qaldı. Tamam əldən-dildən düşmüşdü. Çox keçmədən onu yuxu apardı, ta sübhə qədər qımıldanmadan yatdı.
Səhər alimin yoldaşları gəldilər. Yataq otağına girəndə nə görsələr yaxşıdır: it oyuğu al qana qərq olub. Təşvişə düşüb hay saldılar. O, səs-küyə ayılıb çarpayının altından çıxdı. Bütün bədəni titrəyirdi. Gələnlərə özünün bədheybətlə gecəki vuruşundan dili topuq vura-vura danışdı. Yoldaşları bu işə mat qaldılar. Evi axtaranda divarın dibində, döşəmənin üstündə cırılmış həsir şlyapa gördülər. Sən demə, gecə evdəki alim onu quş zənn edibmiş. Şlyapa köhnəydi, külək-yağış döydüyündən cırılıb sökülmüşdü deyə, həqiqətən də bir azca quşu xatırladırdı.

İt oyuğunun yanında bir qılınc vardı. Alimlər qan iziylə gedib, yaralı eşşəyə rast gəldilər: üst dodağı çapılmış, dişləri qırılıb tökülmüşdü, ağzından qan axırdı. Sən demə, mıxdan açılan eşşək gəlib başını it oyuğuna soxanda yiyəsi onu qılınc zərbəsinə "qonaq eləyib".

Yoldaşları qəşş eləyənə qədər güldülər, sonra da dağılışıb getdilər. “Cəsur” alim isə bərk qorxu çəkdiyindən xəstələndi, on gündən sonra güclə yataqdan qalxa bildi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG